ABŞ Prezidenti Donald Trampın verdiyi son bəyanatlarla İsrail və İran arasında atəşkəs razılaşmasının mövcud olduğunu təsdiqlədi. Hər iki tərəf 12 gün çəkən gərginlik və çatışmalardan sonra atəşkəsə razılaşıb. Bu addım beynəlxalq ictimaiyyətə bölgədəki mümkün sabitlik istiqamətində müəyyən ümidlər verir. Lakin Trampın çıxışında "xüsusilə İsraildən məmnun deyiləm" ifadəsi yeni müzakirələrə səbəb olub. İsrailin münaqişəyə strateji yanaşmalarını təhlil edəndə və Təl Əvivin eskalasiyada qarşısına qoyduğu əsas məqsədlərə çatdığını nəzərə alanda atəşkəsin davam edəcəyinə inam artır. Bununla belə, İsrail rəhbərləri İranı özünə qarşı strateji təhdid saymağa davam edir. Bu da atəşkəs razılaşmasının son dərəcə kövrək olduğunu, hər an pozula biləcəyini söyləyənlərlə razılaşmağa zərurət yaradır. Odur ki, vəziyyəti belə ümumiləşdirmək olar: atəşkəsin davam edib-etməyəcəyi İranın sonrakı addımlarından asılı olacaq.
Trampın bəyanatlarından bəlli olur ki, ABŞ Tehrandan kifayət qədər ciddi vədlər alıb. Bu vədlər təkcə İranın nüvə silahını yaratmaq iddiasından əl çəkməsi ilə yekunlaşmır. İsrail və ABŞ-ın Ayətullah Xəmneyinin həyatda qalmasını təmin etməsi onu göstərir ki, İranın dini lideri pərdə arxasında islahatlara getməklə bağlı öz üzərinə öhdəliklər götürüb. Əlbəttə, İranda siyasi islahatların ilk addımı elə Xəmneyinin postundan getməsi ola bilər. Artıq həm dünya, həm də İranın hakim elitası başa düşür ki, mövcud sistemlə İran uzun müddət ayaqda qala bilməyəcək. Odur ki, sistemin təzələnməsi İranın özü üçün də aktual görsənir. Fəqət Xəmneyidən sonra İranda ciddi lider və hakimiyyət boşluğu yarana bilər ki, bunun qarşısının alınması üçün ruhani liderin öz varisini müəyyən etməsi şərtdir. Çox güman bu varis artıq ABŞ-la razılaşdırılıb.
Yeni liderin ilk vəzifəsi teokratik rejimin hərbi və iqtisadi sistemindəki paralel strukturları zərərsizləşdirmək olacaq. SEPAH kimi qurumların siyasi təsir dairəsinin sonlandırılması və iqtisadiyyat üzərində klerikal nəzarətin sıradan çıxarılması üçün İranda yeni konstitusiyanın qəbul edilməsi lazımdır. Ancaq bütün bunlar həm də ciddi müqavimət deməkdir. Xüsusən də ona görə ki, yeni konstitusiya İrandakı çoxsaylı etnik qrupların milli haqlarına da təminat verməlidir. Azərbaycanlılar, kürdlər, bəluclar və digər etnik qruplar yeni konstitusiyaya qarşı çıxsalar, bu, ölkədə ciddi daxili böhran və iç münaqişə yaradacaq. SEPAH kimi strukturlar bu iç böhrandan istifadə edərək çevrilişə cəhdlər göstərə bilər. Bununla belə, islahatlara qarşı çıxmaq İranı daha ciddi risklərlə qarşı-qarşıya qoya bilər. Beynəlxalq sanksiyaların artması, daxili qeyri-sabitlik, iqtisadi çöküş və ən başlıcası, İsrailin yeni həmlələri İranın özünü də, bölgəni də xaosa sürükləməsinə yol açar.
Bütün bunlar İranşünaslar arasında başqa bir vacib sual da ortaya çıxardıb. İslahatlar İranı dünyəviləşdirəcək, yoxsa teokratik rejim sistemi optimallaşdıraraq özünü qoruyacaq? Bu sualın cavabını, heç şübhəsiz, İran cəmiyyətinin islahatlara reaksiyası verəcək. İslahatlara ictimai dəstək qazanmaq üçün sosial rifah proqramları, mərkəzi idarəetmənin demokratik prinsiplərlə əvəz olunması çox önəmlidir. Zira, bu dəyişikliklərə xeyli vaxt lazımdır. İrana bu vaxt verilmiş kimi görünür. Lakin bu vaxtdan razılaşmaya uyğun istifadə olunacaq, yoxsa revanş üçün? Bilinmir!