EN

26 İyun – milli ruhun və qürurun təntənəsi

Bəzən elə günlər olur ki, onların əhəmiyyəti nə zamana, nə də məkanla ölçülə bilər. Bu cür günlər bir xalqın ruhuna hopur, onun kimliyini, mübarizəsini və yaddaşını canlandırır. Belə günlər zamanın sükutunu və əsrlərin unudulmaz xatirələrini yaradır. Onlar millətin ruhunda əbədi yaşayacaq müqəddəs nişanələrə çevrilir və gələcək nəsillərə örnək olur.

26 İyun – Silahlı Qüvvələr Günü təkcə bir dövlət quruculuğu və hərbi strukturun formalaşması günü deyil. Bu gün, eyni zamanda, millətin öz varlığını, istiqlalını və suverenliyini qorumaq üçün ayağa qalxdığı, nəfəsini, qüvvəsini, qəlbini silaha, sipərə və bayrağa çevirdiyi müqəddəs bir anın simvoludur. Bu günün mənası tarixi qanunauyğunluqla yanaşı, milli şüurun dərin qatlarına nüfuz etmiş, hər bir vətəndaşın ruhunda daşıdığı qürur və məsuliyyət kimi ifadə olunur.

26 iyun günü, xalqın qəlbi dağlar qədər möhkəm, sarsılmaz, həyatın bütün çətinliklərinə sinə gərən gücdədir. Bu qəlb hər bir çətinliyə, düşmən təhdidlərinə qarşı dimdik dayanır, sarsılmaz iradəsi ilə gələcəyə doğru parlaq işıq saçır. Ruh isə qılıncın parıltısı qədər iti və kəskindir, sanki hər an qələbəyə doğru şəfəq saçan bir işıqdır. Xalqın yaddaşı isə səngərin dərinliyi qədər möhkəm və genişdir, burada hər qəhrəmanın, hər şəhidin, hər vətən uğrunda canından keçənin xatirəsi saxlanılır, əbədiləşir.

Bu gün yalnız bir tarixi hadisənin xatırlanması deyil, eyni zamanda milli iradənin, vətənpərvərlik ruhunun və mənəvi dəyərlərin təntənəsidir. 26 iyun bir millətin azadlıq, müstəqillik və vətən sevgisi yolunda yaşadığı çətinliklərin, qurbanların və zəfərlərin simvoludur. Bu gün, bir anlamda, millətin öz varlığını, tarixi taleyini və gələcəyini qorumaq üçün göstərdiyi sədaqətin və fədakarlığın poetik və elmi əks-sədasıdır. Hər birimiz üçün bu gün həm də milli yaddaşın, həm də milli ruhun yenidən doğuşunun, milli qürurun təntənəsi və təcəssümüdür. Bu tarix xalqımızın keçdiyi yollardan, qarşılaşdığı sınaqlardan alınan dərslərin, mübarizənin və ümummilli həmrəyliyin təzahürüdür.

Azərbaycan Xalq Cümhuriyyəti tarixin səhifələrində sanki səhrada açan incə bir lalə kimi parladı. Qısa ömürlü olsa da, böyük qürurla və şərəflə dolu idi. 1918-ci ilin 26 iyun tarixində qəbul olunan qərarla ordu quruculuğu başlanıldı. Bu qərar, xalqın azadlıq və müstəqillik arzularının ən mühüm təzahürü oldu. Həmin ordunun məqsədi sadəcə torpağı qorumaq deyil, xalqın yuxularını, azadlığını qorumaq idi. Bu ordunun əsgərləri sərhəddə, həyat və ölüm arasında dayanaraq, yalnız Vətəni düşünürdülər. Azərbaycan Xalq Cümhuriyyətinin ömrü qısa olsa da, ruhu heç vaxt sönmədi. O ruh xalqın qan yaddaşında dərin kök saldı və nəsildən nəsilə ötürülərək hər bir gəncin, ordu sıralarında yer alan hər bir əsgərin qəlbində yenidən alovlandı.

Müstəqillik bərpa olunduqca həmin ruh yenidən canlandı. 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdə xalq anladı ki, bayrağı ucaldan əllər güclü ordusuz heç nədir. Lakin o illər çox ağır keçirdi. Ordu zəif, xalq narahat, torpaqlar işğal altında idi. Belə ağır vəziyyətdə dövlətin rəhbərliyinə xalqın çağırışı ilə Heydər Əliyev gətirildi. Nə üçün Heydər Əliyev? Çünki Azərbaycan xalqının yaddaşında Heydər Əliyevin çox da uzaq olmayan 1969-cu ildə hakimiyyətə birinci gəlişi barədə xatirələr dərin kök salmışdı. Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə Azərbaycan rəhbərliyinə gəlişi ilə ölkəmizin ictimai-siyasi həyatında dərin və köklü dəyişikliklər baş verdi. Onun uzaqgörən siyasəti, müdrik rəhbərliyi və milli maraqlara əsaslanan fəaliyyəti nəticəsində bir çox sahələrdə, o cümlədən hərbi quruculuq sahəsində mühüm islahatlar həyata keçirilməyə başladı. Məhz Ulu Öndərin təşəbbüsü və qətiyyəti ilə Azərbaycanda milli hərbi kadrların hazırlanması məsələsinə xüsusi diqqət yetirildi. Bu istiqamətdə atılan addımlar strateji əhəmiyyət daşıyırdı və gələcəkdə güclü, peşəkar ordunun formalaşması üçün əsaslı zəmin yaratdı.

Ulu Öndər Heydər Əliyev hələ Sovet dövründə Azərbaycan gənclərinin hərbi sahədə təhsil almaları üçün müxtəlif ali hərbi məktəblərə göndərilməsinə nail oldu. Belə ki, Heydər Əliyev 1971-ci ildə böyük zəhmətlər bahasına Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin – görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail oldu. Sözügedən məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına gətirib çıxarmışdı. Ulu Öndər Heydər Əliyevin sayəsində azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində oxuması, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunması mümkün oldu. Bu isə gələcək müstəqil Azərbaycan Ordusunun peşəkar kadr potensialının bünövrəsinin əsasını qoydu. Bu baxımdan tam əsasla söyləmək olar ki, müasir Azərbaycan Silahlı Qüvvələrinin inkişaf və formalaşma tarixi məhz Ulu Öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. Onun hərbi sahəyə göstərdiyi xüsusi diqqət və qayğı, milli ordu quruculuğuna verdiyi töhfələr gələcəkdə Azərbaycanın müstəqilliyini qoruyacaq güclü silahlı qüvvələrin formalaşmasına imkan yaratdı.

Beləliklə, 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev ölkədə ordu quruculuğu işlərini daha da sürətləndirdi. Onun dövründə orduya göstərilən diqqət nəticəsində silahlı qüvvələrimiz struktur baxımından təkmilləşdi, hərbi texnika və kadr hazırlığı sahəsində ciddi addımlar atıldı, vətənpərvərlik ruhunda zabit və əsgərlərin yetişdirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirildi.

Ulu Öndərin 1993-cü ildə hakimiyyətə gəlişi yalnız siyasi sabitlik deyil, həm də xalqın qürurunun, ruhunun bərpası oldu. Heydər Əliyev ordu quruculuğuna xalqın övladı kimi yanaşdı. Əsgərin əlindəki silahdan öncə qəlbindəki inancı gücləndirdi, çünki yaxşı bilirdi ki, əsgər torpağı sevmədən süngü qaldırmaz, bayrağı anlamadan onu qoruyacaq əl də titrəyər.

Bu yeni ordu artıq təkcə döyüşən deyil, həm də düşünən, anlayan və hiss edən bir güc kimi formalaşırdı. Ordunun sistemli quruculuğu, zabit məktəblərinin yaradılması, hərbi nizamnamələrin tətbiqi ilə yanaşı, ən vacib məqam ruhun inşası idi. Bu ruh bir gün mütləq döyüş meydanında özünü göstərəcəkdi. Heydər Əliyev o günün gələcəyinə ümidlə baxırdı.

Zaman getdikcə, siyasi səhnəyə Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev çıxdı. O, atasının qoyduğu möhkəm təməl üzərində sadəcə binalar tikmədi, bəşər tarixinə qızıl hərflərlə yazılmış böyük qələbə - Zəfər minarəsini ucaltdı. İlham Əliyev ordunu yalnız müasir texnika ilə təmin etmədi, onu milli intiqam və tarixi ədalət simvoluna çevirdi. Onun siyasəti yalnız hərbi strategiya deyildi, bu, xalqın ruhunu silaha çevirən, hər bir əsgərin qəlbində dərin məna doğuran liderlik nümunəsi idi. Orduda təkcə güllə və mərmi yox, şəhidlərin ruhu, əsir yurdun həsrəti, ədalət və qələbə arzusu vardı. O, orduya təkcə texnika deyil, güc, iradə verdi və tarixi ədalətin bərpasına səbəb olacaq ümummilli vəzifəyə doğru aparan hədəfləri göstərdi.

Nəhayət, zaman gəldi və 2020-ci ilin sentyabrında uzun illər səssiz qalmış səssizlik pozuldu. Qarabağın dağları Azərbaycan əsgərinin addım səsləri ilə titrədi. Bu savaş 44 gün sürdü, amma əsrlər boyu yığılmış borcu, tarixi ədaləti bərpa etdi. Bu müharibə sadəcə torpaq uğrunda deyil, şəhidlərimizə, qəhrəmanlarımızın xatirəsinə olan dərin minnətdarlığın ifadəsi idi. Azərbaycan əsgəri yalnız güllə ilə deyil, dua ilə, salamla, ürəklə döyüşdü. O, səngərdə səssizcə dua etdi, dağlarda şücaət göstərdi, Şuşaya yalnız bayraq deyil, həm də ürək dolusu məhəbbətlə dırmaşdı. Bu döyüşlərdə torpaq sanki əsgərə yol açır, dağlar baş əyir, çaylar pıçıldayırdı: "Gəldin, əsgərim, gecikmədin". Şuşa azad ediləndə təkcə şəhər yox, xalqın ruhu da azad olundu. Bu zəfərin səsi yalnız Bakıda deyil, Kəlbəcərin dağlarında, Laçının çinarlarında, Zəngilanın günəşində və Cəbrayılın qaranquşlarında da eşidildi.

Müharibədən sonra başlayan paradlar isə sadəcə ordu gücünün nümayişi deyildi. 2020-ci il 10 dekabr Zəfər Paradı xalqa verilmiş böyük bir təbrik, düşmənə göndərilmiş xəbərdarlıq, tarixə vurulmuş möhkəm möhür idi. Hərbi texnikalar səliqə ilə düzülmüşdü, amma hər topun, hər tankın arxasında şəhid analarının göz yaşları, qazilərin əyilməyən beli, əsgərlərin alnında dayanan qürurlu təbəssüm dayanırdı. 2023-cü ildə Şuşada keçirilən parad isə sanki bayraqla yazılmış şeir, silahla səslənən dua kimi idi. Hərbi hissələr addımlayırdı, amma torpaq sanki onlara cavab verirdi: “Sizə əmanət idim, gəlib aldınız”.

Bu gün 26 iyun artıq təkcə orduya deyil, bütöv xalqın günüdür. Hər bir azərbaycanlının qəlbi bir səngərə, hər körpənin baxışında bir əsgərin inamına, hər anaların duasında bir komandanın qüdrətinə çevrilir. Silahlı Qüvvələrimiz təkcə ölkənin sərhədlərini deyil, xalqın ruhunu, gələcəyini qoruyur. Onlar sabahın əminliyidir, bayrağın rənginə boya verilmiş al qanın himayədarıdırlar. Onlar şəhid məzarlarının sakitliyini qoruyan, əzmkarlığı və Vətən sevgisini yaşadan əsgərlərdir. Bu xüsusiyyətə diqqət çəkən Cənab Prezident əminliklə bildirir: “Biz elə bir güclü ordu yaratmışıq ki, istənilən vəzifəni icra edə bilərik. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması – bütün bunlar məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir” ki, 44 günlük Vətən müharibəsinin nəticələri də bu siyasətin uğurlu olmasının əyani sübutudur.

Azərbaycan ordusu yurdun səsi, xalqın nəfəsi və dövlətin ürəyidir. Bu ürək döyündükcə biz yaşayırıq, bu nəfəs gəldikcə biz güclənirik. Bu gün biz hamımız o ordunun əsgəriyik düşüncəmiz, sevgimiz, dualarımız və qürurumuzla. Biz birlikdə güclüyük, birlikdə azadıq, birlikdə gələcəyik.

26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə bütün Azərbaycan xalqını və Silahlı Qüvvələrin hər bir əsgərini ürəkdən təbrik edir, onlara güc, ruh və uğur dolu günlər arzulayıram.

Azər ALLAHVERƏNOV,
Milli Məclisin deputatı

Chosen
11
2
ikisahil.az

3Sources