EN

Beynəlxalq kredit bürolarının gələcəyi

Hədəf məlumatdan qərarlara keçidi tezləşdirməkdir

Dünən Bakıda “Birinci beynəlxalq kredit hesabatlığı konfransı” keçirilib. Konfransda Avrasiya Kredit Məlumat Təchizatçıları Assosiasiyasına üzv olan 9 ölkənin kredit bürosunun rəhbər və işçi heyəti iştirak edib. 

“Məlumatdan qərarlara: kredit bürolarının gələcəyi" mövzusuna həsr olunmuş toplantıda Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Kredit Bürosu, banklar və beynəlxalq kredit bürolarının rəhbərləri və beynəlxalq ekspertlər iştirak etdiblər. Kredit hesabatlığı sahəsində qabaqcıl təcrübələrin bölüşülməsi, innovativ məhsul və xidmətlərin təqdimatı, eləcə də sektor üzrə imkanlar və çağırışların müzakirəsi baxımından unikal platforma rolunu oynayan konfransda kredit qərarlarının verilməsi zamanı kredit hesabatlığının və skorinqin rolu, risklərin idarə olunması və səmərəli idarəetmənin təmin edilməsi məqsədilə irəli sürülən həllər, süni intellekt, böyük verilənlər bazası (big data) idarəetməsi və rəqəmsal transformasiya kimi aktual məsələlər müzakirə olunub.

Azərbaycan Mərkəzi Bankının sədr müavini Toğrul Əliyev konfransda bildirib ki, kredit büroları mərkəzi banklar və tənzimləyici orqanlar üçün makro-prudensial analiz, stress-testləşdirmə, kontr-tsiklik siyasət tədbirlərinin implementasiyası, IFRS 9, Basel III və digər platformalar çərçivəsində risk modellərinin tərtibi baxımından mühüm əhəmiyyət kəsb etməklə yanaşı, maliyyə sabitliyinə töhfə verir. Kredit bürolarının maliyyə inklüzivliyini genişləndirmək üçün əsas alətlərdən biri kimi çıxış etdiyini xatırladan bank rəsmisinin sözlərinə görə, əvvəlki dövrlərdə bu, əhalinin və biznesin kredit tarixçələrinin formalaşdırılması və anderraytinq sistemlərində nəzərə alınması yolu ilə maliyyə əlçatanlığına töhfə verirdisə, müasir zamanda daha mütərəqqi inteqrasiya metodları həmin imkanları dəfələrlə genişləndirib. 

MB-nin sədr müavini qeyd edibki, bir çox kredit büroları qeyri-ənənəvi məlumat mənbələrini öz sistemlərinə inteqrasiya etməyə başlayıb: “Məsələn, elektron pul əməliyyatları, müştərilərin elektron ticarət davranışları, icarə və kommunal ödənişlər və s. alternativ məlumatlar kredit əlçatanlığı baxımından yeni və daha geniş imkanlar yaradır. Bu, istər əhalinin kreditlərini, istərsə də fərdi sahibkarlar da daxil olmaqla mikro, habelə kiçik, orta və iri sahibkarlıq subyektlərinin biznes kreditlərini ehtiva edir”.

Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev qeyd edib ki, son 7 ildə Azərbaycan banklarının aktivləri 80 faiz artaraq ötən ilin sonuna 53 milyard manat, kredit portfeli isə 125 faiz və ya 2,3 dəfə artaraq 29,3 milyard manat təşkil edib. Bu dövrdə vaxtı keçmiş kreditlərin isə 72 faiz azalaraq 449 milyon manat təşkil etdiyini diqqətə çatdıran assosiasiya rəhbərinin sözlərinə görə, bütün bunlara baxmayaraq, artan kreditləşmə səviyyəsi, aktivlərin həcmi özəl kredit bürosunun yaradılmasının və inkişaf etdirilməsinin vaxtında və düzgün qəbul edilmiş qərar olduğunu bir daha göstərib.

Avrasiya Kredit Məlumat Rəhbərləri Assosiasiyasının İdarə Heyətinin sədri, Qazaxıstana məxsus “First Credit Bureau”nun rəhbəri Ruslan Omarov çıxışında bildirib ki, rəhbərlik etdiyi qurumun çətiri altında bir araya gələn kredit büroları hər bir ölkənin maliyyə infrastrukturunun inkişafına töhfə verən və maliyyə bazarlarında informasiya assimetriyasını azaldaraq daha keyfiyyətli qərarların verilməsini təmin edən əsas strukturlardır. “Bu gün məlumat – aktivdir. Kredit büroları isə bu aktivin düzgün dövriyyəsini və qorunmasını təmin edən sistem təşkilatlarına çevrilib”, – deyə o əlavə edib.

Kredit bürolarının maliyyə təşkilatları arasında etimad mühiti formalaşdırdığını, bu qurumlar arasında informasiya mübadiləsinin təhlükəsiz və şəffaf şəkildə həyata keçirilməsinə şərait yaratdığını diqqətə çatdıran R.Omarov Avrasiya Kredit Məlumat Rəhbərləri Assosiasiyasının beynəlxalq kredit büroları birlikləri, o cümlədən Avropa Assosiasiyası ilə sıx əməkdaşlıq etdiyini və cəmi 7 il əvvəl yaradılmasına baxmayaraq, artıq öz sektorunda tanınan və nüfuzlu platformaya çevrildiyini vurğulayıb. 

“Azərbaycan Kredit Bürosu” MMC-nin baş direktoru Elçin Həbibov isə çıxışında kredit məlumatlarının sərhədlərarası mübabiləsi, standartların harmonizasiyası və regionlararası platformaların yaradılmasının vacibliyinə diqqət çəkib. Avrasiya Kredit Məlumat Təchizatçıları Assosiyasiyasının bu istiqamətdə böyük rol oynadığını vurğulayan baş direktor bildirib ki, kredit büroları keçmişdə daha çox məlumat toplayan informasiya bazası kimi tanınırdısa, bu gün onlar aktiv qərar dəstək sistemlərində təmsil olunur, rəqəmsal transformasiyanı həyata keçirən ixtisaslaşmış institutlara çevriliblər.

Qeyd edək ki, idarəetmə orqanında Azərbaycan Kredit Bürosunun da yer aldığı Avrasiya Kredit Məlumat Təchizatçıları Assosiasiyası 2018-ci il aprelin 17-də Bakı şəhərində yaradılıb. Qurum Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan, Monqolustan, Ukrayna, Gürcüstan, Moldova, Səudiyyə Ərəbistanının kredit büro və reyestrlərini əhatə edir. Təşkilatın yaradılmasında əsas məqsəd Avrasiya regionunda müxtəlif ölkələrin kredit büroları ilə əlaqələrin qurulması, yeni məhsul və xidmət çeşidləri barədə təcrübə mübadiləsinin aparılması və kredit hesabatlılığı üzrə əməkdaşlığın möhkəmləndirilməsidir.

Azərbaycan Kredit Bürosu isə 2018-ci il yanvarın 15-də yaradılıb. Büro müştərilərin kredit tarixçəsini təşkil edən məlumatları kredit təşkilatları ilə yanaşı daha geniş mənbələrdən, o cümlədən lizinq, sığorta, kommunal xidmətlər göstərən müəssisələrdən, nisyə mal alqı-satqısı həyata keçirən şirkətlərdən, habelə borc öhdəliyi ilə bağlı digər məlumat bazalarından toplanılmasını, saxlanılmasını, təhlilini, kredit hesabatlarının formalaşdırılmasını, borcalanlara fərdi reytinqlərin verilməsini və digər əlavə dəyər yaradan xidmətlərin həyata keçirilməsini təmin edən qurumdur. Qurumun təqdim etdiyi analitik məhsul və xidmətlərin sayı 35-ə çatıb. Azərbaycan Kredit Bürosu ilə məlumat mübadiləsində iştirak edən təşkilatların sayı isə 270-ə yaxındır.

Chosen
4
1
xalqqazeti.az

7Sources