Soydaşlarımızın zamanında ədalətsiz şəkildə zorla çıxarıldıqları yurd yerlərinə - indiki Ermənistanın yerləşdiyi Qərbi Azərbaycana qayıdış məsələsinə beynəlxalq dəstəyin əldə edilməsi istiqamətində növbəti böyük uğur əldə edilib. Belə ki, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının İstanbul şəhərində keçirilmiş 51-ci sessiyasının yekun bəyannaməsinə Qərbi Azərbaycan məsələsi barədə bənd daxil edilib. Sessiyada həmçinin bu mövzuda ayrıca qətnamə də qəbul olunub. Bu, İƏT çərçivəsində qəbul edilən ilk belə sənəddir.
Azərbaycanlılar tarixi yurd yerlərindən zorla çıxarılıblar
İstanbulda Qərbi Azərbaycan icması ilə bağlı qəbul edilən qətnamə “Hazırkı Ermənistan ərazisindən zorla və sistematik şəkildə didərgin salınmış azərbaycanlıların qayıdış hüququ” adlanır ki, bu da təsadüfi deyildir. Soydaşlarımız zaman-zaman məhz öz iradələrinin əksinə olaraq tarixi yurd yerlərini tərk etmək məcburiyyətində qalıblar.
Qərbi Azərbaycan icması böyük bir toplumdur. İcma doğma yurd yerlərini zorla tərk etmək məcburiyyətində qalan yüz minlərlə soydaşımızı və onların qanuni varislərini əhatə edir. Bu icmanın adı zamanında soydaşlarımızın yaşadıqları tarixi ərazilərimizin adından götürülüb. Yəni zamanında imperialist güc mərkəzləri Azərbaycanın Qərb bölgələrində saxta Ermənistan dövləti yaradıblar və həmin ərazilərin milli-etnik tərkibini dəyişiblər. Aborigen sakinlər olan azərbaycanlılar oradan qovulublar və həmin ərazilərdə digər ölkələrdən gətirilən ermənilər məskunlaşdırılıblar. Müxtəlif dövrlərdə çap edilmiş xəritələr və digər sənədlər Ermənistan yaradılarkən böyük saxtakarlıqlara yol verildiyini təsdiqləyir. İndiki Ermənistanın ərazisində tarix boyunca azərbaycanlılar yaşayıblar. Bəhs olunan xəritələrdə onlarla yaşayış məntəqəsinin adları qeyd olunub. Toponimlərin əksəriyyəti Azərbaycan mənşəlidir. Təəssüf ki, sonradan saxtakarlıq edilərək tarixi toponimlərimiz eybəcər adlarla əvəzlənib. Erməni saxtakarlıqları yalnız toponimlərin dəyişdirilməsi ilə bitmir. Burada ermənilər özlərinə xas olan tərzdə yerin altına xaçlar basdırıblar. Sonradan təlimatlar əsasında yaradılan ekspedisiyalar “arxeoloji” qazıntılar aparıblar və necə deyərlər, evrika kəşf ediblər. Belə ki, onlar bəlli yerlərdə qazıntılar aparmaqla torpağa basdırılmış xaçları “tapıblar” və bununla da həmin ərazilərin ermənilərə aid olduğunu “sübut ediblər”...
Bu proses xüsusilə XX yüzillikdə daha geniş vüsət alıb. Belə ki, ötən yüzillikdə soydaşlarımız indiki Ermənistan ərazisində düz dörd dəfə bir-birindən dəhşətli deportasiyalara məruz qalıblar. 1918-ci ildə yeni yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti (AXC) özünün ilk qərarlarından birində bizim tarixi şəhərimizi - İrəvanı Ermənistana faktiki olaraq hədiyyə edib. Ermənilər İrəvana sahiblənməklə kifayətlənməyiblər. 1920-ci ildə sovet hökumətinin qərarı və erməni millətçilərinin təkidi ilə bizim digər tarixi torpağımız ola Zəngəzur da Azərbaycandan alınıb və Ermənistana birləşdirilib. Zəngəzurun Ermənistana verilməsi Azərbaycanı Naxçıvandan və Türkiyədən coğrafi nöqteyi-nəzərdən ayırmaq, bununla da eyni zamanda, Türk dünyasını parçalamaq üçün atılmış bir addım idi.
İrəvanın və Zəngəzurun Ermənistana verilməsi ilə Qərbi azərbaycanlıların faciələri bitmədi. Hamımız yaxşı bilirik ki, 1948-1953-cü illərdə xalqımız növbəti ağır deportasiyaya məruz qalıb.
Qərbi Azərbaycandan soydaşlarımızın XX yüzillikdə sonuncu deportasiyası ötən əsrin səksəninci illərinin sonlarına təsadüf edir. Heydər Əliyev 1987-ci ilin noyabrında bütün vəzifələrdən uzaqlaşdırılandan iki həftə sonra erməni millətçiləri yenidən baş qaldırıblar. Sovet hökuməti onlara dəstək olub və həm Qarabağda, həm də ovaxtkı Ermənistan Respublikasında xalqımıza qarşı növbəti cinayətlərə rəvac verilib. Həmin dövrədək Ermənistanın 170-dən çox kəndində ancaq azərbaycanlılar yaşayırdılar, 90-a yaxın kənddə azərbaycanlılar əksəriyyət təşkil edirdilər. Bütövlükdə, soydaşlarımız Ermənistanın 300-dən çox şəhər və kəndində məskunlaşmışdılar. Onların hamısı 3 il ərzində Ermənistandan zorla çıxarılıb. Sonuncu kəndimiz Nüvədi 1991-ci ilin avqustunda deportasiyaya məruz qalıb.
Qərbi Azərbaycana qayıdış həm tarixi ədalətin bərpası, həm də insan hüquqları məsələsidir
Qərbi Azərbaycana qayıdış özündə bir neçə mühüm məqamı ehtiva edir. Burada söhbət həm beynəlxalq hüququn, həm tarixi ədalətin bərpasından, həm də insan haqlarının təmin edilməsindən gedir. Təəssüf doğuran haldır ki, rəsmi İrəvan Qərbi Azərbaycana qayıdış məsələsini beynəlxalq ictimaiyyətə qəsdən öz ərazi bütövlüyünə təhdid kimi təqdim etməyə çalışır. Bu, açıq-aşkar manipulyasiyadır. Qalib Azərbaycanın heç bir qonşu dövlətə qarşı ərazi iddiası yoxdur. Burada da söhbət Ermənistana qarşı ərazi iddialarından deyil, yüz minlərlə azərbaycanlının tarixi yurd yerlərinə qayıdışına şərait yaradılmasından gedir.
Qayıdış hüququ beynəlxalq konvensiyalarda təsbit olunub. Qərbi Azərbaycan İcmasının məqsədi də tarixi torpaqlarından didərgin salınmış soydaşlarımızın dinc və təhlükəsiz şəraitdə, ləyaqətlə öz dədə-baba yurdlarına qayıdışının təmin olunmasından ibarətdir. Bu, sırf insan haqları məsələsidir. Ermənistanın İcmanın fəaliyyətini təhdid kimi qələmə verməsi məsələnin əsl mahiyyətini təhrif etmək və beynəlxalq hüquqa əsaslanan qayıdış hüququnu tanımamaq cəhdindən başqa bir şey deyldir. İƏT çərçivəsində qəbul edilən “Hazırkı Ermənistan ərazilərindən zorla və sistematik şəkildə didərgin salınmış azərbaycanlıların qayıdış hüququ” adlı qətnamədə təşkilata üzv ölkələrin Qərbi Azərbaycan İcmasının öz yurdlarına ləyaqətli qayıdış hüququna dəstəyi ifadə olunur, habelə Ermənistan tərəfindən sözügedən İcmanın hüquqlarının inkar olunması qınanılır.
Rəsmi İrəvan azərbaycanlıların yurd yerlərinə qayıdış məsələsinə sağlam məntiqlə yanaşmalı və Qərbi Azərbaycan İcması ilə təmaslar qurmalıdır. Ermənistan rəhbərliyi bir sıra öhdəliklərini yerinə yetirməklə, o cümlədən də soydaşlarımızın qayıdış hüququnu tanımaqla və onların ləyaqətli şəkildə geri dönmələrinə şərait yaratmaqla sülhyaratma prosesində səmimiyyətdən çıxış etdiyini təsdiqləmiş olardı.
Mübariz ABDULLAYEV