EN

ABŞ və İsrailin islam ölkələrinə qarşı fitnələri nəticəsiz qalacaq - Pezeşkian

BAKI, TurkicWorld

ABŞ və İsrailin islam ölkələrinə qarşı fitnələri nəticəsiz qalacaq.

TurkicWorld xəbər verir ki, bu sözləri İran Prezidenti Məsud Pezeşkian Oman sultanı Heysəm bin Tariqlə telefon danışığında deyib.

Pezeşkian İslam ölkələrinin qarşı-qarşıya qoyulmasını İsrail və ABŞ-ın şeytani fitnəsi adlandırıb.

"İnanıram ki, region ölkələrinin liderlərinin müdrikliyi ilə bu fitnə baş tutmayacaq və biz bir-birimizlə əməkdaşlıq edərək bölgəmizdə inkişaf, sakitlik və sülh dolu, müharibə və toqquşmalardan uzaq bir şərait yarada bilərik" - deyə, Pezeşkian vurğulayıb.

O, Omanın bölgədə sülh və sabitliyin bərqərar olunması yolundakı açıq mövqeyinə və dəstəyinə görə Oman sultanına təşəkkürünü bildirib və əlavə edib ki, İran islam ölkələri ilə heç vaxt münaqişə aparmaq niyyətində deyil.

"İran İslam Respublikası bütün qonşu və region ölkələrini, eləcə də İslam ölkələrini öz qardaşları hesab edir və heç vaxt onlarla qarşıdurma və toqquşma niyyətində olmayıb" - deyə, o bildirib.

O həmçinin qeyd edib ki, ABŞ-ın İsrailim hərbi əməliyyatlarına birbaşa müdaxiləsi İranı buna qarşı cavab verməyə məcbur edib.

"Biz ürəyimiz istəmədiyi halda belə, amerikalılara cavab verməyə məcbur olduq və bu məsələni qardaşım Şeyx Təmimlə söhbətim zamanı ona izah etdim və ondan üzr istədim" - deyə, Pezeşkian vurğulayıb.

O, İranın öz haqqından əsla geri çəkilməyəcəyini vurğulayıb və bildirib ki, İran xalqı Omanın bu yolda həmrəyliyini və danışıqların aparılmasında göstərdiyi köməyi heç vaxt unutmayacaq.

"Ümid edirəm ki, gələcəkdə də sizin yardımınızdan faydalanacağıq" - deyə, o əlavə edib.

Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də İran ərazisinə hava zərbələri endiriblər. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas keçirməsini istəyib.

Bu hücumlara cavab olaraq isə İran Ordusu İsrailə qarşı "Doğru vəd III" adlı əməliyyat keçirib. Təl-Əviv, Qüds və digər bölgələrə yüzlərlə ballistik raket buraxılıb.

ABŞ isə münaqişənin gərginləşməsindən doqquz gün sonra – 22 iyun gecəsi İrandakı üç nüvə obyektinə hücum etməklə münaqişəyə qoşulub. 23 iyun axşamı İran ABŞ-ın Qətərdə yerləşən və Yaxın Şərqin ən böyük Amerika bazası olan Əl-Udeyd bazasına raket zərbəsi endirib. ABŞ hakimiyyət orqanlarının verdiyi məlumata görə, hücum nəticəsində itki və ya ciddi dağıntı qeydə alınmayıb.

ABŞ prezidenti Donald Trampın bəyanatına əsasən, İsrail və İran tam atəşkəsə razılıq veriblər. İsrail hakimiyyəti ABŞ-ın təklifini qəbul etdiyini və qarşıya qoyulan bütün məqsədlərə nail olunduğunu bəyan edib.

Chosen
50
7
turkic.world

8Sources