Bunu Demokrat.az-a açıqlamasında AMİP sədri, millət vəkili Arzuxan Əlizadə deyib. Ordumuzun tarixindən danışan deputat qeyd edib ki, əsl nizami ordunun təşkili Heydər Əliyevin ikinci hakimiyyət dövründə start götürmüşdür:

“Şərqdə ilk demokratik respublika olan AXC-nin Nazirlər Şurası 1918-ci il iyunun 26-da Əlahiddə Azərbaycan Korpusunun yaradılması ilə bağlı qərar verdi. Həmin qərara uyğun olaraq müstəqil dövlətin ordusunun yaradılması ilə bağlı ilk addımlar atılmış oldu. İlkin olaraq ordu 25 min nəfərdən təşkil olunurdu. Nəzərdə tutulmuşdu ki, qısa müddət ərzində 40 min nəfərlik ordu formalaşdırılsın. Təəssüf ki, bolşeviklər tərəfindən işğal edilən Azərbaycan uzun müddət öz ordusuna sahib olmadı.
Nəhayət, 1991-ci ildə biz müstəqillik əldə etdikdən sonra ordu quruculuğu istiqamətində addımlar atılmağa başlandı. Ölkə işğalla üz-üzə idi, müharibə gedirdi, nizamlı ordu yaratmaq da çətin idi. İlkin olaraq könüllü batalyonlar şəklində ordu yaradılmışdı, amma bu, nizami ordu deyildi.
Əsl ordu quruculuğuna isə Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsi ilə başlanıldı. 1993-cü ilin sonlarından başlayaraq nizami ordu qurulması istiqamətində ciddi addımlar atıldı. Bunun üçün müəyyən baza da var idi. Heydər Əliyev birinci dəfə hakimiyyətdə olduğu dövrdə Cəmşid Naxçıvanski adına ali hərbi məktəbin Bakıda təsis olunmasına nail olmuşdu. Zabit heyətinin formalaşmasında bu təhsil ocağının müstəsna xidmətləri olmuşdur.
Bu gün ordumuz güclənməkdədir. Azərbaycan ordusu regionda reallıqları dəyişib, ordumuzun güc və qüdrəti sayəsində regionun söz sahibinə çevrilmişik”.
Cavidan Mirzəzadə
Demokrat.az