EN

Rusiya “qarı düşmən dost olmaz” formulasından əl çəkmək istəmir



Əziz Ələkbərli,
Milli Məclisin deputatı,
Qərbi Azərbaycan İcması
İdarə Heyətinin sədri


Keçmiş SSRİ dağılsa da, Rusiya hələ də postsovet ölkələrinin yaxasından əl çəkmir və çəkmək fikrində də deyil. Zaman-zaman Rusiyanın bizə – Azərbaycana qarşı hədələri, təhdidləri öz yerində. Azərbaycan xalqı nə 20 Yanvar, nə Xocalı qətliamlarını unutmayıb. Qarabağda və Qərbi Azərbaycanda dağıdılan yurd yerlərimiz, məscid və pirlərimiz, eləcə də qəbirisanlıqlarımız təkcə Ermənistanın və ermənilərin deyil, həm də Rusiyanın “şah əsəridir.” Bunu bəzən siyasi mülahizələrə görə dilə gətirməməyimiz keçmişlə yaşamaqdansa irəli baxmağa fokuslanmağımızdan irəli gəlir. Nə 366-cı alayın törətdikləri, nə də AZAL təyyarəsinin vurulması unudlası məsələ deyil. Sadəcə bəzən hər şeyi zamanın öhdəsinə buraxmaq da gərəkir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev olduqca praqmatik və realist siyasi liderdir. O, həyata keçirdiyi siyasətin nəticələrini əvvəlcədən hesablayır, aydın konturlarını cızır. Azərbaycan dövləti proqramlarla idarə olunan, proqnozlaşdırıla bilən bir siyasət yürüdür. İlham Əliyev hansı hədəfləri müəyyən edirsə, hansı vədləri verirsə, proqramlaşdırıb həyata keçirir. Formalizm, populizm, qeyri-real vədlər, cari, situativ hədəflər naminə dövlətin enerjisinin sərf edilməsi, gündəlik siyasi tələblər haqqında düşünmək İlham Əliyev idarəçiliyinə yaddır.
Dövlət başçımızın bu siyasəti həmiuşə özünü doğruldub və xalqın rəğbətini qazanıb. Bunu nəinki dostlarımız, hətta bizi istəməyən, yeri gələndə düşmənçilik mövqeyindən çıxış edən düşmənlərimiz belə etiraf edir.
Lakin şimal qonşumuz hələ də Azərbaycana öz müstəmləkəsi kimi baxmaqdan əl çəkmir, “qarı düşmən dost olmaz” formulasından istifadə etməkdə davam edir. Rusiyada soydaşlarımıza qarşı diskriminasiya siyasəti, tək miqrantlara qarşı deyil, hətta Rusia vətəndaşı olan azərbaycanlılara qarşı həyata keçirilən siyasət, onların aşağılanması, zorla müharibəyə aparılmaları, müqavilə üzrə öhdəliklərini yerinə yetirmək əvəzinə şantaja əl atılması bunu dəfələrlə sübut edib. Bu siyahıya bu günlərdə Yekaterinburq şəhərində bütöv bir ailəyə qarşı törədilən cinayət əməlləri də daxil edilməlidir.
Bu yaxınlarda Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin miqrantların müharibəyə cəlb edilməsi ilə bağlı etirafları və səsləndirdiyi statistikanın əsasında da bu həqiqətlər dayanır.
Bu, birmənalı şəkildə, özü də ucadan deyilməlidir ki, Rusiyada digər xalqlara, o cümlədən müsəlman xalqlarına qarşı şovinist davranış, sionist əhval-ruhiyyə olub və olmaqda davam edir. Xeyli vaxtdr ki, müxtəlif bəhanələrlə müsəlman xalqlarına, bu ölkədə yaşayan və ya ora gedən müsəlmanlara qarşı da açıq təzyiqlərə start verilib. Bu da Rusiyada islamofobiyanın alovlandırılması deməkdir.
Kremlə yaxın media nümayəndələrinin anti-Azərbaycan çıxışları bunu təsdiqləyir. Ukrayna müharibəsində iflasa uğrayan Rusiya ölkə daxilində yeni düşmən axtarışına çıxıb. Eyni zamanda Ermənistanda revanşizm və Moskva təsirli ritorika güclənir. Bu isə Cənubi Qafqazda yeni münaqişə riskini artırır.
Dünyaya hegemonluq etmək iddialarının iflasa uğramasını həzm edə bilməyən Rusiyanın iddiaları tədricən iflasa uğrayır. Rusiya barədə uydurulmuş miflər dağıldıqca neoimperialist ünsürlər bunun əvəzini qeyri-ruslardan, xüsusilə müsəlmanlardan çıxmaq istəyirlər. Bu da Rusiya cəmiyyətinin müasir dünya dəyərlərindən nə qədər uzaq olduğunun göstəricisidir.
Xeyli vaxtdır ki, Ermənistanda revanşist qüvvələrə dəstək verib anti-Azərbaycan mövqeyini qızışdırmaq, yeni müharibə ocağı yaradıb Cənubi Qafqazda stabilliyi pozmaqla arbitrlik eləmək iddiası Rusiyanın bugünkü siyasətinin tərkib hissəsidir.
Lakin Rusiya bir şeyi unudur ki, zorla, zorakı üsulla ancaq nifrət qazanmaq olar və bunu yetərincə də qazanıblar. Müsəlman xalqlara qarşı diskriminasiya və faşist siyasəti sonda Rusiyanın fəlakəti olacağı da şübhəsizdir.
Sonda qeyd edək ki, Rusiyanın miqrantların ölkəyə geri dönüşü ilə Azərbaycanda daxili sabitliyi pozmağa yönəlik siyasəti də iflasa uğrayacaqdır. Çünki Azərbaycan xalqı öz Liderinin siyasətinin mahiyyətini bilir və dəstəkləyir. Bu xalq çoxdan ağı qaradan ayırmağın düsturunu mənimsəyib, cənab İlham Əliyevin siyasətinin mahiyyətinə yaxşı bələddir. O siyasətdən kənarda olan hər şey bu gün cəmiyyətimizdə qəbuledilməzdir. Ona görə də Rusiya başbilənlərini və solovyovları bir daha düşünməyə dəvət edirik.



Chosen
12
19
aia.az

10Sources