EN

Məşhur bankdan neft üçün rekord proqnoz

ABŞ-ın həftəsonu İranın nüvə obyektlərinə hava zərbələri endirməsinin ardından neft qiymətləri artım tendensiyasına daxil olub. "Brent" markalı xam neftin bir barelinin qiyməti 1,14 faiz bahalaşaraq hazırda 76,78 ABŞ dollarından alıcı tapır. Hərəkətliliyin ardından "Goldman Sachs" bankı, neftin qiymətinin 110 dollaradək yüksələ biləcəyi barədə xəbərdarlıq edib. Cümə günü 76,11 dollara qədər yüksələn "Brent" nefti ticarət gününü 75,91 dollardan tamamlayıb.

Valyuta.az xəbər verir ki, bu gün saat 09:30-a olan məlumata əsasən, "Brent" markalı neftin qiyməti əvvəlki bağlanışla müqayisədə 1,14 faiz artaraq 76,78 dollar təşkil edib. Eyni saatda "Qərbi Texas" (WTI) neftinin bir bareli isə 74,70 dollardan satılıb.

Qiymət artımına ABŞ-ın İranın Fordo, Natanz və İsfahan şəhərlərində yerləşən üç nüvə obyektinə hava hücumu təşkil etməsi səbəbilə təchizatla bağlı yaranan narahatlıqlar təsir göstərib. Sözgedən hava hücumundan sonra son beş ayın ən yüksək səviyyəsinə çatan neft qiymətləri həftənin ilk ticarət günündə də yüksəlişini davam etdirir.

ABŞ prezidenti Donald Tramp İranın əsas nüvə zənginləşdirmə obyektlərinin tamamilə məhv edildiyini və Tehranın sülhə gəlməyə məcbur olduğunu bildirib. Əks halda, növbəti hücumların daha sərt olacağını deyib.

Bu hadisələr bölgədəki neft təchizatında mümkün fasilələrlə bağlı narahatlığı artıraraq, qlobal enerji ticarəti baxımından strateji əhəmiyyətə malik olan Hürmüz boğazında mümkün kəsintələrlə bağlı riskləri yenidən gündəmə gətirib.

İran parlamentinin milli təhlükəsizlik komissiyasının üzvü İsmayıl Kevsəri bildirib ki, parlament Hürmüz boğazının bağlanmalı olduğu qənaətinə gəlib, lakin son qərar Milli Təhlükəsizlik Ali Şurasına aiddir.

Digər tərəfdən, ABŞ dövlət katibi Marko Rubio da bildirib ki, İranın Hürmüz boğazını bağlama ehtimalı ABŞ və Çin də daxil olmaqla bütün dünyanı təsirləndirə bilər. Rubio, bunun hazırda onlar üçün təcili məsələ olmadığını, lakin baş verəcəyi halda ilk reaksiya göstərməli tərəfin Çin olacağını qeyd edib. O bildirib ki, Çin neftinin əhəmiyyətli hissəsi bu boğazdan keçir: "Bu, Çin üçün böyük bədəlli bir vəziyyət olar. Dünya ölkələri üçün də eyni. ABŞ-a da təsiri olar, lakin qalan dünya üzərində daha böyük təsiri olar. Bu addım, İran üçün intihar olar, çünki hesab edirəm ki, belə olarsa, bütün dünya onlara qarşı hərəkətə keçər".

ABŞ-ın hücumuna baxmayaraq, Hürmüz boğazında gəmilərin hərəkəti davam edir. Hürmüz boğazı Orta Şərqdə istehsal olunan neft və maye təbii qazın (LNG) Oman dənizi və Hind okeanı vasitəsilə dünya bazarlarına daşınmasını təmin edir.

Dəniz yolu ilə daşınan xam neftin təxminən üçdə birinə ev sahibliyi edən bu strateji keçid, xüsusilə Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin xam neft və kondensat ixracında həlledici rol oynayır.

Gündəlik təxminən 20 milyon barel neft və neft məhsulları bu boğaz vasitəsilə əsasən Çin olmaqla Asiya bazarlarına çatdırılır. Qlobal LNG ticarətinin isə 20 faizi Hürmüz boğazından keçir.

"Brent" neftinin texniki göstəricilərinə əsasən, 79,27 dollar müqavimət, 68,85 dollar isə dəstək səviyyəsi kimi izlənir. Hürmüz boğazının bağlanması halında neft qiymətlərinin 90-130 dollar arasında dəyişə biləcəyi proqnozlaşdırılır.

"Goldman Sachs" bankı bildirib ki, Orta Şərqdə gərginliyin artması qlobal enerji təchizatında ciddi risklər yarada bilər. Bankın proqnozuna görə, əgər Hürmüz boğazından neft axını bir ay müddətinə dayandırılarsa, "Brent" markalı neftin bir barelinin qiyməti qısa müddətdə 110 dollara çata bilər. 2025-ci ilin dördüncü rübündə isə orta qiymət 95 dollar səviyyəsində ola bilər.

Bu xəbərdarlıq, ABŞ və İsrailin birgə həyata keçirdiyi İranın nüvə obyektlərinə hava hücumlarının, neft qiymətlərini yanvar ayından bəri ən yüksək səviyyəyə çatdırmasından sonra gəlib. "Goldman", "Polymarket"in İranın 2025-ci ildə bu strateji su yolunu bağlama ehtimalını 52 faiz göstərən məlumatlarına istinad edib.

Banka görə, İranın neft ixracında gündəlik 1,75 milyon barel azalma, "Brent"i 90 dollara qədər yüksəldə bilər və qiymətlərin necə dəyişəcəyi, təchizatın nə qədər tez bərpa olunacağından asılı olacaq.

"Goldman Sachs" həmçinin Avropada qaz qiymətlərinin yüksələcəyini, TTF göstəricisinin 74 avro/MWh səviyyəsinə yaxınlaşacağını, ABŞ-da isə qaz qiymətlərinin sabit qalacağını proqnozlaşdırır.

Paşa Məmmədli

Chosen
13
valyuta.az

1Sources