EN

Aygün Attar Yekaterinburqdakı hadisə barədə: Rusiya dövlətinin əli ilə törədilib

“Yekaterinburqda Rusiya OMON-u tərəfindən törədilmiş məlum hadisə mənə pantürkizm, panislamizm adı altında bu günə qədər aqibəti bəlli olmayan ziyalılarımızın yox edilməsini xatırlatdı. Biz bununla sənədlərdə gördüyümüz o ağrı-acı dolu hadislərin canlı şahidi olduq. Təkcə soydaşlarımıza deyil, yaxın keçmişdə Özbəkistan, Qazaxıstan, Qırğızıstan türklərinə, ümumiyyətlə türk millətinə qarşı törədilən bu cinayətləri və onun arxasında duranları lənətləyirəm. Bu gün Rusiya vaxtilə “xalqlar həbsxanası” kimi tanınan sovet siyasətini davam etdirmək istəyir”.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyə-Azərbaycan Həmrəylik Vəqfinin rəhbəri, professor Aygün Attar ifadə edib.

İyunun 27-də yaşadıqları mənzillərdə Rusiyanın təhlükəsizlik qüvvələri tərəfindən qəddarlıqla qətlə yetirilən həmvətənlərimizə rəhmət, çox ağır vəziyyətdə olan yaralılarımıza şəfa diləyən professor sözlərinə belə davam edib: “Dövlətin əli ilə törədilən, Stalin dövrünü xatırladan və heç bir hüquqi zəmini olmayan bu hadisəyə hansı tərəfdən baxsaq haqq qazandırmaq mümkün deyil. Bütün bunlar təsadüf də deyil. Çünki, Rusiya, “sözdə” və “əməldə” terminlərinə görə desək, dəyişkən siyasət nümayiş etdirir. Onların dedikləri ilə əməlləri tamamilə bir-birinə ziddir. İrandakı son hadisələr zamanı vətəndaşlarının Azərbaycan üzərindən təhlükəsiz və rahat şəkildə keçidlərinə göstərdiyi dəstəyə görə Putinin etdiyi təşəkkür hələ yenidir, necə deyərlər hələ “soyumayıb”. Sovet dövründə doğulub-böyüyən bir insan olaraq Rusiya və buna bağlı olaraq Putin hakimiyyətinin siyasətini çox gözəl bilirəm. Yəni, dövlətin icazəsi olmadan OMON adlanan qurumun bunu etməsi mümkün deyil”.

Bu hadisənin təsadüf olmadığını qeyd edən Aygün Attar deyib: “Hadisələrə ardıcıllıqla baxsaq, əvvəlcə Azərbaycan təyyarəsinə qarşı “qəza” adı ilə bir cinayət törədildi. Azərbaycan Prezidenti İlham Əliyev çox açıq bir şəkildə bu cinayəti törədənlərin cəzalandırılmasını, Rusiyanın rəsmi şəkildə üzr istəməsini tələb etdi. Lakin bu, fərqli “donlar geyindirilərək” zamanın axarına buraxıldı. Sonra, bir neçə ay əvvəl Azərbaycanın informasiya resurslarına qarşı təxribat, kiberhücumlar törədildi və bu da cəzasız qaldı. Azərbaycanda “Rus Evi” adı altında qurulan qurumun kəşfiyyat servisinin bir qolu olaraq fəaliyyət göstərdiyi sübut edildi. Bunu etiraf etmək məcburiyyəti qarşısında qalan Rusiya rəsmisi lazımi tədbirlərin görüləcəyini dedi, lakin, yenə davamı gəlmədi. Bir digər hadisə isə yaxın keçmişdə Həştərxanda keçirilən tədbirə dəvət olunmuş Milli Məclisin deputatı Azər Badamovun Rusiya ərazisinə buraxılmamasıdır. Son hadisə də bütün bunların fonunda yaşandı. Bu gün Rusiyanın, necə deyərlər, iqtisadiyyatının onurğa sütunu olan azərbaycanlı iş adamları bu ölkəyə güvənərək orada fəaliyyət göstərirlər. Rusiyanın rəsmi rəqəmlərinə əsasən, hazırda üç milyondan artıq azərbaycanlı bu ölkədə yaşayır. Törədilən sadaladığım bu və bunun kimi bir çox hadisədə Rus Pravoslav kilsəsinin qızışdırıcı rolunu xüsusi vurğulamaq lazımdır”.

Professor, Rusiyanın bu gün qardaşı hesab etdiyi, dili, dini eyni, slavyan Ukrayna xalqına qarşı yürütdüyü qəddar siyasətə baxdıqda son baş verənlərin təəccübləndirici olmadığını vurğulayıb: “Rusiya indi uzun illər, SSRİ dövründə müstəqilliyi əlindən alınan xalqların ailələrinə qarşı törədilən cinayətləri davam etdirmək istəyir. Lakin bu, mümkün deyil. Çünki şovinizmin bu gün Rusiyanı və onun dövlət başçısını hansı vəziyyətə gətirdiyini görürük. Fikrimcə bu, “qara” vicdanın davamıdır. Bəli, yanvar ayını Azərbaycanlılar üçün “qara yanvar”a çevirən qara vicdanın. Hələ 25 il əvvəl Rusiya qoşunları Azərbaycana, Bakının mərkəzinə girərək milli müstəqilliyi uğrunda mübarizə aparan azərbaycanlıların üzərindən tanklarla keçdilər. Bu hadisənin şahidləri hələ sağdırlar. Burada Xocalı soyqırımını törədənlərin arxasında kimlərin dayandığını da unutmamalıyıq. Bu gün şahid olduqlarımız sovet ideologiyasının davamıdır. Haradan baxsaq Rusiyanın vaxtilə sovetlərin hakimiyyəti altındakı türkdilli dövlətlərə qarşı amansız münasibətini görmək olar. Burada bir gecə, anidən min cür işgəncələrlə yurd-yuvasında qovulan, insanlıqdan kənar rəftarla qatarlara doldurularaq Vətənlərindən qovulan Krım türklərini, Qərbi azərbaycanlıları, etnik təmizləməyə məruz qalan çeçen xalqını da unutmamalıyıq. Məsələyə geniş aspektdən baxsaq, bu gün rus alimlərinin də etiraf etdiyi kimi, Rusiyanın harasına baxsaq bir türk mədəniyyəti ilə qarşılaşarıq və Rusiyanın muxtariyyət adı altında müstəqilliklərinə əl qoyduğu türksoylu çoxsaylı xalqlar var”.

Chosen
12
50
demokrat.az

10Sources