EN

Məlum dəstə üzvləri 1992-93-cü illərdə də Naxçıvanın muxtariyyatını ləğv etmək çağırışı edirdilər...


Naxçıvanın muxtar statusunun ləğv edilməsinə çağırış edənlər ötən əsrin 92-93-cü illərini yadıma salır. O zaman AXC hökumətində məsul vəzifə tutan bəzi şəxslər(?) də Naxçıvanın muxtariyyatını ortadan qaldırmağa açıq çağırışlar edirdilər.

Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.

A.Quliyev daha sonra yazır:

Onlar bunu o zaman Naxçıvan Ali Məclisinin sədri postunu tutan və Azərbaycanda hakimiyyətə ən güclü alternativ sayılan Heydər Əliyevə görə edirdilər. Elə bilirdilər ki, muxtariyyat ləğv olunan kimi Heydər Əliyevi siyasət səhnəsindən çıxara biləcəklər. Belələrinin gözü o qədər tutulmuşdu ki, Məclis sədrliyinin Heydər Əliyevə yox, Heydər Əliyevin məclis sədrliyinə güc-qüvvət və sambal verdiyini anlaya bilmirdilər. Anlamırdılar ki, əvvəla Naxçıvanın muxtariyyatı 1-2 nəfər "siyasət öyrəncisinin" çağırışı ilə ləğv olunacaq məsələ deyil, ikincisi, hətta muxtariyyat statusunun o zaman ləğvinin mümkünlüyünü nəzəri olaraq təsəvvür etsək belə, Naxçıvan camaatı Heydər Əliyevin yenə də hakimiyyətə gəlişini dəstəkləyəcəkdi. O zaman Naxçıvanın muxtariyyatının ləğvi Heydər Əliyevə görə gündəmə gəlmişdi...

Bəs üstündən 33 il keçəndən sonra indiki "likvidatorlar" Naxçıvanın muxtariyyatını kimə və nəyə görə hədəfləyirlər?!..

Naxçıvanın muxtariyyatını ləğv etməyə çağıranlar məncə ilk növbədə Azərbaycan- Türkiyə münasibətlərini hədəfə alıblar. Axı muxtariyyatın ilk hüquqi mənbəyi Qars müqaviləsidir ki, onun da altında Türkiyənin də imzası var, Türkiyə muxtariyyatın qarantlarından biridir. Türkiyə ilə Azərbaycanın yeganə quru sərhədi olan 11 kilometr sahə məhz Naxçıvanın muxtar statusu sayəsində gerçək ola bilib, Naxçıvanın muxtar statusu olmasaydı, Sədərəkdəki həmin 11 kilometrlik birgə sərhədi yaratmağa heç bir əsas olmazdı. Rəhmətlik Atatürk bu 11 kilometr sərhədin xatirinə xeyli pul ödəməli olmuşdu, daha doğrusu onu satın alıb. Naxçıvanın muxtariyyatına əsas qarant ölkə kimi Naxçıvanla birbaşa bağlılıq olsun deyə...

İndi Türkiyə Naxçıvanın muxtariyyatının ləğvini rahat şəkildə qəbul edərmi? Məncə, yox...

Naxçıvanın muxtar statusunun ləğvi çağırışları anlaşılmaz və yolverilməzdir. Bu ilk növbədə Naxçıvanın təhlükəsizlik məsələsidir, sonra Türkiyə-Azərbaycan qardaşlıq məsələsidir, üçüncü, Heydər Əliyevin siyasi irsinə hörmət məsələsidir. Heydər Əliyevin "Naxçıvanın muxtar statusu unikal məsələdir və ləğv oluna bilməz" sözlərinin altını cızaraq "likvidatorlara" xatırlatmaq istəyirəm.

Naxçıvanın muxtariyyatını əsla ləğv etmək yox, onun muxtar statusuna sonradan müəyyən siyasi hədəflərlə bağlı əlavə edilmiş "dövlət" sözünü ləğv etmək barədə düşünmək lazımdır.

Naxçıvanın dəyişməz muxtar statusu onun heç də "muxtar dövlət" olması anlamına gəlməyə əsas verə bilməz. Dövlət içində 2-ci dövlət olmaz...

İndiki "likvidatorların" bu amili nəzərə alıb-almadıqlarını soruşmaq lazımdır.

Tahir TAĞIYEV

Chosen
20
baki-xeber.com

1Sources