EN

“İşğaldan azad olunmuş ərazilərimizdəki məscidlərin əksəriyyətinin yeri bilinmir, dağıdılıb, məhv edilib” - STATİSİKA+ÖZƏL

“İşğaldan azad olunmuş ərazilərimizdə mənim hesablamalarımda 72 məscid var. Onların əksəriyyətinin yeri bilinmir. Ya dağıdılıb, ya da məhv edilib. Ermənilər İslam dövrü abidələrini, qəbirüstü abidələri, türbələri dağıtmaqla oradan tariximizi silmək istəyirdilər. İnanc yerlərimizin, ziyarətgahlarımızın sayı kifayət qədər çoxdur”
 
Bu sözləri Moderator.az -a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitunun əməkdaşı, professor Faiq İsmayılov deyib. O daha sonra bildirib ki, işğaldan azad olunmuş ərazilərə yaxşı mütəxəssislər cəlb olunmalıdır:
 
“Tarix və mədəniyyyət abidələri xalqımızın ağrılı yeridir. Birinci ona görə ki, bərpa prosesi Azərbaycanda olduqca yarıtmaz və zəif bir sahədir. Ümumilikdə götürəndə işğaldan azad olunmuş ərazilərdə məscidlərin, tarixi tikililərin bərpası bir o qədər də ürəkaçan şəkildə aparılmır. Dövlətimiz sağ olsun, bu sahədə çalışır, ora mütəxəssislər dəvət edir. Amma yaxşı olardı ki, tarixi abidələrimiz elə bərpa olunsun ki, baxanda hiss olunmasın ki, nəsə dəyişiklik olunub. Bu bərpada yolverilməzdir. Ümid edirəm ki, bərpa prosesi zamanı buna önəm veriləcək” deyə Faiq İsmayılov bildirib.
Faiq İsmayılov bildirib ki, Azərbaycanda bərpaçı kadrlar yetişmir:
 
“Abidənin bərpası tikinti işi deyil. Bu bərpa tamam fərqli bir memarlıq üslubudur. Bərpa üçün o sahədə çalışan, o sahəni bilən mütəxəssislər cəlb olunmalıdır. Bərpaçıların hazırlandığı yerlər peşə məktəbləri, ali məktəblər, kolleclərdir. Təəssüflər olsun ki, ölkəmizdə bu sahədə nə ali məktəb, nə peşə məktəbi, nə də kollec var. Siz sorğu verin, araşdırın baxın. Bu gün faktiki olaraq bərpaçılar yetişdirilmir. Buna görə də bizim bərpa olunan abidələrimizdə çox ciddi qüsurlar ortaya çıxır. Abidələrin bərpası üçün materialların seçimi labarator analizlərdən keçirilməlidir. Həmin analizlərə uyğun bərpa üçün materiallar tapılmalıdır. Bərpa hər materialdan ola bilməz. Abidələr o dövrdə inşa olunduğu maddə və materiallarla tikilməlidir. Azərbaycanda belə labaratoriyalar var. Bunu analiz etmək o qədər də çətin deyil. Bizim təkcə işğaldan olunmuş ərazilərimizdə 6445 tarix mədəniyyət abidələri var ki, bunun 1814-ü memarlıq abidəsidir ki, onların da bərpaya ehtiyacı var” deyə Faiq İsmayılov bildirib.
Chosen
11
1
moderator.az

2Sources