EN

İran Rusiyadan dəstək istədi - Xamneyi Putinə məktub göndərdi…


İran və İsrail 11 gündür qarşılıqlı hücumlarını davam etdirir. ABŞ-ın 22 iyun gecəsi müharibəyə girməsi gərginliyi daha da artırıb. ABŞ-ın B-2 bombardmançılarının İranın Fordo, Natanz və İsfahan nüvə obyektlərinə həyata keçirdiyi hücumlar Tehran administrasiyasını hərəkətə gətirib.

İranın xarici işlər naziri Abbas Ərakçi baş verən hadisələrdən sonra Rusiyaya gedərək Putinlə görüşüb.

Görüşün mətbuata açıq hissəsində çıxış edən Putin, Rusiya və İranın etibarlı əlaqələrinə diqqət çəkərək, İran xalqına kömək etmək üçün səy göstərdiklərini deyib.

Rusiyanın Yaxın Şərqdə baş verən proseslərə yanaşmasının bəlli olduğunu bildirən Putin, İrana qarşı hücumları əsassız və səbəbsiz təcavüz adlandırıb: “Rusiya Xarici İşlər Nazirliyi bizim yanaşmamızı açıq şəkildə ifadə etdi və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında tutduğumuz mövqeyi bilirsiniz".

Ərakçi isə Rusiyanın "tarixin doğru tərəfində" olduğunu da ifadə edərək, İsrail və ABŞ-ın İrana qarşı hərəkətlərini qanunsuz adlandırıb və İranın özünü qorumaq haqqı olduğunu bildirib.

İranın Rusiya ilə Buşəhr Atom Elektrik Stansiyasını tikdiyini xatırladan Ərakçi bildirib ki, İsrailin, daha sonra ABŞ-ın hücumlarından sonra gərginliyin səviyyəsi hər keçən gün daha da artır.

Bu arada, Britaniyanın “Reuters” agentliyinin yüksək səviyyəli iranlı mənbəyə istinadən yaydığı məlumata görə, İranın ali dini lideri Ayətullah Əli Xamneyi Ərakçi vasitəsilə Rusiya prezidenti Putinə məktub göndərib. Bildirilir ki, İranın ali dini lideri Putinə göndərdiyi məktubda Rusiyadan dəstək istəyib.

İran mənbələri Rusiyanın indiyədək verdiyi dəstəkdən kifayətlənmədiklərini və Moskvanın İsrail və ABŞ-a qarşı Tehrana daha çox dəstək verməsini istədiyini bildirib.

Mənbələr İranın Ali Rəhbərinin konkret olaraq hansı yardım tələb etdiyi barədə ətraflı məlumat verməyib.

TAHİR

Chosen
5
baki-xeber.com

1Sources