Doğma yurd yerimizə ağrılı-acılı, amma ümidlərin üzülmədiyi, qızılgül ətirli ziyarət...
Qayğısız illərin xiffəti...
Düz yarım əsr öncə, 1975-ci ilin yayında biz Zəngilan rayonunun Mincivan qəsəbəsindəki 36 saylı dəmiryol və N. Nərimanovun adını daşıyan orta məktəbləri bitirdik və həyatımızın yeni mərhələsinə qədəm qoyduq! Sinif yoldaşım Gülnarə illər sonra mənə bunları söyləyəcək: "Səttar, o illər bizim həyatımızın heç demə qızıl dövrü imiş..."
...50 il öncə biz yeniyetmələr valideynlərimizin, sevimli müəllimlərimizin qayğısının əhatəsində özümüzü çox xoşbəxt hiss edirdik, dünyanın gərdişindən xəbərimiz yox idi... Təkcə ona görə yox ki, biz o zaman bütün sivil dünyadan "dəmir pərdə" ilə təcrid olunmuş SSRİ adlanan "şər imperiyası"nda yaşamışıq və bundan xəbərsiz olmuşuq! Biz dünyanın ən azad və xoşbəxt ölkəsində yaşadığımızı düşünürdük! Biz o zaman dəbdə olan hind filmlərinə həvəslə tamaşa edir, "Kəşmirdə məhəbbət"dən göz yaşlarımızı saxlaya bilmirdik. Amma nə Kəşmir problemindən, nə də əsl məhəbbətdən anlayışımız olub. Hərçənd, bütün yeniyetmələr kimi ilk sevgi hisslərini də keçirmişik...
O zaman biz bir şey haqqında düşünürdük: həyatda öz yerimizi tapmaq üçün hansı peşəni seçək? Bu seçimdə həm valideynlərimiz, həm də bizə bilgi verən müəllimlərimiz böyük dəstək olublar!..Beləcə, 10 il bir yerdə olduğumuz sinif yoldaşlarımızdan ayrılmalı olduq, hərəmiz bir sahədə təhsil aldıq, işə başladıq, təcrübələndik, ailə həyatı qurduq, amma nə sevimli müəllimlərimizi, nə də doğma məktəblərimizi unutmadıq!..
Amma taleyin hökmü başqa imiş...Biz 30 ərzində doğulub boya-başa çatdığımız, havasını udduğumuz, suyunu içdiyimiz, hər qarışını sevə-sevə gəzdiyimiz, münbit torpağında valideynlərimizin min bir əziyyətlə, amma böyük həvəslə əkib-becərdiyi meyvə-tərəvəzindən daddığımız doğma yurd yerimizdən ayrı düşəcəyimizi təsəvvürümüzə belə gətirə bilməzdik!..
"Qızıl dövr"ün yaddaşı
Yaşadığımız Mincivan qəsəbəsi İranla sərhəddə yerləşdiyindən orada sərhəd zastavası vardı, hərbi qulluqçuların demək olar ki, hamısı milliyyətcə rus idi, onların övladları üçün 36 saylı orta məktəbdə rus bölməsi açılmışdı. Atam məni rus bölməsinə qoymuşdu, o zaman SSRİ məkanında rus dili hegemon mövqedə idi. Atam özü də həmin məktəbdə dil-ədəbiyyat fənnini tədris edirdi. Mən bir qədər tərəddüddən sonra rus bölməsində oxumalı oldum...
Xatirimdədir, zastavanın sərhədçiləri ilə məktəbimiz arasında iş birliyi təşkil olunmuşdu, "Sərhədçinin gənc dostu" adı altında təntənəli tədbirlər keçirilir, SSRİ, sosializm, kommunizmi təbliğ edən mahnılar oxuyardıq, qayğısız illərimizi yaşayırdıq! Biz haradan bilərdik ki, elə məhz rus imperiyası bizi öz soykökümüzdən uzaq salıb, millətimizin çox hissəsi Araz çayının o tayında qalıb...Biz haradan bilərdik ki, torpaqlarımızda saxta "Ermənistan" adlı dövlət, Qarabağımızda isə separatçı-terrorçu qurum yaradılıb və gec partlayan mina rolunu oynayıb...
Bəli, biz çox böyük tarixi günlərin şahidləri olmuşuq! Biz iki əsrin, iki minilliyin qovuşuğunda SSRİ adlı şər imperiyasının çöküşünə şahidlik etmişik! SSRİ-nin çöküşü ərəfəsində Dağlıq Qarabağda başlayan üzdəniraq "muatsum" hərəkatı sonucda Qarabağın, onun ətrafında olan 7 rayonumuzun, o cümlədən bizim doğma Zəngilan rayonumuzun 30 ilə yaxın davam edən işğalına gətirib çıxaracaqmış...Biz rus faşist işğalçılarının törətdiyi 20 Yanvar qırğınını, Xocalı qətliamını da yaşamalı olduq...
Doğma yurd yerimizlə ayrılığımız çox uzun çəkdi...27 il ərzində biz məcburi köçkünlük həyatı yaşadıq, böyük əzablardan, iztirablardan keçdik, yaşa dolduq, övlad və nəvə sahibləri olduq, amma heç vaxt ata yurdumuza dönəcəyimizə zərrə qədər də şübhə etmədik...Bu illər ərzində nə qədər soydaşımız yurd yeri həsrətilə gözlərini bu dünyaya əbədi olaraq yumdu...
Qələbə sevinci və həsrət dolu anlar...
Nəhayət, həqiqət anı gəlib çıxdı, dünyada gedən geosiyasi proseslər Qarabağın azad olunacağına ümidlərimizi bir qədər də çoxaltdı. Və 44 günlük ölüm-dirim savaşında Qarabağı, Şuşanı, 7 rayonumuzu azad etdik, bir günlük antiterror əməliyyatı nəticəsində isə ölkəmizin ərazi bütövlüyünü tam bərpa etdik, Qarabağda separatçı-terrorçu ocağını darmadağın etdik, cinayətkarıları ədalət məhkəməsi qarşısına şıxardıq! Bununla da tarixə adımızı qalib millət və qalib xalq kimi yaza bildik...
Ötən ilin sentyabrında ilk dəfə olaraq yurd yerimi ziyarət etmək fürsəti qazana bilmişdim. Zəngilanın mərkəzini, şəfalı Qotursuyunu ziyarət etdikdən sonra Mincivana yollandıq! Rayon mərkəzindən Mincivana gedən 11 km-lik yolun hər iki tərəfində vaxtilə uca cinarların yarpaqlarından yaranan "yaşıl tunel"dən əsər-əlamət qalmamışdı, elə rayon mərkəzi, digər kəndlər də tamamilə xarabazara dönüb, düşmən daşı daş üstündə saxlamayıb...
Bu yolun qurtaracağı döngə Mincivana aparıb çıxarırdı, amma döngəni keçib Böyük İpək Yoluna çıxdıq, Mincivan çox aşağıda, kol-kosun, hündür ağacların içində itib-batırdı...Biz doğma qəsəbəmizə aparan yolu tapa bilmədik, yalnız N. Nərimanov adına orta məktəbin salamat qalmış hissəsinə boylanaraq qəsəbəmizi ürək ağrısı ilə seyr etdik və məyusluq hisslərilə geriyə, Bakıya üz tutduq...
Mincivana qayıdış və kövrək xatirələr...
Bu dəfə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filoloq-alimi, həmyerlimiz hörmətli Adil müəllimin təşəbbüsü ilə orta məktəbi bitirməyimizin 50 illik yubileyi münasibətilə 35 nəfərdən ibarət məzunlar doğma yurd yerimizə səfərə yollandıq və bir ay keçməsinə rəğmən, bu səfərin təəssüratlarını yaşamaqdayıq...
Yol boyu Cəbrayılın, Füzulinin viran edilmiş ərazilərindən ötüb keçirdik...Qarı düşmən işğal etdiyi ərazilərimizi əsl xarabazara çevirib, bir dənə də olsun salamat ev qalmayıb...Araz çayı boyunca İran tərəfindəki kəndlərin isə yeni səliqəli görkəmi diqqətimizdən yayınmadı.
Məmmədbəyli kəndindəki qədim Türbə sanki Araz çayına doğru "hərəkət edib"...
İlk olaraq rayonumuzun 3 Ağalı kəndi ərazisində yeni salınmış Ağalı ağıllı kəndinə üz tuturuq, burada gecələməyi düşünürük. Kənd sakinləri üçün yaradılan gözəl şərait adamda qürur hissi oyadır...Burada sinif yoldaşım İsmətlə görüşdüm, hal-əhval tutdum. Ailə, övlad və nəvələr sahibi olan İsmət 50 il öncəki gözəlliyini qoruyub saxlaya bilib...
Biz onunla orta məktəbdə 10 il ərzində yaxşı mənada rəqabətdə olmuşuq, ikimiz də əlaçı şagirdlər idik. Onun anası Məryəm müəllimə rus dilini tədris edib, İsmət məndən fərqli olaraq rus dilini mükəmməl bilirdi. Mən isə riyaziyyat fənnini gözəl bilirdim. Mərhum dayım Qənbər müəllim mənə riyaziyyatı çox sevdirmişdi. Hətta o illər SSRİ-də ən güclü hesab edilən "Kvant" fizika-riyaziyyat jurnalında mənim təklif etdiyim riyazi məsələ dərc edilmişdi və dayım öz toy mərasimində jurnalın həmin aprel nömrəsini mənə təqdim etmişdi. Sevincimin həddi-hüdudu yox idi..
Ağalı kəndini qısa ziyarətdən sonra Zəngilana yollandıq. İlk olaraq Şəhidlər Xiyababının ziyarət etməyi özümüzə borc bildik...Burada həm də "Qrad Nadir" kimi tanınan həmyerlim Nadir uyuyur...O, birinci Qarabağ savaşında düşmənə qan uddurub və qəhrəmancasına həlak olub...Onun bacısının öz qardaşının soyuq məzar daşına sarılaraq hönkür-hönkür ağlamasını heç vaxt unutmayacağam...
Daha sonra Zəngilandan keçib Mincivana yollanırıq...Yenə də 11 km-lik "yaşıl tunel"dən keçib gedirik...Mincivana aparan döngəyə çatırıq...Deyəsən, bu dəfə ata yurduma 32 il sonra ayaq basmaq fürsəti qazanmışam...Heyhat!
Mincivandan əsər-əlamət qalmayıb...Ətrafda kolluq, hündür ağaclar, qamışlıq, hər şey insan ayağı dəyməyən meşəliyi xatirladır, bir də "meşə"nin içində torpaq yoluna çevrilmiş asfalt yolu...Heç nə anlamaq olmur, sanki kompassız yad bir məkanda hərəkət edirik...Yalnız Nərimanov məktəbinin salamat qalmış hissəsi bizə ətrafı anlamaqda yardımçı olur...
Məktəbin dağıdılmış binası və sinif otaqlarına baş çəkəndən sonra torpaq yolu ilə evimizin axtarışına yollanıram...Yolun hər iki tərəfində kol-kosdan, yabanı bitən ağaclardan, qamışlıqdan savayı heç nə gözə dəymir...Kor-peşiman geriyə dönüb 36 saylı orta məktəbimizi axtarmağa gedirik...Qarşımızda məktəbin darmadağın edilən quru silueti canlanır...Məktəb stadionu kolluğun içindədir...Güc-bəla ilə arxa tərəfdən stadiona daxil olururuq, burada müsahibə verməli oldum, emosiyalarımı sözlə ifadə etməkdə acizəm...
Bu ovqatla qəsəbə qəbiristanlığına yola düşürük...Orada mərhum atam və həyatdan 11 yaşında köçmüş mərhum bacım uyuyur... Qəbiristanlıq da kol-kos içindədir, qəbirlərin çoxu yerlə bir edilib, mərmər daşları yoxa çıxıb...Doğmalarımın məzarlarını tapmaq cəhdim uğursuzluğa düçar olur...Yalnız həmyerlim Alı müəllim öz atasının məzarını tapa bildi, mən isə qonşumuz, atamın həmkarı və adaşı Qüdrət müəllimin məzarına rast gəldim, bir qədər təskinlk tapdım...
Bundan sonra balaca bulaq suyundan içmək və qara tutdan dadmaq imkanımız oldu...Mincivanda əyləşib normal yemək yeməyə məkan tapa bilmədik. Nəhayət, Mincivan dəmiryol stansiyasının "PÇ" (путевая часть- yol hissəsi) adlanan ərazisində birmərtəbəli yeni tikilinin qarşısında qadınlarımız yerdə süfrə açıb özümüzlə gətirdiyimiz azuqədən qidalanmağımız üçün şərait yaratdılar...Burada da mən və İsmət müsahibələr verərək təəssüratlarımızı bölüşdük...
Gecənin sükutunda çay süfrəsi arxasında Qarabağ veteranı ilə görüş...
Geriyə, Ağalıya üz tuturuq. Buradakı sakinlərin evlərində bir gecəlik qonaq olacaqdıq...Yol yoldaşlarımızdan bir neçəsi kənd sakini Nəriman Fərzəliyevin qonağı olduq. Sanki tale bizi buraya gətirib çıxarıb ki, səfər zamanı yaşadığımız ağrı-acını, keçirdiyimiz məyusluğu bir qədər unudaq, heç də hər şeyin itirilmədiyinə bir daha əmin olaq...
Sizə Nəriman bəydən söz açmaq istəyirəm. Bu ləyaqətli və qeyrətli Vətən oğlu şəhid ailələri, qazilər və müharibə veteranları Birliyinin Zəngilan şöbəsinin rəhbəridir. Gecə gözümə yuxu getmədiyindən eyvana çıxıb hava almaq istədim. Gec olmasına rəğmən, Nəriman bəy məni tənha buraxmadı, gözəl çay süfrəsinə qonaq etdi və mən onunla yaxından tanış olmaq fürsəti qazandım...
Nəriman bəyin ulu babaları Stalin rejimi tərəfindən təqiblərə, sürgünlərə məruz qalıb. Özü Ağalıda doğulub, burada boya-başa çatıb. Hər iki Qarabağ savaşının veteranıdır. Oğlu Lələ-Təpə uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub. Bədbəxt hadisə nəticəsində isə mərhum oğlunun övladı-nəvəsinin səhhətində ciddi problemlər yaranıb, dəfələrlə əməliyyat olunub, bu gün də həkim nəzarətindədir. Bu səbəbdən Nəriman bəyin ailəsi Bakıdadır, özü isə Ağalıdan kənarda yaşaya bilmir, burada qohumları ona mənəvi dəstək olur, öz həyatını şəhid ailələri, qazilər və müharibə veteranlarının qayğılarına sərf edib. Bu məsuliyyətli işdə Nəriman bəy çox prinsipiallıq göstərərək, bu problemlərin həllinə nail olur. Bu səbəbdən o, veteranlar, qazilər, şəhid ailələrinin hörmət və etimadını qazana bilib!..
Ağalının qızılgülləri və geriyə dönüş...
Səhər tezdən səfərimiz başa çatırdı. Nəriman bəy hamıdan tez oyanmışdı. Onun həyətində həvəslə əkdiyi və göz oxşayan qızılgüllərini dərdiyini gördüm. Sonra onları səliqə ilə su qabına yerləşdirib mənə təqdim etdi...Gecə çay süfrəsi zamanı ona söyləmişdim ki, həyat yoldaşım Mincivandan atamın əkdiyi qızılgüllərdən gətirməyi tapşırıb, amma təəssüf ki, nə evimiz vardı, nə də o qızılgüllər...Nəriman bəy həsasslıq göstərərək, evə kövrək notlarla dönməyi mənə rəva bilməyib, Ağalı torpağının qızılgüllərindən çələng bəxş etmək qərarına gəlib!..
Bax, beləcə, 32 ildən sonra yurd yerimizə səfərimiz ağrılı-acılı, məyusluqla dolu, amma ümidlərin üzülmədiyi, qızılgül ətirli ziyarətə çevrildi...Mincivandan əsər-əlamət qalmasa da, havası, suyu, dağları, bulaqları, münbit torpağı yerindədir...İndi tək bircə arzumuz qalır: doğma yurd yerimizin dirçəlişini görməyi Tanrı bizlərə nəsib etsin...
Səttar Qüdrətoğlu,
tibb xidməti mayoru, Azərbaycan Respublikasının müharibə veteranı