EN

Ayda 40 000 manat qazanan bloger nə qədər vergi ödəməlidir?

Sosial media platformalarında, xüsusilə də “Instagram” və “TikTok” kimi şəbəkələrdə məhsul və xidmətlərin reklamı ilə məşğul olan blogerlərin sayı günbəgün artır. Onlar bu sahədən ciddi gəlirlər əldə edir, bəzən bir paylaşım üçün minlərlə manat qazanırlar. Son dövrlərdə blogerlər üzərinə vergi qoyulub. Bəzi blogerlər vergiləri ödəsə də, bəziləri reklam məhsullarını tövsiyə başlığı altında yayımlayaraq vergidən yayınır. Blogerlərin reklam qarşılığında qazandığı gəlirlərin vergiyə cəlb olunması necə tənzimlənir? Necə müəyyən edilə bilər ki, blogerin etdiyi tövsiyə yox, reklamdır?

Vergi eksperti Təhməz Qaçayev "Valyuta.az"a açıqlamasında bildirdi ki, blogerlər əgər hər hansı bir məhsulu və ya xidmət sahəsini reklam edirsə, bu reklamlardan əldə etdiyi gəlirdən mütləq vergi ödəməlidir: “Məhsulun reklam və ya tövsiyə xarakterli olması blogerin bu fəaliyyət üzrə davamiyyətinə görə təhlil oluna bilər. Əgər bloger eyni və ya eynicinsli məhsulları və ya xidmətləri mütəmadi olaraq tövsiyə edirsə, bu iş artıq reklam xarakterli qəbul edilir və vergiyə cəlb edilir.

Həmçinin, vergi orqanları tərəfindən əlaqəli (anoloji) məlumatlar əsasında blogerin fəaliyyətinin reklam xarakterli olduğu aşkar oluna bilər”.

Bəs bu halda bloger fəaliyyəti göstərən şəxslər nə etməlidir?

“İlk növbədə onlar vergi uçotuna alınmalı, yəni (VÖEN) əldə etməlidir. Daha sonra göstərdiyi xidməti rəsmiləşdirməli (müqavilə bağlamaq, elektron qaimə göndərmək) və gəlirlərinin, xərclərinin uçotunu apararaq vergi ödəməlidir” - deyə ekspert bildirdi.

Bəs bloger fəaliyyəti göstərən şəxs hansı vergi metodunu seçə bilər?

T.Qaçayev deyir ki, bloger fəaliyyəti göstərən şəxslər gəlir vergisinin ödəyicisi hesab edilirlər:
“Vergi Məcəlləsinin 102.1.30 və 102.1.30-1-ci maddələrinə əsasən, bloger fəaliyyəti göstərən şəxslərin illik gəliri 200.000 manatı keçmədikdə onlar mikrosahibkarlıq subyekti hesab edilirlər və vergi güzəştlərindən yararlana bilərlər

Belə ki, blogerin reklam fəaliyyəti üzrə illik gəliri 45.000 manatı keçmədikdə onlar 75% güzəştdən istifadə etmək hüququna malikdirlər. Bir növ, gəlirlərindən 5% dərəcə ilə vergi ödəmək hüquqları vardır. Bloger fəaliyyəti göstərən şəxsin bu fəaliyyət üzrə illik gəliri 40.000 manat, xərcləri isə 15.000 manat olub.

Gəlir vergisinin hesablanması: 40.000 - 15.000 = 25.000

25.000 - 75% = 6.250
6.250 × 20% = 1.250 manat vergi məbləği”.

Bəs blogerlərin illik gəliri 45.000 manatdan çox, lakin 200.000 manatdan azdırsa?

“Bu halda onun vergi güzəştindən istifadə etməsi üçün orta aylıq işçi sayı azı 3 nəfər olmalıdır. Əks halda, güzəşt hüququndan məhrum olaraq 20% dərəcə ilə vergi ödəməlidir”.

T.Qaçayev qeyd edir ki, blogerlər vergidən yayındıqda onları cərimə və sanksiyalar gözləyir:
“Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən blogerləri yayındırılmış və ya bəyan edilməmiş vergi məbləğlərinin 50%-i miqdarında maliyyə sanksiyası (cərimə) gözləyir. 

Misal: Blogerin illik gəliri 50.000 manat olmuş, xərcləri isə 10.000 manat olmuşdur. Ancaq buna baxmayaraq o, gelirini bəyan etməyib və vergidən yayınıb. Bu halda bloger hansı cərimə ilə üzləşir?

İlk növbədə vergi öhdəliyi yaranır: (50.000-10.000)*20%= 8.000 manat

İkinci növbədə isə sanksiya (cərimə): 8.000*50%= 4.000 manat

Üçüncü növbədə: vergi ödənişini gecikdirdiyi üçün faizlər”.

Tənzilə Ağabalayeva

Chosen
16
valyuta.az

1Sources