EN

"Ukraynanın müqavimət strategiyası: yeni silahlar, yeni yanaşmalar" - general Sırski

"Müdafiə, hücum və texnoloji inkişaf paralel aparılır..."
 
Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı general Aleksandr Sırski ölkənin Rusiya ilə uzunmüddətli müharibəyə necə hazırlaşdığını, ordunun hansı istiqamətlərdə yeniləndiyini və qarşıda duran əsas prioritetləri açıqlayıb.
 
Moderator.az xəbər verir ki, bu barədə o, jurnalistlərlə görüşündə bəyan edib. Məlumatı "24tv.ua" nəşri yayıb.
 
Generalın sözlərinə görə, Rusiya "kütlə ilə" Ukraynanı tükətmək strategiyasını davam etdirir və bu, həm texnologiya, həm də canlı qüvvə səviyyəsində ciddi cavab tələb edir.
 
Dronlara qarşı dronlar
 
Sırski bildirir ki, İrana məxsus "Shahed" tipli kamikadze dronlarının qarşısını almaqda mobil atəş qrupları əsas rol oynayır. Bu qrupların effektivliyi artıq 40 faizə çatıb. Əlavə olaraq, Qərb tərəfdaşlarının maliyyə dəstəyi ilə yüngül motorlu aviasiya inkişaf etdirilir. Bu tip təyyarələr daha müasir silah və naviqasiya sistemləri ilə təchiz olunur. Ukrayna həmçinin hərbi helikopterlərin imkanlarını artırmaq üçün Kanada ilə əməkdaşlıq edir.
 
Mütərəqqi və qanuni şəkildə aparılan səfərbərlik
 
General Sırski Rusiya ordusunun sayca üstünlüyünə diqqət çəkərək bildirib ki, təqribən 700 minlik işğalçı qüvvə və əlavə 120 minlik strateji ehtiyatlar Ukraynanın qarşısındadır. Odur ki, səfərbərlik davam etməlidir. Amma bu proses insanların etimadını qazanmalı, şəffaf və qanun çərçivəsində həyata keçirilməlidir. Səfərbərlik mərkəzlərində yoxlamalar aparılır, məqsəd isə yaralıların əvəz olunması və pozuntuların qarşısının alınmasıdır. "Məzuniyyətlə döyüşdən yayınanlar deyil, həqiqətən ehtiyacı olanlar cəbhədən çıxarılmalıdır", - o, bildirib.
 
Dron istehsalında yeni mərhələ: Ukrayna geridə deyil
 
Rusiya hazırda optik liflə idarə olunan dronların istehsalında qabaqdadır, lakin Ukrayna bu sahədə onu artıq sürətlə yaxalayır. Sırski qeyd edir ki, artıq bəzi Ukrayna şirkətləri 20 kilometrlik liflə işləyən dronlar istehsal edir. Bu cür dronlar radioelektron mübarizəyə qarşı daha dayanıqlıdır. "Gələcəyin ordusu texnologiya üzərində qurulmalıdır. Əsgər qalacaq, amma onun funksiyası minimuma enəcək", - o,  bildirib.
 
Yalnız müdafiə ilə kifayətlənmək olmaz, hücumlar davam edir
 
Ukrayna Silahlı Qüvvələri passiv müdafiədə qalmaq niyyətində deyil. Sırski bildirir ki, yalnız müdafiə taktikasına əsaslanmaq insan və ərazi itkilərinə gətirib çıxarır. Hazırda Ukrayna həm müdafiə, həm də hücum əməliyyatlarını eyni anda həyata keçirir. Hücum briqadaları genişləndirilir və xüsusilə kritik cəbhə bölgələrində fəaliyyət göstərir. Sırski Sumski bölgəsindəki uğurları nümunə göstərərək əlavə edir ki, işğalçıların irəliləməsi 7 kilometrdən artıq məsafədə dayandırılıb.
 
Ukrayna döyüş meydanında təkcə əsgərləri ilə deyil, həm də texnologiya, strateji planlama və cəmiyyətin dəstəyi ilə mübarizə aparır. General Sırskiyə görə, qarşıdakı aylar həm səfərbərlik, həm də yeni hərbi texnologiyaların tətbiqi baxımından həlledici olacaq. Məqsəd yalnız müqavimət göstərmək deyil, həm də işğalçıya qarşı təşəbbüsü ələ almaqdır.
Chosen
109
10
moderator.az

10Sources