Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Ağstafa şəhər Heydər Əliyev Mərkəzində 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə silsilə tədbirlər keçiriləcək.
OLAY yazır ki, İyunun 25-də Azərbaycan Fotoqraflar Birliyi və Azərbaycan Dövlət Rəsm Qalereyası ilə birgə təşkil olunacaq “Zəfərin ruhu” adlı səyyar rəsm və foto sərgisi açılacaq. Saat 17:00-da Heydər Əliyev Mərkəzində keçiriləcək sərgidə Azərbaycan Ordusunun qəhrəmanlığını, xalqımıza bəxş etdiyi əbədi Zəfər ruhunu, Qarabağımızın gözəlliklərini əks etdirən əsərlər nümayiş olunacaq.
Həmin gün saat 20:00-da Heydər Əliyev Mərkəzinin həyətindəki açıq konsert meydanında Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası nəzdində Xalq çalğı alətləri orkestrinin konsert proqramı təqdim ediləcək.
Həmçinin Ağstafa Heydər Əliyev Mərkəzində mədəniyyət nazirinin müavini, pianoçu, Xalq artisti Murad Hüseynov tərəfindən Uşaq İncəsənət Festivalının fortepiano nominasiyası üzrə qeydiyyatdan keçmiş iştirakçıları üçün ustad dərsinin təşkili nəzərdə tutulur.
