EN

Tanrı dərgahından havalanan Səs

ain.az, 525.az portalına istinadən məlumat verir.

Salman ALIOĞLU

Göy üzünün altında, torpağın üstündə, gəlimli-gedimli dünyanın döngələrində, hənirində, bürküsündə həmin Səs başqalarından çox fərqlənirdi: sanki qeybdən süzülüb gəlirdi, min illərin arxasından bulaq suyu kimi sızır, dupduru ahəngi, saflığı, duruluğu ilə qəlblərə hakim kəsilirdi. O səs ipək kimi yumşaq, cövhər kimi qiymətliydi; zənguləsi haraya bənzəyirdi, ömürlərdən, talelərdən silinib getmiş anları axtarırdı, ilahi səsin bəmi ruhu oxşayır, zili cəngi idi, zamanla, tale ilə, həyatla savaşa bənzəyirdi, müsafiri yoldan saxlayır, insanın əllərindən tutub deyirdi ki, dayan, məni dinləməlisən. Sağlığında canlı dinlədiyimiz o Xanəndənin - unudulmaz Şahmalı Kürdoğlunun indi lent yazılarına dönə-dönə qulaq asıram. Və hər dinləyəndə də səsin cazibəsinə düşür, səsin rəngini görür, o bal kimi səsin tamını hiss edirəm, duyğularım, düşüncələrim o səsə bələnir.

Oxuduğu muğamların, səsi ilə can verdiyi qəzəllərin fəlsəfəsini çox yaxşı bilirdi, illah da ki, dahi Füzulinin qəzəllərinin təşnəsiydi, hər kəlməsinin, hər ifadəsinin alt qatında yatan fikirləri böyük ustalıqla təhlil edərdi, o dünyəvi fəlsəfəni son ilməsinə qədər açardı. Səsində sanbal var idi, məlahətliydi, əzəmətliydi, qarşısındakını dinləməyə sövq edirdi. Hələ cavan vaxtlarında oxuduğu muğamların hər guşəsində, Füzuli qəzəllərinin hər sözündə elə bil öz taleyini nəql edirmiş, ahəstəcə qandırırmış, taleyini danışırmış.

Pənbeyi-daği-cünun içrə nihandır bədənim,

Diri olduqca libasım budur, ölsəm kəfənim.

Dahi Məhəmməd Füzulini nahaq yerə seçməmişdi, təsadüfdən ona tapınmamışdı, axı Füzuli də ədəbiyyatın, şeirin tanrısı idi. Dünyanın gərdişi belədir ki, qeybdən gələn səs təbii ki, şeirin tanrısı ilə qovuşmalıydı.

Şahmalı Kürdoğlu canıyla, qanıyla, ruhuyla bu torpaqlara bağlanmışdı. Təbiətə, sənətə, sözə aşiq idi, insanları da sevirdi. Adamlarla tez ünsiyyət qururdu, danışanda istər-istəməz ona qulaq asmalıydın, çünki harada olursa olsun, ətrafında beş dəqiqəyə sənət məclisi qurulurdu. O məclislərin çox şahidi olmuşam, unutmaq mümkün deyil. Şahmalı Kürdoğlu səsi ilə həm də şikayət edirdi. Ağdamın ağır günləri başlanmışdı, haylar bu gözəl yurda mərmi atırdılar, şəhər ev-ev dağılırdı, dünən salamat gördüyün adamı bu gün daha görə bilmirdin. Pulu, şöhrəti, hər bölgəmizdə hörməti olsa da, Ağdamı, Qiyaslı kəndini, əllərinin qabarı ilə saldığı cənnət bağını tərk etmədi, uzaqlara üz tutmadı, həyatının son gününə kimi evində, qalasında mərd-mərdanə dayandı. Yenə də başqalarından fərqləndi, fəxri adlar ala bilməsə də, tanrı onun mükafatını özü verdi: şəhid xanəndə.

Şahmalı Kürdoğlu (Hacıyev) 95 il bundan əvvəl - 1930-cu il baharın çiçək dövründə Ağdamda anadan olub. Əslən Qərbi Azərbaycanın Dərələyəz mahalından olan Şahmalının atası Mirzəqulu Fətəliyev ötən əsrin əvvəllərində erməni daşnaklarına qarşı mübariz bir insan olub, haylara qarşı döyüşüb və bu igidliyinə görə məcburən qaçaq həyatı yaşayıb. Qisas aldığı daşnakların torundan xilas olmaq, gizlənmək üçün Qarabağa üz tutub. Hətta düşmənlərin onu tapa bilməməsi, izini itirmək üçün adını dəyişib Kürdoğlu qoyub. Şahmalı da atasının adını uzun illər öz adıyla qoşa yaşatdı.

Ağdamdakı ikiillik Pedaqoji Texnikumu, Aşqabad Universitetinin hüquq fakültəsini, Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdi. Asəf Zeynallı adına Musiqi Kollecində görkəmli xanəndə Seyid Şuşinskidən muğam təhsili almışdı. 1965-ci ildə 35 yaşında bənzərsiz ifası ilə "Rast" muğamını lentə yazdırmışdı. Həmin dövrdə Azərbaycan radiosu ilə Şahmalı Kürdoğlunun "Rast"ını bütün ölkə eşitmişdi və muğam xiridarları onun səsini, ifasını bəyənmişdilər, demişdilər ki, bənzərsiz ifadır.

Bakıda yaşayan vaxtları bir erməni qadının hiyləsi ilə vaxtilə atasının qurtula bildiyi "hay toru"na düşür, keçmiş sovet məhkəməsi bu bənzərsiz səsin sahibinə 7 il zindan həyatı yaşadır, Şuşa qalasındakı həbsxanada məhbus olur. İddiaçı da, şahidlər də, məhkəmə prosesini aparanlar da, hökmü oxuyanlar da ermənilər olub. Bir daşnak qadının hiyləsi ucbatından bu həbsin əsas mahiyyəti dəqiq açılmasa da, nəticəsi ağır olub. Şahmalının ecazkar səsi olduğunu bilən həbsxana rəhbərliyi ona dustaqlar qarşısında konsert verməyi təklif ediblər. Şahmalının cavabı qısa və lakonik olub: "Türmə paltarında muğam oxusam, ona xəyanət etmiş olaram, muğam həbsxana divarlarına yaraşmır".

Həbsdən çıxandan sonra Bakıda çox qala bilməyən sənətkar doğma rayona qayıdıb. Bax elə həmin illərdə Şahmalı Kürdoğlu ilə rastlaşdım, aramızda ilıq, səmimi bir münasibət yarandı, sözümüz, söhbətimiz tuturdu. Çox səmimi insan idi, əzəmətli boy-buxunu, ağayana yerişi, şax qaməti var idi. Buxara papaq ona çox yaraşırdı, kənardan zəhmli görünürdü, ancaq ürəyi çox yumşaq idi. Zindan həyatı onu əyə bilməmişdi, aralıdan baxanda ləngərli yerişi ilə uca bir dağa bənzəyirdi, elə bilirdin, dağ yeriyir.

Ağdam müəllimlər evində işə düzəlmişdi Şahmalı Kürdoğlu və burada uşaqlar üçün muğam dərnəyi yaratmışdı. Onun iş yeri rayon qəzetinin binasına yaxın olduğu üçün tez-tez görüşərdik, maraqlı söhbətləri olurdu, muğamlar haqqında danışanda onun ruhu sanki bədəndən ayrılıb göylərə yüksəlirdi. Bir gün çəkinə-çəkinə dedim ki, Şahmalı əmi, sizin haqqınızda yazmaq istəyirəm. Dərhal cavab vermədi, bir qədər fikirləşdi və sonra dedi ki, qardaşoğlu, məndən yazmaq üçün gərək Qiyaslı kəndinə gedək, evimi görəsən, yaxşı bir bağ salmışam, bax orada layiqincə söhbət edərik. Getdik. Uca hasarlarla əhatə olunan həyətə girəndə sanki cənnətə düşdüm, bağdakı ağaclar, güllər sanki mahir bir rəssam fırçasıyla çəkilmiş tabloya bənzəyirdi. Təəccübümü hiss etdi və iri əllərini göstərərək dedi ki, bu bağı bax bu əllərimlə salmışam, hər ağacın, hər kolun nazı ilə oynamışam, körpə kimi onlara qulluq etmişəm. Həyətdə iki istixana da var idi. Həmin dövrdə hələ istixanalar dəb düşməmişdi və bu da onun yaratdığı bir ecazkar guşə idi. Mahir muğam ustası həm də təcrübəli bağban imiş: bu istixanalarda cənub bölgəsinə xas olan limon, mandarin, feyxoa və çay yetişdirirdi. Nəvazişlə onlara toxunaraq deyirdi ki, bax bu tingi Özbəkistandan gətirmişəm, bizim limonlara bənzəmir, dadı, tamı başqadır, ətri, rayihəsi adamı bihuş edir; bu çay kollarını Lənkərandan gətirib əkmişəm, çox ətirli çayı olur.

Çay süfrəsi ətrafında maraqlı söhbətimiz oldu. Sonra rayon qəzetində bir yazı yazmışdım, adı "Cənnət yaradan insanla söhbət" idi. Yazı çap olunandan sonra məni axtarıb tapdı, gülə-gülə, xoş təbəssümlə dedi ki, ay Kolanı balası, sarı simlərə yaman toxunmusan. Çox təəssüf ki, həmin qəzetlər Ağdamda qaldı, sonralar kitabxanalarda axtarsam da, tapa bilmədim, itkin düşdü o yazı.

Şahmalı Kürdoğlu mənən də, cismən də çox güclü insan idi. Füzulinin qəzəllərindən bir neçəsinə təsnif bəstələmişdi, ancaq üzə çıxarmamışdı. İki dəfə ailə həyatı qurub. Birinci ailəsindən iki oğlu, bir qızı olub. İkinci ailəsindən öz adına bənzər Şahiməli adını qoyduğu bir oğlu dünyaya gəlib. Danışırdı ki, ən böyük arzusu hüquqşünaslıq olub, ancaq atasının repressiya olunmasına görə arzusuna çata bilməyib, o dövrün qadağaları buna imkan verməyib. Onu Azərbaycan Opera və Balet Teatrına dəvət ediblər: "Leyli və Məcnun" operasında Məcnun roluna. Burada da haqsızlıqla üzləşib, ona İbn Salamı oynamağı təklif ediblər, oynayıb və bənzərsiz bir ifa alınıb. Lakin orada çox qalmayıb, bu mühit onu sıxır, incidirmiş deyə qayıdıb Ağdama. O vaxt xəbər yayılmışdı ki, Şahmalı Kürdoğlu yasda "Rast" muğamı oxuyub. Bu barədə özündən soruşdum, təsdiqlədi ki, belə bir iş olub. Ağdamın Qalayçılar kəndində Muxtar Məmmədov adlı nüfuzlu bir şəxs ölüm yatağında doğmalarına vəsiyyət edib ki, bilirəm, mən öləndə molla gətirəcəksiniz. Quran oxudacaqsınız. Son arzumu yerinə yetirin. Şahmalını tapıb gətirin. Bu dünyaya onun səsiylə "əlvida" demək istəyirəm". Kişinin arzusunu xanəndəyə çatdırıblar. Şahmalı Kürdoğlu da gedir kəndə və yasda "Rast" muğamını oxuyur:

Məqsədim açmaq deyildi dərdimi əsla sənə,

İstədim pünhan edim, səndən nə pünhan, ey təbib!

1992-ci ilin 6 noyabrı... Ağdam, ətraf kəndlər mənfur düşmənin top və raket atəşi altında qalmışdı. Şahmalı Kürdoğlu 8 yaşlı oğlu ilə öz həyətində qrad mərmisindən həlak olmuşdu. Ata-balanı bir qəbirdə dəfn etdilər, Ağdam torpağı, ağdamlılar bu faciəni ağır yaşadılar, sanki hər kəs öz doğmalarını itirmişdi.

Şahmalı Kürdoğlu "Şur"u, "Rast"ı, "Çahargah"ı, "Heyratı"nı, "Segah"ı çox yanıqlı avazla oxuyub, qeybdən gələn o qüdrətli səsin sahibi bəlkə elə öz taleyini oxuyurmuş... Özü yaxşı bilirdi ki, yazıya pozu yoxdur. Üzünə durdular, taleyi hər addımda bir tələyə düşdü, sınmadı, əyilmədi, ayaqda qaldı, vəfasız dünyanın yükünü kişi kimi çəkdi. Yəqin ki, Ağdamın işğalına dözə bilməzdi, bu faciə onu qəlbən sarsıdardı.

Ağdam işğaldan azad ediləndən sonra mediaturla "Qafqazın Xirosiması"na - Ağdama getmişdik. Qiyaslı kənd məscidinin yaxınlığındakı həyətinin uca hasarlarının qalıqları görsənirdi. Bir vaxtlar həyat qaynayan bu yurd yeri səssiz-səmirsiz qalmışdı. Yəqin ki, Ağdamın azad edilməsi Şahmalı Kürdoğluna əyan olub, çünki onun ölməz ruhu heç zaman o yerləri tərk etməmişdi, göy üzündə dolaşırdı.

Ruhu şad olsun!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
12
525.az

1Sources