EN

Aytəkin Mehmanqızının «Müdriklik xəzinəsi»

 

Aytəkin  Mehmanqızının «Müdriklik xəzinəsi»

 

     Həyat özü  elə böyük məktədir

     Ən gözəl dərsləri o keçəcəkdir.

Bu sətirlərin müəllifi Aytəkin Mehmanqızıdır. Günlərin bir günü, Akademiya bağındakı kitab sərgisində yaxınlaşdı mənə, nəfis şəkildə çap olunan «Müdriklik xəzinəsi» adlı şeirlər kitabını təqdim etdi. İlk dəfə gördüyüm bu xanımın şeir yazdığını  bilmirdim (onsuz da bu gün şeir yazan qadınların sayı getdikcə çoxalır). Həm də bu kitaba «Müdriklik xəzinəsi» adının verilməyi də məni təəcübləndirmədi. Hər hansı bir şeir kitabının adı şərtidir. 

 Başladım kitabı vərəqləməyə. Kitaba ön sözü yaxşı tanıdığım, filologiya üzrə fəlsəfə doktoru Tariyel Abbaslı yazıb. Həm də bu kitabın redaktorudur. Onun ön sözündə müəllifin ünvanına xeyli təriflər var. Bunların bir qismi ilə mən də razıyam.  

 Müəllifin kimliyi ilə maraqlandım, kitabın lap arxa hissəsində onun şəkli və haqqında məlumatla tanış oldum. Özgəsi deyil, o da elə mənim kimi BDU-nun filologiya fakültəsini bitirib. Müəllif özü haqqında yazır ki: «Əslən Şuşadan olan  Mehman adlı ziyalı bir şəxsin  ailəsində anadan olmuşam. Uşaq ikən evimizin  qonaqları şairlər, rəssamlar, bir sözlə, ziyalılar, elm və incəsənət xadimləri olmuşlar». Əlbəttə, belə bir mühitdə yaşayan qız uşağında şeirə, sənətə məhəbbət yaranmaya bilməzdi.

 Və Aytəkin Mehmanqızı başlayır şeir yazmağa. Hər bir şeir  yazmağa başlayanın  bir Ustadı olur və onun təsiri get-gedə özünü göstərir. Aytəkin də dahi Nizami Gəncəvinin poeziyasından, onun ayrı-ayrı poemalarındakı müdrik kəlamlardan təsirlənib, bu təsir onun şeir yolunu müəyyənləşdirib. Azərbaycan ədəbiyyatı üçün Nizami sənəti bir məktəbdir. Nizamidən sonra bütün Azərbaycan şairləri bu USTADİ-ƏZƏMİN şeir cazibəsinə düşmüşlər. Xalq şairi Məmməd Araz  «Atamın kitabı» poemasında yazır ki: 

   Əgər yer sırası gəzsək həyatda,

   Əgər yer davası düşsə şeirdə,

   Alqışlar altında Nizami ata,

   Gəlib oturacaq birinci yerdə.

Aytəkin Mehmanqızı da Nizaminin şeir cazibəsinə düşən yüzlərlə şairlərdən biridir.

 Ancaq mən onun Nizami şeirlərinin təsirilə yazdığı şeirlərindən, yaxud digər mövzularda qələmə aldıqlarından deyil, onun atasına həsr etdiyi həzin və kövrək duyğulu şeirlərindən söhbətə başlamaq istəyirəm.

   Kaş atam sağ olaydı,

   Mənə dayaq olaydı.

   Danışaydı, güləydi,

   Yenə evə dönəydi..

   Deyəydi: «Əziz qızım,

   Darıxmışam səninçün,

   O şən gülüşlərinçün.

   Deyəydi: - Əziz balam,

   Ölməmişəm, mən sağam,

   Arxanızda bir dağam.

«Ata həsrəti» şeiri də ata məhəbbətinin ifadəsidir.  Onun  «Və yenə  də atam haqqında olan xatirələrimdən» nəsrlə yazısı da eyni həzinliklə, eyni kövrək duyğularla qələmə alınıb.

 Aytəkin Mehmanqızının istənilən şeirində aforizm, hikmətli kəlam, nəsihət, didaktika üslubunu görərsiniz. Bunlar Nizaminin «Məxzənül- əsrar» («Sirlər xəzinəsi») poemasından, həm də ümumiyyətlə, Nizaminin bədii təfəkkürünün məhsulu olan deyimlərindən gəlir. Ancaq unutmayaq ki, Nizami özü də folklordan, yaşadığı dövrün el qaynaqlarından bəhrələnib. Bəzi paralellərə nəzər yetirək. Nizami də ulu Tanrıya-Allaha üz tutur, onun Yer üzünün yaradıcısı, həyat və kainat qurucusu olmasını təsdiq edirdi. Nizami «Leyli və Məcnun» poemasının lap girişində yazırdı:

       Ey adı ən gözəl başlanğıc olan,

       Adınla başlanır yazdığım dastan.

     Bütün bu canlılar, cansızlar ki, var,

     «Yaran» deməyinlə  yarandı onlar.

     Hökmünlə ruh alır, əql alır bədən,

     Yaradan da sənsən, öldürən də sən.

Aytəkin Mehmanqızı da  «Müdriklik xəzinəsi» kitabında ilk şeirini Allaha həsr etmişdir:

       Əlimdən tutursan yıxılanda mən

       Qoymursan heç yerdə heç vaxt əyiləm.

       Mənim ömür dostum, vəfalı şahım,

       Ey böyük, ey uca gözəl Allahım!

       Bu qədər nemətlər yaratmısan sən,

       Səni dərk etmək də çətindir hərdən.

       İnsan aciz qalır böyüklüyünə,

       Baxanda hər şeyin gözəlliyinə.

Nizami Gəncəvi hər bir poemasının girişində şairliyin, söz adamının şərəfinə mədhlər söyləmişdir, yəni bu sənətin son dərəcə şərəfli olduğunu müasirlərinə xatırlatmışdır. «Sirlər xəzinəsi»ndə Nizami deyirdi ki, «Səfin önü, arxası o zaman ki  düzəldi Əvvəlcə peyğəmbərlər, sonra şairlər gəldi». «Leyli və Məcnun» poemasında isə yazırdı:

       O kimdir, işinin nədir hikməti?

       Bu varaq üstündə çəkilən hər xətt,

       Sənətkar əliylə yaranmış əlbət.

       O böyük Allaha and verirəm mən,

       De görüm, dünyada bir aynamı var

       Ki, seyqəl verməsin ona sənətkar?

 Nizamidən bəhrələnən Aytəkin Mehmanqızı da şairliyi insan həyatı üçün bir zirvə sayır:

       Tanrı vəh göndərir seçilmişlərə,

       Hər kəs qalxa bilməz o zirvələrə.

       Çox şükür Tanrıya, şairəyəm mən,

       Allahım vermişdir əlimə qələm.

Aytəkinin şeirlərində Nizami Gəncəvidən bəhrələmələr çoxdur və mən bütün bunları-bu təsirlənmələri bircə-bircə sadalamaq fikrində deyiləm. Amma bəzi məqamları nəzərə çarpdırmaq istəyirəm. Məqsəd odur ki, Aytəkin xanım hansı aforizmə, hansı öyüd-nəsihətə ehtiyac duyursa, bu, müasir həyatla bağlıdır, daha doğrusu, bu müraciətlər daha çox gənclərə aiddir. Çünki müasir gənclərin heç də hamısı  birmənalı şəkildə eyni yolun yolçuları deyillər. Onların məhz bu tipli morallara, nəsihət və öyüdləri dinləməyə ehtiyacları var. Məsələn: Dostluq haqqında- insanlar arasında ən gözəl münasibətlərin başlanğıcı səmimi ünsiyyətdən və dostluqdan başlanır: «Dostluq mərdlik istər, sədaqət istər, Əgər bunlar yoxsa, dostluq da bitər». İnsanlar arasında dostluğu, qardaşlığı, səmimiyyəti pozan nədir?-Yalan. Odur ki, Aytəkin Mehmanqızı deyir ki: «Yalanlar doğrunu yuyub aparar, İnsanı hər yerdə nəzərdən salar. Öyrətmə dilini gəl sən yalana Yalan yaraşmayır təmiz insana».Bəs yaxşılıq? İnsan bütün ömrü boyu yaxşılıq çevrəsində yaşamalıdır: «Yaxşılıq toxumu  əksən əzəldən, Ola bilməz ki, sən pislik biçəsən»

 Əlbəttə, Aytəkin Mehmanqızının kitabda olan şeirlərinin heç də hamısı Nizamidən gələn təsirlər, bəhrələnmələr üzərində qurulmayıb. Onun müasir həyatla, yaşadığımız dünyanın reallıqları ilə bağlı şeirləri də az deyil. Məsələn, o, «Dünya» şeirində üzünü dünyaya tutub deyir ki: «Dünya, niyə axı, niyə beləsən? Mərdləri qovaraq namərd edirsən. Mərdin dəyərini namərdə verib Haqsızlıq edirsən, çox incidirsən».  Bu dünya, yaşadığımız bu həyat ziddiyyətlərlə, təzadlarla doludur.  Amma bədbinliyə qapılmaq olmaz. «Ümidini itirmə» şeirində deyildiyi kimi: «Hər nəyi itirsən də, ümidini itirmə».  Aytəkinin Şuşaya həsr etdiyi şeiri də çox bəyəndim:

     Həsrətdə olduğum daşına qurban   

     Şəhidinə qurban, elinə qurban.

     Əlçatmaz deyildir indi düzlərin,

    Deyildir əlçatmaz xarıbülbülün.

    İndi dağlarında hər bir gülünün,

    Milyon qiyməti var mənimçün Şuşam!

Onun «Vətən», «Azərbaycan», «Bakı», «Xəzər dənizi», «Abşeron bağları» şeirləri də Vətən torpağının gözəlliklərinə həsr olunub.

 Aytəkin Mehmanqızı süjetli şeirlər yazmağa da meyl edir. «Şah və kəniz» «Sərçə», «Bəlkə xeyir bundadır?!», «İlanla insanın dostluğu» şeirlərini ayrı-ayrı məlum rəvayətlər əsasında qələmə alınıb və təbii ki, burada təsvir olunan hadisələr oxucuları nəticə çıxarmağa, həyatda düzgün yol tutmağa səsləyir. Bir gün kiçik bir sərçə çoxlu çör-çöp götürüb özünə yuva tikir. Amma sərçənin bu sevinci uzun çəkmir, qəflətən güclü külək əsir, hər yeri silkələyir, sərçənin yuvasını da tarmar olur… Sərçə  Allaha üsyan edir, deyir ki, «sənə inam yox daha». Amma uca Allah söyləyir ki, sənin yuvana ilan girmişdi, o, səni sancmaq istəyirdi, mən də bunu görüb küləyə əs dedim, o yuvanı sök dedm, «indi özün düşün sən, səni sevmirəmmi mən». İbrətlidir!

  Ümumiyyətlə, Aytəkin Mehmanqızının şeirlərində milli-mənəvi dəyərlərimiz təbliğ olunur, insanların Vətən sevgisi, həyat eşqi, yaxşılıq, mərdlik kimi gözəl insani xüsusiyyətləri haqqında söz açılır. O, «Müəllimim» şeirində «Ən adi sözü də mənə əzizdir» deyir.  «İsmət» şeirində  isməti həyanı insan üçün mənəvi bəzək hesab edir. «Ağsaqqal» şeirində isə hər bir insanı dünyanı dərk etməkdə ağsaqqallardan öyrənməyi tövsiyə edir. O, həqiqi sevgini də  mənəvi dəyər hesab edir («Sevgi əngəl tanımır» şeirində). Zərif qadınları dünyanın ən incə məxluqları avdlandırır. «Qızıl ayaq altda qalsa da belə» yenə öz qızıllığını itirməz  deyir. Və eyni zamanda əziz şəhidimiz Xudayarı və Qarabağ müharibəsi zamanıhəlak olan şəhidləri də unutmur, onlar da bizim mənəvi dəyərlərimizdir- «Xudayar ölməyib, o bizimlədir».

  Onun təbiətlə bağlı iki şeirini də nəzərə çarpdırmaq istəyirəm. Biri «Yağ ey yağış»dır. Bu şeirdə bircə fikir var-o da bundan ibarətdir ki, qoy yağış yağsın, dünyadakı bütün pislikləri yuyub aparsın:

      Yağ ey yağış, yu dünyanı!

      Xilas elə bu cahanı.

      Yu, təmizlə çirkabları.

       Paklıq və təmizlik rəmzisən yağış!

       Səni uca Tanrım çox saf yaratmış… 

 «Söyüd ağacı» şeirində  təbiətin gözəlliyi Söyüd obrazında reallaşır. Aytəkinin şeirlərində bir özəl xüsusiyyət bundan ibarətdir ki, o, obraz yaratmağa çox meyllidir. Hər hansı şairin şeirlərində heç şübhəsiz, o şairin öz obrazı da canlanır. Əslində, şairin bütün düşündükləri şeirlərində ifadə olunur. Aytəkin Mehmanqızının öz obrazını da-bir insan kimi yaşadıqları reallıqlar çox şeirində əks olunur.  «Yenidən gəlsəydim bir də dünyaya» şeiri bu mənada onun özünün özünə müraciəti kimi səslənir.

     Yenidən gəlsəydim bir də dünyaya,

      Bənzəmək istərdim daşa, qayaya.

      Bəzi insanlarçın əlçatmaz olub,

      Dönərdim göylərdə ulduza, aya.

      Gəlsəydim dünyaya bir də təzədən,

      Əziyyət çəkməzdim ipəkliyimdən.

Bunlar təbii hisslərdir.

Mən çox istərdim ki, bundan sonar da o, müasir həyatın, gerçəkliyin özündən, bu günün hadisələrindən daha çox yazsın, ümumi şəkildə deyil, konkret detallarla, lövhələrlə işləsin.

 Bu yazımı müəllifin «Oxuculara ürək sözlərim» bölməsində aşağıdakı şeir parçaları ilə bitirirəm:

      Ağıldan çox bilir bəzən bir ürək,

      Bəzən ürəyi də dinləyək gərək.

      Şair qızıyamsa Vətənin demək,

      Mənim də dəyərim bilinsin gərək…

 Uğurlar arzulayıram. Təzə şeirlərinlə görüşənədək!   

     

 VAQİF YUSİFLİ,

fililogiya elmləri doktoru

 

 


Chosen
5
azia.az

1Sources