EN

Kreml Rusiyanı yenə "qaranlıq tunelə" çəkir: Şimal nəhəngi özünü geopolitik blokadaya məhkum edir

Kreml postsovet məkanında növbəti ciddi geostrateji səhvə yol verir, Rusiya ilə normal münasibətləri olan Azərbaycanı da neoimperialist taktika ilə öz geopolitik rəqiblərinin sırasına yönəldir... Bu, yaxın gələcəkdə ilk növbədə Kremlə ciddi problemlər yarada, Rusiyanı bütün qonşu dövlətlərlə normal tərəfdaşlıq münasibətlərindən məhrum buraxa biləcək təhlükəli taktikadır...

Rusiya postsovet məkanı üçün real təhlükə qaynağına çevrilməyə başlayıb. Belə ki, Kreml bütün istiqamətlər üzrə postsovet ölkələrini açıq-aşkar təhdid edir. Üstəlik, bu təhdidlərin arxasında Rusiyanı haqlı çıxara biləcək hər hansı səbəb mövcud deyil. Və bu, o deməkdir ki, Rusiya siyasi dairələri MDB məkanında neoimperialist planların reallaşmasına yönəlik cəhdləri intensivləşdirmək niyyətinə düşüblər.

Onu da qeyd etmək lazımdır ki, Kremlin neoimperialist narrattivlər üzərindən aqressiv planlar qurması qətiyyən yeni proses deyil. Belə ki, Rusiya həmişə öz daxili və xarici siyasətində neoimperialist narrativlərə əsaslanıb. Üstəlik, bu, Kremlə I Pyotrdan qalma siyasi-ideoloji mirasdır. Sadəcə, Rusiya müxtəlif zaman intervallarında bu davamlı işğal narrativlərinə fərqli "ideoloji çətir" uydurmağa çalışıb. Və bütün hallarda əsas strateji hədəf qonşu dövlətləri əsarət altına almaq olub.

Məsələ ondadır ki, son vaxtlara qədər Kremlə yaxın siyasi dairələr Orta Asiya dövlətlərini və xalqlarını birbaşa təhdid edirdi. Həmin regionu təmsil edən insanlar Rusiyada təqib olunurdu, fiziki təzyiqlərə məruz qalırdı. İndi növbə digər regionları təmsil edən insanlara çatıb. Və hazırda milliyyətcə azərbaycanlı olan Rusiya vətəndaşları Kremlin aqressiyasının açıq hədəfinə çevrilib.

Maraqlıdır ki, rəsmi Bakı Kremlin bu davranışlarına qətiyyən seyirçi qalmayıb. Belə ki, Azərbaycanın Xarici İşlər Nazirliyi Rusiyada baş verənlərə sərt reaksiya verib. Rəsmi Bakı polislərin Azərbaycanlılara qarşı qətliam xarakterli davranışlarına hüquqi qiymət verilməsini tələb edib. Və bu, Azərbaycan-Rusiya münasibətlərinin ilk dəfə belə yüksək həddə qədər gərginləşməsi anlamına gəlir.

Azərbaycan və Rusiya arasında müttəfiqlik fəaliyyəti ilə bağlı bəyannamə mövcuddur. Ancaq Rusiya hazırda öz davranışları ilə həmin dövlətlərarası hüquqi sənədi də kobud şəkildə pozur. Kremlə bağlı siyasi dairələr Yekaterinburqda Azərbaycanlılara qarşı törədilən polis qəddarlığını Rusiyanın daxili işi olduğunu iddia edir. Və Azərbaycanın bu məsələyə reaksiya verməsini Rusiyanın daxili işlərinə qarışmaq kimi dəyərləndirir.

Ancaq Kremldə unudurlar ki, milli-etnik zəmində törədilən zorakılıq heç bir dövlətin daxili işi sayıla bilməz. Belə zorakılıq hadisələri onu törədən dövlətin milli-etnik təmizləmə davranışları olaraq, qəbul edilir. Beynəlxalq hüquq normaları belə bəşəri cinayətləri qadağan edir. Və bu baxımdan, Kreml hazırda qeyri-rus millətindən olan Rusiya vətəndaşlarına qarşı milli-etnik zorakılıq siyasəti ilə beynəlxalq hüquq normalarını kobud şəkildə pozur.

Digər tərəfdən, indi Rusiyada Azərbaycanlılara qarşı milli-etnik zəmində dövlət terroru reallaşdıran Kreml müxtəlif bəhanələrlə Orta Asiyada və Ukraynada rusdilli insanların hüquqlarını müdafiə etdiyini qabardır. Bu, olduqca ziddiyyətli yanaşmadır. Çünki öz sərhədləri daxilində qeyri-rusları hədəfə alan, onların ən elementar vətəndaş hüquqlarını kobud şəkildə pozan Rusiyanın digər postsovet ölkələrində rusdilli şəxslərin hüquqları barədə danışmağa haqqı çatmır. Və Kreml bu davranışları ilə Rusiyanın təsir dairəsindən çıxmağa çalışan postsovet ölkələrinə təzyiq göstərməyə çalışsa da, əslində, öz geopolitik maraqlarına da sarsıdıcı zərbə vurmuş olur.

Məsələ ondadır ki, Rusiyanın hazırda bütün postsovet ölkələri ilə ciddi problemləri mövcuddur. Kreml bu qonşu dövlətlərlə normal münasibətlər qurmaq əvəzinə həmin ölkələrə Rusiyanın siyasi iradəsini diqtə etməyə çalışır. Baltikyanı dövlətlər Rusiyanın düşməni elan olunub. Orta Asiya ölkələri Rusiyanın neoimperialist planlarının hədəfindədir. Ukraynaya qarşı isə Rusiya işğalçı müharibə aparır. Və indi də Kreml öz aqressiyası ilə Azərbaycan-Rusiya münasibətlərini korlamağa başlayıb.

Əslində, Rusiyanın Azərbaycana qarşı aqressiyasının səbəbləri artıq məlumdur. Azərbaycan Rusiyanın təsir dairəsindən artıq çoxdan çıxıb. Kremlin Azərbaycana qarşı daha heç bir təzyiq mexanizmi qalmayıb. Azərbaycan Rusiyanın dəstəyi ilə Ermənistanın işğal etdiyi əraziləri azad edərək, dövlət sərhədlərinin toxunulmazlığını təmin edib. Ona görə də, artıq rəsmi Bakı çox sərbəst şəkildə müstəqil xarici siyasət yürüdür. NATO-nun avanqard dövlətləri sırasında yer alan Türkiyə ilə hərbi-strateji müttəfiqdir.

Belə anlaşılır ki, Kremldə hələ də bu reallıqları qəbul etməyi bacarmırlar. Azərbaycana qarşı hər hansı ciddi təzyiq mexanizmi də qalmadığından Kreml məhz Rusiya vətəndaşları olan Azərbaycanlıları hədəfə alır, onlara yönəlik dövlət terroru törədir. Böyük ehtimalla Kremldə ümid edirlər ki, bu taktika rəsmi Bakını Rusiyanın siyasi iradəsi ilə hesablaşmaq məcburiyyətində buraxa bilər.

Halbuki, Kreml postsovet məkanında növbəti ciddi geopolitik səhvə yol verir. Yəni, Rusiya ilə normal münasibətləri olan Azərbaycanı da belə neoimperialist taktika ilə öz geopolitik rəqiblərinin sırasına yönəldir. Və bu, yaxın gələcəkdə ilk növbədə Kremlə ciddi problemlər yarada, Rusiyanı bütün qonşu dövlətlərlə normal tərəfdaşlıq münasibətlərindən məhrum buraxa biləcək təhlükəli taktikadır.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

Chosen
11
9
musavat.com

10Sources