EN

Yekaterinburqda azərbaycanlılara qarşı edilənlər insan hüquqlarının kobud şəkildə pozulmasıdır RƏY

Gununsesi portalından verilən məlumata əsasən, ain.az bildirir.

Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı edilənlər insan hüquqlarının kobud şəkildə pozulmasıdır.

Gununsesi.info xəbər verir ki, bunu “Report”a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, deputat Naqif Həmzəyev deyib.

O qeyd edib ki, Yekaterinburqda əslən azərbaycanlılara qarşı baş vermiş hadisələr regiondakı etnik münasibətlərin gərginləşməsinin və insan hüquqlarının pozulmasının ən ciddi nümunələrindən biridir: “Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) tərəfindən həyata keçirilən əməliyyatlar zamanı iki azərbaycanlı həyatını itirdi, bir neçəsi ağır yaralandı və 9 nəfər saxlanıldı.Bu hadisələr təkcə Azərbaycan-Rusiya ikitərəfli münasibətlərində deyil, həm də bölgədə etnik azlıqların təhlükəsizliyi məsələsində ciddi sual işarələri yaratdı. FTX əməkdaşları tərəfindən Yekaterinburqda azərbaycanlıların yaşadığı evlərə keçirilən basqınlar zamanı qeyri-mütənasib güc tətbiq edildi. Şahidlərin ifadələrinə görə, həbs edilənlərdən birinə elektrik cərəyanı ilə işgəncə verildi. Bu, beynəlxalq hüququn əsas prinsiplərinin və insan hüquqlarının kobud şəkildə pozulmasını göstərir”.

Deputat əlavə edib ki, hadisələrin səbəbi və hüquqi əsası barədə Rusiya rəsmiləri tərəfindən aydın izahat verilmədi, bu da əməliyyatların qanunsuz xarakter daşıdığına dair şübhələri artırdı:

“Azərbaycan Xarici İşlər Nazirliyi hadisələrin baş verdiyi gün Rusiyanın Bakıdakı səfirlik nümayəndəsini çağıraraq kəskin etiraz bildirdi. Bu hadisələr bir neçə beynəlxalq hüquq normalarının pozulmasını ehtiva edir: həyat hüququnun, işgəncə qadağasının və ədalətli məhkəmə araşdırmasının pozulması, xarici ölkə vətəndaşlarının hüquq və təhlükəsizliyinin təmin edilməməsi, etnik azlıqlara qarşı diskriminativ yanaşma”.

N.Həmzəyevin sözlərinə görə, Yekaterinburqda baş verən hadisələr təkcə ayrı-ayrı fərdi cinayətlər deyil, daha geniş siyasi kontekstdə qiymətləndirilməlidir:

“Rusiyadakı azərbaycanlı icmasına qarşı sistematik təzyiqlər son illərdə artmaqdadır və bu, ikitərəfli münasibətlərdə ciddi problemlər yaradır. Rusiya daxilində azərbaycanlılara qarşı repressiv əməliyyatlar bir neçə səbəbdən qaynaqlanır. Buna səbəb geosiyasi rəqabətin kəskinləşməsi və regional nüfuzun yenidən bölüşdürülməsidir. Bundan başqa, daxili siyasi gərginliklərin xarici obyektə yönəldilməsi və Rusyanın müharibəyə əsgər toplamaqda çətinlik çəkməsi buna əsas səbəblərdəndir”.

O bildirib ki, Yekaterinburq hadisələri regionda etnik azlıqların təhlükəsizliyi məsələsini ön plana çıxardı. Azərbaycan həm öz vətəndaşlarının, həm də Rusiyada yaşayan azərbaycanlı icmasının təhlükəsizliyini təmin etmək üçün kompleks yanaşma tətbiq etməlidir: “Bu hadisələr həm də Azərbaycanın xarici siyasətində diversifikasiya strategiyasının əhəmiyyətini bir daha sübut etdi. Tək tərəfdaşlığa əsaslanan münasibətlərin risklərini minimuma endirmək üçün çoxtərəfli diplomatik əlaqələrin inkişafı vacibdir. Gələcəkdə belə hadisələrin qarşısının alınması üçün Azərbaycan dövləti həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə daha effektiv mexanizmlərin yaradılmasına yönəlməlidir. Bu, təkcə konkret hadisələrə reaksiya vermək deyil, həm də uzunmüddətli perspektivdə vətəndaşlarının hüquq və təhlükəsizliyini təmin edən sistemli yanaşmanın tətbiqini tələb edir”, — o vurğulayıb.

Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Rusiyanın FTX Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Basqın zamanı 2 azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır.

Azərbaycan Xarici İşlər Nazirliyi də iyunun 28-də Yekaterinburq şəhərində Rusiyanın FTX-nin azərbaycanlılara hücumları ilə bağlı bəyanat yayıb.

Bundan başqa, Rusiyanın müvəqqəti işlər vəkili Yekaterinburqdakı hadisəyə görə Azərbaycan XİN-ə çağırılıb, kəskin etiraz bildirilib.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
16
40
icma.az

10Sources