EN

Rassel Krou Nürnberq prosesi ilə bağlı filmdə Herman Görinq rolunu oynayacaq

Avstraliyalı tanınmış aktyor, 2000-ci ildə çəkilmiş "Qladiator" filmindəki roluna görə "Oskar" mükafatı qazanan Rassel Krou növbəti böyük ekran işində nasist Almaniyasının ən yüksək rütbəli simalarından olan Herman Görinq obrazını canlandıracaq. SİA Almaniyanın "Bild" qəzetinə istinadla xəbər verir ki, aktyor ABŞ-ın "Sony Classic Pictures" studiyası tərəfindən çəkilən "Nürnberq" adlı bədii filmdə rol alacaq. Film İkinci Dünya müharibəsindən sonra keçirilmiş Nürnberq prosesinin 80-ci ildönümünə həsr olunub.

Şirkət ötən əsrin ən böyük məhkəmə prosesi hesab olunan Nürnberq hərbi tribunalının 80 illiyi münasibətilə həmin tarixi hadisənin ekranlaşdırılmasını qərara alıb. Film ABŞ yazıçısı Cek El-Hayın 2013-cü ildə çap olunmuş “Nasist və psixiatr” adlı kitabına əsaslanır. Əsərdə amerikalı hərbi psixiatr, gənc həkim Duqlas Kelli (bu rolu “Bohemian Rhapsody” filmindəki çıxışı ilə “Oskar” mükafatı qazanmış Rami Malek canlandıracaq) ilə Herman Görinq (R.Krou) arasındakı qarşılaşma təsvir olunur. Birinci Dünya müharibəsində qəhrəman pilot kimi tanınan H.Görinq nasist Almaniyasında Hərbi Hava Qüvvələrinin baş komandanı və Hitlerə yaxın ikinci şəxsə çevrilmişdi. D.Kelli 1945-ci ildə aylarla onu dindirmək və psixoloji təhlil aparmaq imkanı əldə etmişdi. Bu müddətdə əsas nasist liderlərinə qarşı müharibə cinayətləri üzrə məhkəmə prosesi hazırlanırdı. H.Görinq 1946-cı ildə edama məhkum olunmuş, lakin cəzanın icrasından əvvəl intihar etmişdi.

Tarixi mövzularda ekran əsərlərinin müəllifi kimi tanınmış Ceyms Venderbiltin rejissoru olduğu filmin çəkilişləri əsasən Praqada və Nürnberqdə orijinal məkanlarda aparılıb. Filmin ABŞ-da 2025-ci ilin noyabrında nümayiş olunması planlaşdırılır.

Chosen
5
3
sia.az

4Sources