EN

“Aylıq 7000 manatlıq hazırlıq mərkəzləri sosial ayrı-seçkiliyə yol açır” – Ramin Nurəliyev – ÖZƏL

Milli Məclisin bu gün keçirilən iclasında "Təhsil haqqında" və "Məktəbəqədər təhsil haqqında" qanunlara dəyişiklik layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb. 
Deputat Siyavuş Novruzov bildirib ki, ölkədə münasib qiymətli məktəbəqədər təhsil əlçatan deyil. O qeyd edib ki, bəzi özəl hazırlıq mərkəzləri aylıq 7000 manat tələb edir və bu, sosial reallıqlara uyğun gəlmir. Deputat yaşayış binalarının altında münasib qiymətli mərkəzlərin yaradılmasını və nəzarətin gücləndirilməsini təklif edib.

Mövzu ilə bağlı İxtisas seçimi və gələcək karyera üzrə mütəxəssis, təhsil üzrə ekspert Ramin Nurəliyev Olaylar.az-a danışıb. Ekspert qeyd edib ki, Məktəbəqədər təhsildə keyfiyyətin aşağı olması və nəzarətsizlik özəl bağçaların qiymətini süni şəkildə artırır və sosial bərabərsizliyə yol açır:

"Məktəbəqədər təhsilin keyfiyyəti hazırda kifayət qədər aşağı səviyyədədir. Bu da özəl bağçalarda qiymətlərin süni şəkildə artmasına səbəb olur. Dövlət bağçaları keyfiyyətli fəaliyyət göstərsə, valideynlər yüksək məbləğ ödəyərək uşaqlarını özəl müəssisələrə yazdırmaq məcburiyyətində qalmaz.
Bu sahədə xüsusi nəzarət və mütəmadi reydlər vacibdir. Təhsil Nazirliyi bağçalarda da sertifikasiya imtahanının keçirilməsini nəzərdə tutur. Çünki hazırda fəaliyyət göstərən müəllimlərin təxminən 30-35%-i ixtisası üzrə deyil və peşəkar hazırlığa malik deyil. İbtidai sinif müəllimləri üçün tətbiq olunan sertifikasiyada 7000 nəfərə yaxın müəllim uğursuz oldu və nəticədə əmək müqavilələrinə xitam verildi. Düşünürəm ki, bağçalarda da bu nəticə bənzər olacaq və müəllimlərin əhəmiyyətli hissəsi sertifikasiya testini keçə bilməyəcək.
Əvvəllər bağçalar yerli icra hakimiyyətlərinin nəzarətində idi və işə qəbulda qeyri-rəsmi amillər - qohumbazlıq və ya rüşvət halları müşahidə olunurdu. Hazırda bağçalar Elm və Təhsil Nazirliyinin tabeliyindədir və əvvəlki dövrlərə nisbətən irəliləyiş olsa da, bu kifayət deyil. Tədris, tərbiyə, qida və digər sahələrdə ciddi nəzarət olmalıdır.
Əgər valideyn dövlət bağçalarından razı qalsa, özəl sektora müraciət etməz. Ancaq indi qiymətlər çox yüksəkdir - 3000, 4000, hətta 7000 manatadək aylıq ödəniş tələb edən bağçalar var. Bu cür qiymətlər cəmiyyət daxilində sosial ayrı-seçkilik yaradır. Əlbəttə, özəl sektor istədiyi qiyməti qoya bilər, çünki qanuni şəkildə vergi ödəyir və xidmət göstərir. Amma bu qiymətlərin bu qədər yüksək olması, dövlət sektoruna olan inamı azaldır. Siyavuş müəllimin irəli sürdüyü təklif çox vacib və yerindədir. Bu sahədə nəzarət gücləndirilməli, qayda-qanun bərpa olunmalıdır".

Təhsil üzrə ekspert Ramin Nurəliyev Deputat Siyavuş Novruzovun "Mağaza və gözəllik salonlarının əvəzinə, yaşayış binalarının altında məktəbəqədər mərkəzlər açılmalıdır" fikrinə istinadən bildirib ki, məktəbəqədər təhsil müəssisələrinin yaşayış binalarında yerləşməsi qanunsuzdur və bağça çatışmazlığı problemini həll etmək üçün həm Bakıda, həm də regionlarda yeni bağçalar tikilməlidir.

"Xeyr, mən bu fikirlə qətiyyən razı deyiləm. Əgər belə bir təklif irəli sürülübsə, bu, tamamilə yanlışdır. "Təhsil haqqında" qanunlara görə, təhsil müəssisələri yaşayış binalarından ayrı, ayrıca tikililərdə yerləşməlidir. Bu həm dövlət, həm də özəl müəssisələrə aiddir. Yaşayış binasında bağça və ya ümumi təhsil müəssisəsinin fəaliyyəti qanunsuzdur. Əgər valideyn özəl bağçaya bu qədər vəsait ödəyirsə, həmin müəssisənin yerləşdiyi bina və təhlükəsizlik şəraiti də mütləq nəzərdən keçirilməlidir. Fövqəladə Hallar Nazirliyi və digər dövlət qurumları bu müəssisələrdə xüsusi yoxlamalar aparmalı və onların standartlara uyğunluğunu təmin etməlidir. 
Bu, açıq şəkildə qanunda əks olunub və icazə verilmir. Əgər kimsə bu cür təklifi müdafiə edibsə, bu, tamamilə yanlış və ziddiyyətli yanaşmadır. Bəli, gözəllik salonları və ya mağazalar kimi kommersiya obyektlərinin belə yerlərdə yerləşməsi mümkündür. Amma tədris müəssisələri üçün bu, nə hüquqi, nə də təhlükəsizlik baxımından qəbulolunandır. Dövlət bağçalarının heç biri belə tikililərin altında fəaliyyət göstərmir və belə bir hal da yoxdur. Doğrudur, hər iki valideyn işləyən ailələr üçün uşaq bağçalarının əlçatan olmaması ciddi problemdir. Bu məsələ, əsasən, mövcud bağçaların sayının azlığı ilə əlaqəlidir. Statistikaya görə, hal-hazırda ölkədə məktəbəqədər yaşda olan uşaqların cəmi 34-35 faizi bağçalarla əhatə olunub. Bu isə, təbii olaraq, kifayət qədər bağçaların olmaması ilə bağlıdır.
Düşünürəm ki, artıq bu istiqamətdə müəyyən addımlar atılır. Təhsil naziri də əvvəlki çıxışlarında bu məsələyə toxunaraq bağça sayının artırılması zərurətindən danışıb. Etiraf etməliyik ki, bu sahədə birdən-birə nəticə əldə etmək çətindir. Lakin prosesin başlanması özü müsbət haldır.
Valideynlərin uzaq məsafəyə uşaq aparması probleminin əsas səbəbi bağçaların sayca azlığıdır. Əgər bağçaların sayı artırılsa, bu məsələ müəyyən qədər öz həllini tapar. Amma bu məsələyə yalnız Bakı şəhəri kontekstində baxmaq olmaz. Rayon və kəndlərdə vəziyyət daha ağırdır. Orada məktəbəqədər təhsil müəssisələrinin ya sayı çox azdır, ya da ümumiyyətlə yoxdur. Bu da bölgələrdə yaşayan, işləyən valideynlər üçün ciddi çətinliklər yaradır. Həm Bakı, həm də regionlar üzrə məktəbəqədər təhsil müəssisələrinin inşası və genişləndirilməsi istiqamətində müvafiq və konkret addımlar atılmalıdır".

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
40
27
olaylar.az

10Sources