EN

Samuxda II Ərik Festivalı keçirilib

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə bölgələrdə məhsul festivallarına start verilib. 

Samux Rayon İcra Hakimiyyəti ilə birgə təşkilatçılıqda Samux rayonunda növbəti “Aqrar Biznes Festivalı” və ölkədə ərikçiliyin inkişafına və yerli məhsulların tanıdılmasına həsr olunan II Ərik Festivalı keçirilib.

Festivalın keçirilməsində məqsəd fermerlərin yetişdirdiyi ərik növlərini nümayiş etdirmək, fermer və sahibkarlar arasında işgüzar əlaqələri genişləndirmək, eyni zamanda aqroturizm potensialını canlandırmaq, ərik məhsulunun Samux rayonu üçün brendləşməsinə, rayonun sosial-iqtisadi və mədəni inkişafına müsbət təsir göstərməkdir.

Festivalda Rayon İcra Hakimiyyəti, Kənd Təsərrüfatı Nazirliyinin tabeli qurumları və digər dövlət qurumları, bir neçə ali təhsil müəssisələrinin rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

II Ərik Festivalı və Aqrar Biznes Festivalı ilə əlaqədər olaraq Samux şəhərinin mərkəzi küçə və prospektləri, park və xiyabanlar bəzədilib, yerli sakinlərin və qonaqların iştirakı ilə bayram tədbiri təşkil olunub.

Samux parkında təşkil olunan II Ərik Festivalı və Aqrar Biznes Festivalında milli mətbəximizin təamları hazırlanıb, fermerlərin yetişdirdikləri ərik məhsullarının meyvəsi, mürəbbəsi və şirələrinin stendlərlə təqdimatı olub.

Festivalda sənətkarların və satıcıların stendləri, ustad dərslərinin təqdimatı, qol güləşi, uşaqlar tərəfindən milli rəqslər, məktəblilərin əriklə bağlı hazırladığı əl işləri, rəsmlər maraqla izlənilib.

Festival çərçivəsində qonaqlar Samux rayonunda fəaliyyət göstərən “Casa Aqro” MMC-nin təsərrüfat sahəsinə baxış keçirib, istehsal olunan məhsullarla tanış olublar.

Açılış mərasimində çıxış edən Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev rayonda kənd təsərrüfatı sahəsinin inkişafı barədə tədbir iştirakçılarına məlumat verib. O bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişafı istiqamətində gördüyü işlər, eyni zamanda kənd təsərrüfatı sahəsinə diqqət və qayğısı nəticəsində rayonlarda bağçılıq ildən-ilə inkişaf edir. Samux rayonunda təkcə ərik bağlarının sahəsi 500 hektardan çoxdur. Bu bağlarda 16 sort ərik yetişdirilir.

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov bildirib ki, Mərkəzin və Rayon İcra Hakimiyyətlərinin təşkilatçılığı eləcə də Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosasiyasınının tərəfdaşlığı ilə cari ildə 9 iqtisadi rayonu əhatə edən 13 rayonda məhsul festivalları keçiriləcək. Festivalların keçirilməsində əsas məqsəd regionların turizm potensialının tanıdılması, yerli kənd təsərrüfatı məhsullarının təqdim olunması, fermer və istehsalçıların dəstəklənməsidir. Bu tədbirlər kənd əhalisinin sosial rifahının yaxşılaşdırılmasına, bölgələrdə milli-mədəni irsin qorunub yaşadılmasına da töhfə verəcək. 

Aqrar Biznes Festivallarının ənənəsinə uyğun olaraq tədbirdə müxtəlif kənd təsərrüfatı məhsulları, texnika və avadanlıqlar sərgilənib. Fermerlər toxum, gübrə və pestisidlər, müasir suvarma texnologiyaları və kənd təsərrüfatı texnikaları ilə tanış olub, onların tətbiqi barədə ətraflı məlumat əldə ediblər.

Festival çərçivəsində kənd təsərrüfatına dair müxtəlif xidmətlərin təklifi və məhsulların nümayişi ilə yanaşı, regionlarda sahibkarlığın inkişafına dəstək, eləcə də fermerlərin maliyyə savadlılığının artırılması, güzəştli kreditlərin verilməsi ilə bağlı məlumatlandırma məqsədilə bank və bank olmayan kredit təşkilatları təmsil olunublar.  

Festivalın mühüm komponentlərindən biri də Mərkəzin təşkilatçılığı ilə cari il ərzində bütün iqtisadi rayonlarda keçirilməsi planlaşdırılan  “Dövlətin maliyyə mexanizmləri” mövzusunda panel müzakirəsi  olub.

Panel müzakirədə Dövlət Məşğulluq Agentliyi, Biznesin İnkişafı Fondu, Aqrar Kredit və İnkişaf Agentliyi, Aqrar Sığorta Fondu, banklar və kredit təşkilatlarının nümayəndələri iştirak ediblər. Panel sessiyaları zamanı fermerlərə güzəştli kreditlər, kənd təsərrüfatına dövlət dəstəyi və digər maliyyə mexanizmləri barədə məlumat verilib, fermerlərin sualları cavablandırılıb, aqrar təyinatlı kredit almaq üçün müraciət edənlərə texniki dəstək göstərilib. Festival çərçivəsində fermerlər və sahibkarlarla bank və kredit təşkilatlarının nümayəndələri arasında görüşlər olub, potensial əməkdaşlıq imkanları müzakirə edilib.

Qeyd edək ki, “Dövlətin maliyyə mexanizmləri” mövzusunda panel müzakirəsi cari il ərzində 5 iqtisadi rayonda təşkil edilib.

Bununla yanaşı Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun mütəxəssisi Abbas Hacıyev tərəfindən fermerlər üçün “Müasir bağçılıqda istifadə edən calaqaltılar” mövzusunda maarifləndirici təlim keçirilib. İştirakçılar calaqtıların növləri, üstünlükləri və düzgün seçim prinsipləri barədə ətraflı məlumatlandırılıblar.

Festival fermerlər və rayon sakinləri tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, məhsul festivalları çərçivəsində toplanan ənənəvi dəyərlər, regionların aqrar və mədəni potensialı, ölkənin kənd təsərrüfatı sektorunun müasir imkanlarını beynəlxalq auditoriyaya təqdim edilməsi məqsədilə festivallar təşkil edilən bölgələr ixtisaslaşmış məhsulları ilə “Caspian Agro 2026” sərgisində  stendlə təmsil olunması nəzərdə tutulur.

Chosen
4
xalqqazeti.az

1Sources