EN

Kinostudiyadakı partlayışla bağlı araşdırma aparılır

Kinostudiyadakı partlayışla bağlı araşdırma aparılır

İyunun 26-da, saat 23 radələrində Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 1 ünvanında yerləşən Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası ərazisində yanğınla müşayiət olunan partlayış hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

AFN.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, məlumat əsasında Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsi əməkdaşları tərəfindən Fövqəladə Hallar Nazirliyinin və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin mütəxəssislərinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, hadisənin baş vermə səbəblərinin müəyyən edilməsi məqsədilə ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri prosessual hərəkətlər icra olunub.

Qurumdan verilən məlumata görə, ilkin araşdırma zamanı müəyyən edilib ki, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası ərazisində yerləşən, film istehsalı zamanı partlayış, yanğın, atəş və tüstü effektlərinin icrası üçün nəzərdə tutulan pirotexniki vasitələrin saxlanc anbarında yanğınla müşayiət olunan partlayış hadisəsinin baş verməsi nəticəsində sözügedən birmərtəbəli tikili dağılıb, kinostudiyanın inzibati binası və yaxınlıqda yerləşən yaşayış binasının müəyyən mənzillərinin pəncərələrinə isə ziyan dəyib. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Hazırda faktla bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində araşdırma aparılır. Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Chosen
8
36
afn.az

10Sources