İngiltərənin “Mançester Siti” klubunun syerra-leoneli mərkəz müdafiəçisi Cuma Ba 2025/2026 mövsümünü də Fransada keçirəcək.
Arena.az bu barədə “Mançester Siti”nin mətbuat xidmətinə istinadən məlumat verir.
19 yaşlı müdafiəçi karyerasını “Nitsa”da davam etdirəcək. Tərəflər arasında 1 illik icarə müqaviləsi imzalanıb. Müqavilədə satınalmaya dair şərt nəzərdə tutulmayıb.
Xatırladaq ki, Cuma Ba “Mançester Siti”yə 2025-ci ilin yanvarında İspaniyanın “Vilyarreal” klubundan keçib. O, elə həmin vaxt Fransanın “Lans” klubuna icarəyə göndərilmişdi. Ba ötən mövsüm Liqa 1 təmsilçisinin heyətində 10 oyun keçirib.
Cuma Ba futbola “Fritaun Cayant Akademi” klubunda qədəm qoyub. Daha sonra futbolçu “AİK Fritonq”un heyətində böyük futbolda debüt edib, “Fritonians SLİFA”, “Valyadolid”in “B” və əsas komandalarında oynayıb.
Cuma Ba Syerra-Leone yığmasının heyətində 2 oyun keçirib. Ba böyük futbolda hələ heç bir qənimət qazanmayıb.
“Transfermarkt” internet-portalı 19 yaşlı mərkəz müdafiəçisinin transfer dəyərini 6 milyon avro məbləğində qiymətləndirir.
