EN

“Amasiya" ilə final turnirin ən gərgin oyunu oldu”

Qərbi Azərbaycan Kuboku II mini futbol çempionatının final mərhələsində "Loru" FK, əsas vaxtı 2:2 hesabı ilə başa çatan oyunda "Amasiya" FK üzərində penaltilər seriyasında 4:3 hesablı qələbə qazanaraq turnirin qalibi olub.

Final qarşılaşması gərgin və yüksək tempdə keçib. Qol epizodları və dramatik anlarla yadda qalan oyunun taleyi penaltilərdə həll olunub.

Oyundan sonra "Loru" FK-nın ən yaşlı oyunçusu Vasif Abdullayev və komandanın təcrübəli üzvlərindən olan Sabit Əliyev 90deqiqe.Az-a açıqlama verərək, həm final oyunu, həm də çempionatla bağlı fikirlərini bölüşüblər.

Vasif Abdullayev komandanın ümumi çıxışından razı qaldığını bildirib:

“Çempionat boyunca komandamız həm nizam-intizamı, həm də mübarizə ruhu ilə seçildi. Finalda "Amasiya" FK çox ciddi və intizamlı rəqib idi. Oyunun taleyinin penaltilərlə həll olunması bu gərginliyin göstəricisidir. Sevindirici haldır ki, sonadək dözüm və inam göstərdik və zəhmətimiz nəticə verdi.”

Sabit Əliyev isə yarışın ümumi əhəmiyyətinə toxunaraq, bu çempionatın yalnız idman yox, həm də təmsilçilik baxımından dəyərli olduğunu vurğulayıb:

“Final oyunu ilə yanaşı, çempionatın bütün mərhələlərində rəqabət yüksək idi. Bu çempionat bizə həm komanda olaraq inkişaf fürsəti verdi, həm də doğma torpaqlarımızı idman vasitəsilə təmsil etmək imkanı yaratdı. Qələbə bizim üçün təkcə nəticə yox, bir ruh idi.”

"Loru" FK penaltilərlə qazandığı bu qələbə ilə Qərbi Azərbaycan Kuboku 2025-in rəsmi çempionu adını qazanıb.

Chosen
34
1
90deqiqe.az

2Sources