EN

“Mançester Yunayted” yeni aşpazbaşı təyin etdi

Yay transfer bazarının qazan kimi qaynadığı bir mənzərədə “Mançester Yunayted” “qırmızı şeytanlar” üçün baş aşpaz təyin edib.

Arena.az bu barədə “Training Ground Guru” dərgisinə istinadən məlumat verir.

Azarkeşlərin klub rəhbərliyindən “transfer bombası” partladacağını gözlədiyi bir məqamda, “Mançester Yuinayted”in rəhbərləri “qarın qardaşdan irəlidir” məsəli üzərindən gəliblər.

Yeni mövsümdən etibarən, “qırmızı şeytanlar”ın qarınlarını doydurmaq üçün fransız aşpazbaşı Uill Karvalyu “Mançester Yunayted”in klub mətbəxində tər tökəcək. “Old Trafford”a keçməzdən əvvəl Uill “Brayton”un “qağayılar”ını yemləyib.

Dedi-qoduya görə, “Mançester Yunayted” sorağı aləmə səs salmış aşpazı təyin etmək üçün “Brayton”a xeyli məbləğdə təzminat haqqı ödəyib. Belə ki, bu barədə rəsmi hesabatda biz söz belə, yoxdur.

Vurğulanır ki, Karvalyu idmançıların qarınlarına necə qulluq edilməsini çox gözəl bilir. “Brayton”un mətbəxində donammanın baş gəmisi kimi üzdüyü iki il ərzində Karvalyu təcrübəsini daha da zənginləşdirib. Buna qədər Karvalyu Braziliyanın qadınlardan ibarət milli komandasının xanımları üçün 12 il müddətində ləziz xörəklər hazırlayıb. Bundan daha əvvəl isə fransız baş aşpaz reqbiçilərin ağız ləzzətinə nəzarət edib.

Xəbəri eşitmiş “Mançester Yunayted” azarkeşləri sosial şəbəkələrdə baməzə zarafatlarından qalmayıblar. İngiltərə nəhənginin azarkeşləri yekdilliklə belə bir qənaətdədirlər ki, bəlkə “qırmızı şeytanlar” ləziz təamlardan yeyib, cana gələlər. Qol və uğursuzluq yeməkdən doymuşuq, qəbilindən də fikirlər səslənib.

Əlavə edək ki, “qırmızı şeytanlar” tarixən ən bərbad dövrlərindən birini keçirirlər. “Mançester Yunayted” 2024/2025-ci illər mövsümünü İngiltərə Premyer Liqasının yarış cədvəlində 42 xalla 15-ci pillədə başa vurub. Üstəlik, “qırmızı şeytanlar” Avropa Liqasının finalında “Tottenhem”ə 0:1 hesabı ilə məğlub olaraq, mövsümdə qənimətsiz və avrokuboklarsız qalıblar.

Chosen
8
arena.az

1Sources