''Qalatasaray''ın başında əsil tarix yazan və Fatih Terimin açdığı cığırla irəliləyən Okan Burukla bağlı bu günlərdə maraqlı iddia ortaya atılmışdı.
Belə ki, İtaliya mətbuatı Səudiyyə Ərəbistanı nəhəngi ''Əl-Nəssr''in bu məşqçiyə ciddi maraq göstərdiyini iddia etmişdi. Kriştiano Ronaldo və Sadio Mane kimi ulduzların şərəfini qoruduğu ''Əl-Nəssr'' Stefano Pyolinin ayrılmasından sonra hələ də məşqçisizdi. Xəbərdə qeyd olunmuşdu ki, bu klubun rəhbərliyi Okan Burukun ulduzlarla işləmək və təzyiqin öhdəsindən gəlmək bacarığına heyran qalıb. Hərçənd güclü maddi dayaqları olan ''Əl-Nəssr''in təcrübəli məşqçiyə hansı məbləği təklif etdiyi qeyd olunmamışdı.
Bu arada Türkiyə mətbuatının yazdığına görə ərəblərin təklifi Buruka maraqlı deyil. O, doğma klubundakı işini davam etdirmək, ardıcıl 4-cü çempionluğu qazanmaqla Terimin rekordunu təkrarlamaq, eləcə də Çempionlar Liqasında adından söz etdirmək niyyətindədi.
Yəni ən azı bu yay 51 yaşlı məşqçinin İstanbul nəhəngindən ayrılmayacağı dəqiqdi. O, heç bir təklifi nəzərdən keçirmək niyyətində deyil. ''Qalatasaray''ın başında 3 ilə 5 titul qazanan Burukun müqavilə müddəti gələn il başa çatacaq. Bu arada Okan Burukla bağlı bu iddiaların ardından rəhbərliyin məşqçiyə yeni müqavilə təklif etməyə hazırlaşdığı məlum olub.
Şayiələrə inansaq, başqan Dursun Özbək məşqçiyə yeni ''1+2'' illik anlaşma teklif edəcək. Bundan başqa Burukun illik 2,3 milyon avroya bərabər olan maaşı da artırılacaq.