EN

Azərbaycan regionun ən böyük energetika dövlətidir

Qarabağ Zəfərimizdən ad alan “8 Noyabr” Elektrik Stansiyası isə ölkəmizin yeni güc mərkəzidir

Prezident İlham Əliyevin dövlət başçısı olaraq fəaliyyətinin bütün mərhələlərində ölkəmizin elektroenergetika sisteminə, eləcə də paytaxtın elektrik şəbəkəsinə daim diqqət və qayğı göstərilib. Bu sahədə genişmiqyaslı islahatlar gerçəkləşdirilib, yenidənqurma, tikinti işləri böyük vüsət alıb. Dövlətimizin başçısının tapşırığı ilə hazırlanan Reabilitasiya Proqramı çərçivəsində energetika sistemi əsaslı şəkildə modernləşdirilib, “itirilmiş” generasiya gücləri bərpa edilib.

Dövlətimizin başçısı çıxışlarının birində energetika sistemində görülən işləri yüksək qiymətləndirib, xüsusilə son illərdə həyata keçirilən tədbirlərin enerji təsərrüfatını tamamilə yeniləşdirdiyini, respublikamızı qonşu dövlətlərlə birləşdirən yüksək gərginlikli xətlər çəkildiyini, bir çox yerlərdə yeni yarımstansiyaların tikildiyini, transformatorların quraşdırıldığını bildirib: “Bölgələrə çoxsaylı səfərlərim çərçivəsində mən həmişə maraqlanıram və vətəndaşlardan soruşuram ki, enerji təminatı necədir? Son illər ərzində hər zaman müsbət rəylər eşidirəm. Bu, məni çox sevindirir. Bu, onu göstərir ki, “Azərenerji” və “Azərişıq” bu istiqamətdə çox böyük işlər görürlər...”.

Bir sözlə, energetika sahəsində həyata keçirilən çox böyük layihələr sayəsində Azərbaycanda enerji təchizatı ilə bağlı bütün əsas problemlər, demək olar ki, həllini tapıb, respublikamız artıq enerji təminatçısına çevrilib. Belə ki, əvvəlki dövrlərdə ölkəmiz elektrik enerjisi üzrə idxaldan asılı idi. İndi isə həm daxili tələbat ödənilir, həm də bu istiqamətdə ixrac həyata keçirilir.

Prezident İlham Əliyevin iştirakı ilə iyunun 24-də “8 Noyabr” Elektrik Stansiyasının istifadəyə verilməsi də respublikada elektrik enerjisi təsərrüfatının fəaliyyətinin gücləndirilməsinin bariz ifadəsidir. Dövlətimizin başçısı bu mərasimdə çıxış edərək deyib: “Bu gün ölkəmizin energetika sahəsində əlamətdar bir gündür. “8 Noyabr” Elektrik Stansiyasının açılışı çox gözəl hadisədir. Ümumilikdə ölkəmizin enerji potensialını böyük dərəcədə gücləndirəcək bu stansiyanın yaradılması və qısa müddət ərzində bütün işlərin başa çatması ölkəmizin gücünü, potensialını, energetiklərimizin təcrübəsini, peşəkarlığını göstərir”.

Dövlət başçısı çıxışında “8 Noyabr” Elektrik Stansiyasının respublikamızın ən böyük elektrik infrastrukturu olduğunu, 1880 meqavat gücündəki qurğunun Azərbaycanın enerji potensialını daha da gücləndirəcəyini, enerji sisteminin səmərəliliyini artıracağını və beləliklə, Mingəçevirin nəinki ölkəmizin, bütövlükdə Cənubi Qafqazın energetika mərkəzi olan statusunu daha da möhkəmləndirəcəyini qeyd edib. Prezident İlham Əliyev, eyni zamanda, hazırda Azərbaycanın elektrik enerjisinin 40 faizindən çoxunun Mingəçevirdə istehsal olunduğunu və görülmüş bütün bu işlərin bir daha Azərbaycanın doğru yolla irəlilədiyini göstərdiyini diqqətə çatdırıb.

Dövlətimizin başçısının 25 oktyabr 2022-ci il tarixli “Azərbaycan Respublikasında elektrik enerjisi təminatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlərin həyata keçirilməsi haqqında” sərəncamı da ölkənin elektrik enerjisi ilə fasiləsiz təminatını daha da gücləndirmək, təhlükəsizliyin maksimal səviyyədə əldə olunmasını şərtləndirmək baxımından mühüm önəm daşıyır.

Adıçəkilən sənəddə “Azərbaycan” İstilik Elektrik Stansiyasının modernləşdirilməsi respublikanın enerji dayanıqlığının təmin olunması, əlavə generasiya güclərinin yaradılması, enerji tələbatının qarşılanması, ixrac imkanlarının artırılması, ətraf mühitin qorunması, elektrik enerjisinin istehsalında təbii qaza qənaət edilməsi, iqlim dəyişiklikləri ilə bağlı baş verən kataklizmlərin qarşısının alınması və regionda yeni iş yerlərinin açılması baxımından xüsusi əhəmiyyətə malik olduğu bir daha diqqətə çatdırılır.

Reallaşdırılan layihələr nəticəsində hazırda “Azərbaycan” Elektrik Stansiyasının generasiya gücü 1800 meqavat, “8 Noyabr” Stansiyasının gücü 1880 meqavatdır, Su Elektrik Stansiyasının gücü isə 400 meqavatdan çoxdur. Beləliklə, Azərbaycanın elektrik enerjisinin 40 faizindən çoxu Mingəçevirdə istehsal olunur və bu, nəinki Azərbaycanın, Cənubi Qafqazın əsas energetika mərkəzidir.

Dövlətimizin başçısı çıxışında daha sonra deyib: “Bu layihənin qısa müddət ərzində icra edilməsi, – energetiklər bunu yaxşı bilirlər – rekord nəticə sayıla bilər. Çünki, təxminən, 2 min meqavatlıq elektrik stansiyasının inşa müddəti bir neçə il davam edir – bəlkə də üç il, dörd il, beş il, bəlkə daha da çox. Misal üçün, elə sovet dövründə Mingəçevirdə “Azərbaycan” İstilik Elektrik Stansiyasının inşası 1974-cü ildə başlamışdır və birinci blok 1981-ci ildə istismara verilmişdir. Yəni, 7 ildən sonra 300 meqavat enerji əldə edilmişdir. Biz isə iki il ərzində təxminən 2 min meqavat enerji əldə etmişik və əlbəttə ki, bunun bir çox səbəbləri var. Təbii ki, buna burada mövcud olan energetika bazamız, təcrübəmiz, Azərbaycan energetiklərinin peşəkarlığı, bilikləri, təcrübələri və əlbəttə ki, bizim beynəlxalq tərəfdaşlarımızın da töhfəsi şərait yaratdı”.

Dövlətimizin başçısı çıxışında qeyd edib ki, “8 Noyabr” Stansiyasının istismara verilməsi bir çox məqsədləri təmin edəcək. Enerji sisteminin səmərəliliyi yüksələcək, potensial, generasiya gücü artacaq, eyni zamanda, şərti yanacaq sərfiyyatı kəskin aşağı düşəcək və beləliklə, bu, Azərbaycana təbii qaza qənaət etmək üçün imkan yaradacaq. Çünki hər kəs yaxşı bilir ki, Azərbaycan qazına bu gün dünya bazarlarında böyük tələbat var və nə qədər biz daxildə təbii qaza qənaət etsək, ixrac imkanlarımız da bir o qədər artacaq.

Beləliklə, burada şərti yanacağın sərfiyyatının az olması Azərbaycana əlavə qazanc gətirəcək. Təbii olaraq, ölkə təbii qazın qənaətini, eyni zamanda, bərpaolunan layihələrdə görür. Azərbaycan bu istiqamətdə də qabaqcıl dövlətlər sırasındadır.

Göründüyü kimi, energetika sektorunun müasir tələblər səviyyəsində inkişafı, vətəndaşların enerji resurslarına əlçatanlığının və məmnunluğunun təmin olunması Prezident İlham Əliyevin sosial-iqtisadi siyasət kursunun prioritet hədəfləri sırasındadır. Postkonflikt dövründə isə düşməndən təmizlənən ərazilərdə gedən bərpa-quruculuq işləri dövlətimizin başçısının xüsusi diqqətindədir.

Hazırda işğaldan azad edilən Qarabağ və ətraf bölgələrimizdə bərpa işləri sürətlə aparılır. Bu torpaqlarda infrastrukturun yenidən qurulması, energetika sisteminin yaradılması xüsusi diqqətdə saxlanılır.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında energetika sisteminin yaradılmasından bəhs edərkən, bir məsələni xatırlatmaq istərdik. Belə ki, dövlətimizin başçısı 2021-ci il mayın 3-də “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında” sərəncam imzalamaqla respublikamızda “yaşıl enerji” zonasının qurulmasına start verib.

“Yaşıl enerji” zonası layihəsinin Qarabağ və Şərqi Zəngəzurda reallaşdırılmasını potensial imkanlarla bərabər, digər amillər də şərtləndirir. Belə ki, bu gün dünyanın ən qabaqcıl texnologiyaları alternativ enerjidən istifadənin stimullaşdırılmasına və ekoloji tarazlığın təmin edilməsinə yönəldildiyindən, adları çəkilən iqtisadi rayonların bərpayenidənqurma məsələlərində də bu istiqamət əsas götürülür.

Xatırladaq ki, Qarabağ və Şərqi Zəngəzurda “yaşıl enerji” zonası 10 min kvadratkilometr ərazini əhatə edir. Bura daxil olan bölgələr 7200 meqavat Günəş, 2000 meqavat külək enerjisi potensialına malikdir.

Ölkəmizin daxili su ehtiyatlarının isə, təxminən, 25 faizi, yəni illik 2 milyard 560 milyon kubmetri bu ərazilərdə formalaşır. Günəş enerjisi potensialı Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlıda, külək enerjisi potensialı isə Laçın və Kəlbəcərin dağlıq ərazilərində müşahidə olunur. Aparılan təhlilə əsasən, işğaldan azad edilmiş ərazilərdə bütövlükdə 10 min meqavata yaxın bərpaolunan külək və günəş-elektrik enerjisinin istehsalı mümkündür. Regionun Tərtərçay, Bazarçay, Həkəriçay kimi əsas çaylarının və digər kiçik çayların da böyük hidroenerji potensialı var. Həmçinin ilkin təhlillərə əsasən, Kəlbəcərdə günlük 3093 kubmetr, Şuşada isə günlük 412 kubmetr termal su ehtiyatlarının mövcud olması ehtimal edilir.

Yuxarıda qeyd edilənləri yekunlaşdırıb deyə bilərik ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə əldə olunan uğurlar enerji sektorunun inkişafında da özünü aydın şəkildə göstərir. Respublikanın sosial-iqtisadi tərəqqisinin təmin edilməsində mühüm elementlərdən olan bu sahənin inkişafına prioritet istiqamət kimi yanaşılaraq, elektrik enerjisi təsərrüfatında köklü islahatlar həyata keçirilir. Bu prosesin davamlılığı diqqətdə saxlanılır, enerji sisteminin etibarlılığının təmin olunması, bu sahədə mükəmməl infrastrukturun yaradılması üçün ardıcıl və kompleks tədbirlər davam etdirilir.

V.BİNYATOĞLU
XQ

Chosen
17
xalqqazeti.az

1Sources