EN

Şirvanşahlar Kompleksi cavab verdi: Türbə ətrafında qeyri-etik rəqs edən olmayıb

BAKI, 23 iyun. TELEQRAf

Şirvanşahlar Kompleksinin yuxarı hissəsində yerləşən Seyid Yəhya Bakuvi türbəsi ətrafında konsert proqramının təşkil olunması sosial mediada tənqid edilib.

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin mətbuat katibi Səfayə Əhmədova Teleqraf-a açıqlamasında məsələyə aydınlıq gətirib.

O, qeyd edib ki, Bakuvi türbəsi ətrafında keçirilən musiqi proqramı ilə bağlı səslənən fikirləri anlayışla qarşılayırıq:

"Tarixi məkanlara olan həssaslıq bizim üçün hər zaman önəmlidir. Eyni zamanda, bu abidələrin mədəni həyatın bir parçası olaraq yaşadılması və tanıdılması da vacibdir. Xüsusən də gənc nəsilə. Sözügedən tədbir zamanı heç bir yüksək səsləndirici avadanlıqdan istifadə olunmayıb, qeyri-etik rəqs və ya davranış nümayiş etdirilməyib. Proqram sakit, estetik və mədəni şəkildə təqdim olunub.

Şirvanşahlar Sarayı Kompleksi və ümumilikdə İçərişəhər bu kimi mədəni layihələrə dəfələrlə ev sahibliyi edib. Gələcəkdə də bu cür layihələrin həyata keçirilməsi zamanı ictimai rəylər və həssaslıqlar diqqətlə nəzərə alınacaq. İçərişəhərdə keçirilən tədbirlərə göstərdiyiniz diqqət və münasibətə görə təşəkkürümüzü bildiririk".

Qeyd edək ki, ötən gün Seyid Yəhya Bakuvi türbəsi ətrafında konsert proqramı sosial şəbəkələrdə tənqidlərə səbəb olub.

Çıxışçının yarımçılpaq vəziyyəti Seyid Yəhya Bakuvi məqbərəsinə hörmətsizlik kimi vurğulanıb.

Chosen
12
teleqraf.com

1Sources