Rusiyanın rəsmi dövlət qurumları bu ölkənin Federal Təhlükəsizlik Xidməti (FTX) əməkdaşlarının Yekaterinburq şəhərində azərbaycanlılara qarşı törətdiyi terror, zorakılıq və vəhşiliyi ört-basdır etməyə cəhd göstərir.
Teleqraf xəbər verir ki, Rusiya Federasiyasının İstintaq Komitəsinin yaydığı qərəzli və uydurma açıqlama da bunu göstərir.
Açıqlamada deyilir: “Yekaterinburqda Azərbaycan vətəndaşlarının saxlanılması ötən illərdə qətllər və qəsdən adam öldürməyə cəhdlərdə əli olan etnik cinayətkar qrupun fəaliyyətinin araşdırılması çərçivəsində həyata keçirilib”.
Məlumatda o da qeyd olunur ki, əməliyyat Milli Qvardiya Qoşunlarının Federal Xidmətinin xüsusi bölmələrinin iştirakı ilə həyata keçirilib.
Xatırladaq ki, İstintaq Komitəsinin Sverdlovsk vilayəti üzrə mətbuat xidmətinin bir qədər əvvəl yaydığı məlumatda saxlanılanlardan bəzilərinin artıq törətdikləri əməlləri etiraf edibləri iddia olunurdu.
İstintaq Komitəsinin son açıqlamasında isə bilidirilir ki, guya tədbirlər sırf hüquq-mühafizə xarakteri daşıyır və mütəşəkkil cinayətkar qrupun fəaliyyətinin qarşısının alınmasına yönəlib.
Cinayət işinin istintaqı davam etdirilir.
Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidməti azərbaycanlıların evinə basqın edib, Ziyəddin və Hüseyn Səfərov qardaşlarını döyərək öldürüb. Onlar tanınmış jurnalist və ədəbiyyatşünas Seyfəddin Hüseynlinin qardaşlarıdır.
Basqın zamanı bəzi soydaşlarımız ağır bədən xəsarətləri alıb, habelə 9 nəfər saxlanılıb.
Rusiyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Pyotr Volokovıx Yekaterinburqda azərbaycanlılara qarşı hücumlarla əlaqədar Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.