Bu ilin birinci rübündə 14 min “Birbank” istifadəçisinin smartfonlarında zərərli proqram təminatı aşkarlanıb.
Turkustan.az xəbər verir ki, bunu “Kapital Bank”ın İnformasiya Təhlükəsizliyi Departamentinin direktoru Çingiz Səfərli bu gün Bakıda keçirilən “FINTEX SUMMIT 2025 – Maliyyə və Texnologiyalar Sərgisi”nin ikinci günündə çıxışı zamanı deyib.
O bildirib ki, “Kapital Bank” olaraq müştəri məsuliyyətində də onlara dəstək olurlar:
“Tətbiq etdiyimiz yeni texnologiyalar vasitəsilə hər hansı bir zərərli proqram təminatı varsa, “Birbank”ın mobil tətbiqi radikal formada fəaliyyətini dərhal dayandırır və müştəriyə xüsusi alətlərlə bu zərərli proqramlardan qurtulmaq üçün yollar təklif edir. Beləliklə, biz 2025-ci ilin ilk rübündə 14 min müştəridə bu halı aşkarlamışıq. Həmin müştərilərimiz öz smartfonlarından zərərli proqram təminatını silə biliblər. Hazırda onlar normal qaydada “Birbank” tətbiqindən faydalana bilirlər”.
“Bu halları, əsasən, “Android” cihazlarında müşahidə edirik. Hələ ki “iOS” əməliyyat sistemlərində belə bir hal ilə rastlaşmamışıq”, – deyə Ç. Səfərli qeyd edib. /cebheinfo.az/