EN

İran Hörmüz boğazını bağlayacaqmı?


Elşad Həsənov: “Güman edirəm ki, son məqamda İran buna getməyəcək”

İran parlamenti ABŞ-ın nüvə obyektlərinə endirdiyi zərbələrdən sonra Hörmüz boğazını bağlamaq qərarına gəlib. Ancaq bu məsələ ilə bağlı yekun qərarı Milli Təhlükəsizlik Şurası verməlidir.

Hörmüz boğazı Hind okeanına daxil olmaq üçün Fars körfəzini Oman körfəzi ilə birləşdirir. Bu, maye qaz və neftin qlobal ticarəti üçün strateji əhəmiyyət kəsb edir. Omanla İran arasında ən dar nöqtədə olan məsafə 54 km-dir.

İndiyə qədər deyilirdi ki, İranın Hörmüz boğazını bağlaması ABŞ-ın müharibəyə daxil olmasına bəhanə yaradacaq. Ancaq İran boğazı bağlamadan ABŞ bu ölkəni bombalayaraq müharibəyə girdi. Maraqlıdır, həqiqətən də İran Hörmüz boğazını bağlayacaqmı? Bağlasa nə baş verəcək?

“Bir çox məsələlər nazir Abbas Əraqçinin prezident Vladimir Putinlə görüşünün nəticələrindən asılı olacaq”

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən siyasi ekspert Elşad Həsənov hesab edir ki, ABŞ-ın müharibəyə qoşularaq İranın 3 nüvə mərkəzinə zərbə vurması məsələni mürəkkəbləşdirir: “İran Birləşmiş Ştatların belə tezliklə müharibəyə qoşulacağını gözləmirdi. Ona görə də dərhal bəyanat verərək ABŞ-la danışıqları dayandırdığını bəyan etdi. Tehran bunu onunla əsaslandırdı ki, ABŞ müharibə tərəfi olduğu üçün danışıqların anlamı yoxdur. Müharibə səbəbindən Yaxın Şərqdə ABŞ bazaları İran üçün hədəfdir. ABŞ isə bəyan etdi ki, İran buna getsə, daha öldürücü zərbələrə məruz qalacaq. Görünən odur ki, İran üzərində müharibə getdikcə qızışır. İran isə bəyan edib ki, Hörmüz boğazını bağlayır. Bu da çox böyük məsələdir və İran parlamenti buna qərar versə də, Milli Təhlükəsizlik Şurasının yekun qərar qəbul edəcəyini demək çətindir. Çünki dünya yanacağının təxminən 20 faizi bu boğazdan keçir. Boğazın bağlanması ilk növbədə İranın özünə zərbə olacaq. Çünki neft İranın əsas ixrac məhsuludur. Daha sonra digər ölkələr - neft ixracatçıları və bu məhsulu idxal edənlər bundan zərər görəcək. Bir sözlə, Hörmüz boğazının bağlanması bir çox dövlətin maraqlarına toxunacaq. Əsasən də İrandan neft idxal edən və bu ölkə ilə yaxın olan Çin bundan ciddi zərər görəcək. Təsadüfi deyil ki, Çin və İran xarici işlər nazirləri Van İ ilə Abbas Əraqçi arasında telefon danışığında Hörmüz boğazıyla bağlı mövzu əsas müzakirə obyekti olub. Çünki Hörmüz boğazının Çin üçün həyati əhəmiyyət var. Çin qısa bir müddətdə İranı digər alternativlə əvəz edə bilməz. Bunun üçün vaxt lazımdır. Hörmüz boğazı bağlansa, bu, neftin qiymətinin kəskin artmasına səbəb olacaq. Neftin qiymətinin artması isə ABŞ-a sərf etmir. Bu, daha çox Rusiyaya sərf edir. O baxımdan güman edirəm ki, son məqamda İran buna getməyəcək. Çünki təkbaşına bu yükün altına girə bilməyəcək. Gərək bunun üçün güclü müttəfiqləri olsun. Bir çox məsələlər İran xarici işlər naziri Abbas Əraqçinin Rusiya prezidenti Vladimir Putinlə görüşünün nəticələrindən asılı olacaq. Ən kritik məqamda İran boğazı bağlasa belə, bu, qısa müddətli olacaq. Çünki güclü təzyiqlərlə üzləşəcək”.

Vidadi ORDAHALLI

Chosen
11
baki-xeber.com

1Sources