İranın ali dini lideri Əli Xamenei İsrailə qarşı “qələbə” münasibətilə xalqı təbrik edir. Lakin bu təbrik mesajı, regionda baş verənlər fonunda suallar doğurur. İranın yüksək vəzifəli şəxsləri ardıcıl şəkildə hədəfə alındı, Tehranda təhlükəsizlik boşluqları ifşa olundu, beynəlxalq təcrid dərinləşdi. Bütün bunlar fonunda “zəfər” deyilən anlayış nəyə əsaslanır?
Moderator.az-a danışan politoloq Telman Nüsrətoğlu bildirib ki, İran və İsrail arasında baş verən son hava qarşıdurması hərbi-strateji və kəşfiyyat müstəvisində tərəflərin bir-birini test etdiyi, zəif nöqtələrin üzə çıxdığı bir gərginlik idi.
Onun sözlərinə görə, bu qarşıdurma bir çox ipucları ilə dolu idi – xüsusilə İranın milli təhlükəsizlik sisteminin nə dərəcədə sarsıla biləcəyini göstərən faktlarla:
“İran tərəfdən baxdıqda, vəziyyət olduqca ciddi görünür. Ölkənin müdafiə sistemində mühüm rol oynayan şəxslərin – general rütbəli zabitlərin, inqilab keşikçilərinin yüksək rütbəli komandirlərinin və nüvə tədqiqatçıları da daxil olmaqla alimlərin – nöqtə əməliyyatları ilə ard-arda zərərsizləşdirilməsinin dünya şahidi oldu. Bu şəxslərin bəziləri hətta öz evlərində öldürülüb. Bu, hər hansı bir ölkə üçün ciddi milli təhlükəsizlik zəifliyi deməkdir və açıq şəkildə göstərir ki, İran daxilində yüksək səviyyəli hədəflər asanlıqla tapılır və zərərsizləşdirilir. Daha da narahatedici məqam isə İsrailin, digər ölkələrin hava məkanını keçərək, İranın hava məkanına daxil olması və demək olar ki, istədiyi şəhərlərdə F-35 təyyarələri ilə bombardman əməliyyatları həyata keçirməsidir. Bu fakt bir daha sübut etdi ki, İranın hava hücumundan müdafiə sistemi ya kifayət qədər effektiv deyil, ya da tamamilə aciz vəziyyətdədir. Bəzi sahələrdə – məsələn, ballistik raket və pilotsuz uçuş aparatları sahəsində İran müəyyən uğurlar əldə etsə də – hava müdafiəsi və yüksək texnologiyalı strateji sahələrdə ciddi geridə qalır.
Maraqlıdır ki, İran bu qarşıdurmanı “qələbə” kimi təqdim etməyə çalışsa da, faktlar tam əksini göstərir. Təkcə insan itkisinə nəzər salmaq kifayətdir: İsrail tərəfdə maksimum 15-20 nəfər itki qeydə alındığı halda, İran tərəfində yüzlərlə insan, o cümlədən yüksək rütbəli hərbçilər və alimlər həyatını itirib. Bu, müqayisəyə belə gəlməyəcək qədər böyük fərqdir. Bu qarşıdurma İran üçün həm hərbi, həm də siyasi cəhətdən ciddi bir siqnaldır”.
Politoloq əlavə edib ki, hər nə qədər İran-İsrail qarşıdurması əsasən bu iki dövlət arasında hərbi əməliyyatlar kimi görünsə də, əslində bu gərginlik daha geniş regional və qlobal güc balanslarına mesaj xarakteri daşıyır:
“İranın İsrailə qarşı həyata keçirdiyi raket hücumları təkcə cavab zərbəsi deyildi – bu həm də ABŞ və İsrail ittifaqına ünvanlanmış siyasi və hərbi xəbərdarlıq idi. İranın öncədən xəbərdarlıq etməsinə baxmayaraq, Körfəz regionunda yerləşən Amerikan hərbi bazalarını hədəf seçməsi göstərdi ki, əgər gərginlik tammiqyaslı hərbi toqquşmaya çevrilərsə, Tehran üçün bu artıq ölüm-dirim savaşı olacaq və belə bir ssenaridə ABŞ-ın bölgədəki maraqları da təhlükəsiz olmayacaq. Bu isə ərəb ölkələri – xüsusilə təhlükəsizliyini ABŞ-a etibar edən Körfəz dövlətləri üçün ciddi bir siqnaldır. ABŞ-ın bölgədəki “qoruyucu qalxan” imicinə xələl gələ bilər və bu da regionda Amerikanın etibarlılığına dair suallar doğura bilər.
Belə bir vəziyyət həm də regionda "sinir ucu savaşı" kimi qiymətləndirilə bilər – yəni tərəflərin bir-birinin həssas nöqtələrinə toxunduğu, ancaq tammiqyaslı müharibəyə keçmədən güc nümayiş etdirdiyi bir gərginlik.
İranın İsrailə raket zərbələri göstərdi ki, bu ölkə heç də asanlıqla sıradan çıxarıla biləcək bir rəqib deyil. İran bununla həm İsrailə, həm də onun arxasında dayanan ABŞ-a "mən də varam" mesajı göndərdi. Bu baxımdan, İranın öz varlığını qorumaq və gücünü göstərmək istiqamətində atdığı addımlar müəyyən mənada uğur kimi dəyərləndirilə bilər. Lakin bu heç bir halda qələbə deyil. Əksinə, bu qarşıdurma İran üçün həm daxili, həm də xarici siyasətdə dərin dəyişikliklərin zəruriliyini ortaya qoydu. Bu cür hadisələrdən sonra İran daxilində siyasi transformasiya zərurəti daha da kəskinləşir. Rəsmi Tehranın daxili ictimai rəyə təsir göstərmək üçün "qələbə əhval-ruhiyyəsi" formalaşdırmağa çalışması aydındır. Amma dünyanın gözü qarşısında baş verən bu qarşıdurmada real mənzərə fərqlidir – ciddi insan və infrastruktur itkisi yaşayan bir ölkənin bu hadisəni "uğur" kimi təqdim etməsi reallığı əks etdirmir”.
Mehin Mehmanqızı