EN

Azərbaycan Ordusu dünya hərb tarixinə adını qəzıl hərflərlə yazıb



"Bizə qələbə sevinci, tarixi zəfər bəxş edən Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 107 il ötür. 1918-ci ildə, Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən yaradılan Azərbaycan Ordusu Cümhuriyyətin süquta uğradılmasından sonra AXC ilə eyni taleyi yaşasa da, lakin dövlət olaraq əsrin sonlarına doğru ordumuzu formalaşdıra, inkişaf etdirə bildik. Azərbaycan Silahlı Qüvvələrinin bu günkü səviyyəyə gəlib çatması, regionun güclü, qüdrətli ordusuna çevrilməsində ümummilli lider Heydər Əliyevin xidmətləri əvəzsizdir, ölüçəgəlməzdir".

Bu fikirləri Newscenter.az-a "Milli İnkişaf" ictimai birliyinin sədri Arzuman Muradlı deyib. O bildirib ki, hələ Sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə Heydər Əliyev ölkəmizdə hərbi kadrların hazırlanması prosesinə ciddi diqqət yetirirdi. İctimai birlik sədri diqqətə çatdırıb ki, 1971-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması bunun əyani sübutu idi:

"Eyni zamanda Ulu Öndər o zaman azərbaycanlı gənclərin ittifaq ölkələrinin universitetlərinə ali təhsil almaq üçün göndərən zaman maksimum dərəcədə çalışırdı ki, onlar hərbiyönmül biliklərə yiyələnsin, bu istiqamətdə ixtisas seçsinlər".

Arzuman Muradlı diqqətə çatdırıb ki, Ulu Öndərin Azərbaycan Ordusunun formalaşdırılması istiqamətində fəaliyyətinin növbəti mərhələsi müstəqillik illərinə təsadüf etdi:

"1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyevin əsas diqqət yetirdiyi məsələlərdən biri də başıpozuq, nizamsız vəziyyətdə olan Azərbaycan Ordusunu formalaşdırmaq idi. Qısa müddətdə Heydər Əliyev qanunsuz nizamsız silahlı dəstələri ləğv edərək nizami bir ordu yaratmağa nail oldu".

İctimai birlik sədri diqqətə çatdırıb ki, sonrakı illərdə neftdən gələn gəlirlərin ordunun maddi-texniki bazasının yaxşılaşdırılmasına yönəldilməsi, yeni silah və texnikaların alınması 44 günlük Vətən müharibəsində qələbəmizi təmin edən əsas faktorlardan oldu:

"Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında inkişaf edən, güclənən Azərbaycan Ordusu 2020-ci ilin sentyabrında tarix yazaraq torpaqlarını işğaldan azad etdi, nəinki Azərbaycan, eləcə də dünya hərb tarixinə adını qəzıl hərflərlə yazdı. Silahlı Qüvvələr Günündə başda Ali Baş Komandan, Cənab Prezident İlham Əliyev olmaqla, ordunun bütün şəxsi heyətini təbrik edir, onlara müqəddəs vəzifədə, torpaqlarımızın bütövlüyünü qorumaq uğrunda fəaliyyətlərində uğurlar arzulayıram. Həmçinin, torpaqlarımızın işğaldan azad olunması zamanı canlarını fəda etmiş şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə Allahdan şəfa diləyirəm".

Süleyman
Chosen
10
newscenter.az

1Sources