EN

"Şahın oğlu aəslədi, amma İran xalqı susdu: teokratik rejim hələ ayaqdadır..."- ANALİTİK

“Belə görünür ki, İran daxilində hakimiyyət uğrunda daxili çəkişmələr davam edir. Lakin teokratik rejimin yıxılıb-yıxılmaması zamanla bəlli olacaq...”
 
“Düzdü, İran ABŞ-ın Qətərdəki hərbi bazasını, ona ciddi zərər dəyməsə də, raket atəşinə tutub. Əvvəllər bu barədə şübhələr var idi. Amma sonradan baş verənlər təsdiq etdi ki, rəsmi Tehran öncədən bu barədə Ağ Evi məlumatlandırıb. Donald Tramp sosial şəbəkədə belə açıqlama verərək bildirdi: "İran bizə əvvəlcədən məlumat verdi və buna görə təşəkkür edirəm."
 
Bununla yanaşı, ABŞ-ın İrana qarşı cavab zərbəsi endirib-endirməməsi də müəyyən müəmmalar doğurur. Çünki bu barədə hər hansı konkret və inandırıcı məlumat mövcud deyil. Ortalıqda olan odur ki, Trampın çağırışıyla hələlik həm İran, həm də İsrail atəşkəs elan ediblər. Ancaq bunun nə qədər davam edəcəyi bəlli deyil. Bəs bu vəziyyətdən sonra İranda teokratik rejimin gələcək taleyi necə olacaq? Bu, hələ də cavabı açıq qalan bir sualdır”.
 
Beynəlxalq siyasət üzrə analitik Teymur Qasımlı bu fikirləri Moderator.az əməkdaşının “Bundan sonra İrandakı teokratik rejim və ümumilikdə İran üçün hansı ssenariləri gözləmək olar və həmin ssenarilərdən hansının reallaşması ehtimalı daha yüksəkdir?” sualını cavablandırarkən ifadə edib.
 
“Hazırda görünən odur ki, İsrailin baş naziri Benyamin Netanyahu, İran şahının oğlu və başqa mühacirətdə olan qüvvələr insanları küçələrə çıxmağa, mövcud teokratik rejimi devirməyə çağırıblar. Lakin bu cəhdlər də hələlik nəticə verməyib...
 
“12 günlük müharibə göstərdi ki, İran daxilində gözlənilən parçalanma baş vermədi. Əksinə, müxtəlif siyasi qruplar – islahatçılar, müxaliflər və digər qüvvələr – mövcud hakimiyyətin ətrafında birləşərək İsrailə qarşı vahid mövqe göstərdilər və aralarında müəyyən fikir ayrılıqları olsa da, bu müharibə zamanı milli birlik nümayiş etdirdilər. Bu həm də “Mossad”-ın bir sıra uğurlu əməliyyatlar keçirməsinə rəğmən İranın daxili təhlükəsizlik sisteminin nə qədər güclü olduğunu göstərdi. Xüsusilə “SEPAH” (İslam İnqilabı Keşikçiləri Korpusu) və digər xüsusi xidmət orqanları etirazların və daxili qarşıdurmaların qarşısını almağa çalışdılar. Buna görə də yaxın gələcəkdə İranda teokratik rejimin dəyişəcəyini gözləmirəm. Müəyyən narazılıqlar və etiraz aksiyaları mümkündür, məsələn, Tehran Universitetinin tələbələri tərəfindən təşəbbüslər ola bilər, lakin bunlar rejimi sarsıdacaq səviyyədə deyil”, -deyə davamında həmsöhbətimiz bildirib.
 
“Eyni zamanda maraqlı məqam odur ki, İranın ali dini lideri Ayətullah Xameneinin bəzi şəxsi məsələləri, o cümlədən oğlunun hakimiyyət uğrunda mübarizəyə daxil olması ilə bağlı məlumatlar yayıldı. Biz əvvəllər də bu məsələni müzakirə etmişdik və belə görünür ki, İran daxilində hakimiyyət uğrunda daxili çəkişmələr davam edir. Lakin teokratik rejimin yıxılıb-yıxılmaması zamanla bəlli olacaq. Hal-hazırda bu, çox da real görünmür”,-deyə Teymur Qasımlı diqqətə çatdırıb.
 
Sultan Laçın
 
Chosen
37
50
moderator.az

10Sources