EN

İdmançılarımız Serbiyada qızıl və bürünc medal qazandılar - FOTO

Azərbaycanın yeniyetmə badmintonçuları 27 ölkənin təmsil olunduğu “Serbian Youth International – Novi Sad 2025” beynəlxalq turnirində qızıl və bürünc medal qazanıblar.

Federasiyadan Bizim.Media-ya bildirilib ki, 13 yaşadək yeniyetmə oğlanların şəxsi yarışında “G” qrupunda mübarizə aparan Ömər Mehdi Türkiyə və Macarıstandan olan rəqiblərinə qalib gələrək pley-offa yüksəlib. Bu mərhələdə Türkiyə, Rumıniya və Bolqarıstanı təmsil edən badmintonçuları məğlub edən Ömər Mehdi turnirin qızıl medalını qazanıb.

15 yaşadək badmintonçuların qarışıq qoşa yarışında Fərəc Kərimli – Aysel Kazımova tandemi bürünc medal qazanıb. Yeniyetmə badmintonçularımız yarımfinal mərhələsinə kimi İsrail, Serbiya və Türkiyəni təmsil edən rəqiblərinə qalib gəliblər. Fərəc Kərimli və Aysel Kazımova finala yüksəlmək uğrunda keçirilən görüşdə Macarıstan badmintonçularına uduzublar. Eyni kateqoriyada yarışan Ömər Teymurlu-Qəndab Niftalızadə qoşası 1/4 finala kimi irəliləsə də, medalın bir addımlığında Türkiyə badmintonçularına məğlub olub.

13 yaşadək qız badmintonçuların qoşa kateqoriyasında Dəniz Əhmədli-Fatimə İsmayılova yarımfinal uğrunda keçirilən qarşılaşmada serb rəqiblərinə uduzub.

Serbiyanın Novi-Sad şəhərində keçirilən beynəlxalq turnirdə 27 ölkədən 255 badmintonçu 5 kateqoriya üzrə mübarizə aparıb.

Qeyd edək ki, yeniyetmə badmintonçularımız hər il Novi-Sad şəhərində keçirilən “Serbian Youth International” turnirində mütəmadi olaraq iştirak edir.







Bizim.Media

Chosen
21
13
bizim.media

10Sources