EN

“Sinxua”: Azərbaycan Çin bazarına fındıq və badam ixrac etməyə hazırlaşır

Bakı, 24 iyun, AZƏRTAC

Azərbaycan Çin Xalq Respublikasına fındıq, badam və toyuq məhsullarının ixracının təşkili istiqamətində fəal tədbirlər görür.

AZƏRTAC xəbər verir ki, bu barədə “Sinxua” agentliyinin müxbirinə müsahibəsində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin şöbə müdiri Əkbər Əliyev bildirib.

Onun sözlərinə görə, Çin Xalq Respublikasının Baş Gömrük İdarəsi ilə sıx əməkdaşlıq aparılır.

“Hazırda biz ixracı tənzimləyən protokolların razılaşdırılması üzərində çalışırıq və onların cari ilin sonunadək imzalanmasına ümid edirik”, – deyə Ə.Əliyev qeyd edib.

Son illərdə Azərbaycanda, xüsusən bitkiçilik sahəsində aqrar sektorun sabit inkişafı müşahidə olunur. Ölkə fındıq istehsalı üzrə dünyada aparıcı yerlərdən birini tutur və bu məhsul Azərbaycanın mühüm ixrac məhsullarından biridir.

“Biz artıq Çin tərəfinə zəruri sənədləri və texniki tələbləri təqdim etmişik. Həmçinin yerli istehsalçılarla işləyirik ki, onlar öz istehsal proseslərini beynəlxalq standartlara uyğunlaşdıra bilsinlər”, – deyə “Sinxua” agentliyinin həmmüsahibi bildirilib.

Ə.Əliyev vurğulayıb ki, 2024-cü ildə Azərbaycan rəsmi olaraq quş qripindən azad ölkə statusu əldə edib. Bu da yalnız qoz-fındıq deyil, həm də toyuq məhsullarının Çin bazarına çıxışı üçün yol açır.

“Bütün protokollar imzalandıqdan sonra Çin tərəfinin tələblərinə cavab verən məhsulların ixracına başlamağı planlaşdırırıq. Bu istiqamətdə mərhələli şəkildə və sahibkarlarla, aidiyyəti qurumlarla sıx əməkdaşlıq şəraitində işləyirik”, – deyə o əlavə edib.

Materialda qeyd olunur ki, qoz, o cümlədən fındıq, Azərbaycanın spesifik məhsullarındandır və ölkə fındıq istehsalı üzrə dünyada aparıcı yerlərdən birini tutur.

Chosen
7
azertag.az

1Sources