EN

Putinizm varsa, hüquq yoxdur!

Hər bir dövlət öz ərazisində baş vermiş cinayətləri təqib etmək və hüquqi müstəvidə araşdırmaq hüququna malikdir. Rusiya da! Rusiyanın hüquq-mühafizə orqanlarının 2001-ci ildə baş vermiş bir cinayətin üstünü açmaq üçün hərəkətə keçməsinə heç kimin etirazı yoxdur. Lakin bu zaman hüquqi prosedurların və beynəlxalq hüquq normalarının pozulmamasına diqqət yetirməli idilər. Reallıqda isə, tam əksinə hərəkət ediblər.

İş bundadır ki, Rusiya CM-nin 78-ci maddəsinin “ç” bəndinə əsasən “xüsusilə ağır cinayət törətdikdən sonra on beş il” keçdikdə şəxs cinayət məsuliyyətindən azad olunur. Bu müddət cinayətin törədildiyi gündən məhkəmənin hökmü qanuni qüvvəyə mindiyi anadək hesablanır. Cinayəti törətmiş şəxs istintaqdan və ya məhkəmədən yayındıqda müddətin axımı dayandırılır. Yekaterinburqda 2001-ci ildə qətl törətməkdə təqsirləndirilən Səfərovlar hadisədən sonra açılmış cinayət işi üzrə 2016-cı ilədək şübhəli şəxs kimi istintaqa cəlb olunmayıblarsa, bu iş üzrə axtarışa verilməyiblərsə, yaxud onlar barəsində ümumiyyətlə istintaq təqibi aparılmayıbsa, o zaman suçlu olsalar belə, məhkəmənin sonunda cinayət məsuliyyətindən azad edilməlidirlər. 2001-ci ildə baş vermiş cinayətin üstünü 24 ilə aça bilməyən Rusiyanın “peşəkar hüquqşünaslar”ı bu perspektivi bəribaşdan görməli, bilməli idilər. Həm də bu səbəbdən Rusiya hüquq-mühafizə orqanları şübhəli bildikləri şəxslərə qarşı xüsusi təyinatlı qüvvələr göndərmək əvəzinə, onları istintaqa dəvət etməli, müdafiə hüququnu gerçəkləşdirməli və obyektiv, hüquq çərçivəsində araşdırma aparmalı idilər. Tam əksinə hərəkət ediblər!

Xüsusi təyinatlı timlərin əsas vəzifəsi şübhəliləri ələ keçirmək və istintaqa təhvil verməkdir. Bu timlərin cinayətkarı müəyyənləşdirmək, mühakimə etmək kimi səlahiyyəti yoxdur. Amma Səfərov ailəsinin nümayəndələrinin açıqlaması göstərir ki, xüsusi təyinatlılar evlərə daxil olarkən zorla, şiddətlə qarşısındakıları cani çıxarırlarmış. Basqınlar zamanı, saxlanılan şəxslər istintaqa təhvil verilərkən və saxlama kameralarında Səfərovlara qeyri-insani rəftara, ağır işgəncələrə və etnik ayrı-seçkiliyə məruz qalıb, bəziləri həyatını itirib.

Bütün bu hallar BMT İnsan Hüquqları Bəyannaməsinin 3, 5, 9, 10, 11, 12, 30 və digər maddələrinin ən kobud şəkildə pozulması anlamına gəlir. Bu maddələr hər bir fərdin hüquq və ləyaqətinin qorunmasını, işgəncənin qadağan olunmasını və müdafiə hüququnun təmin edilməsini vacib sayır. Bundan əlavə, BMT Baş Məclisinin 10 dekabr 1984-cü il tarixli 39/46 saylı qətnaməsi ilə qəbul edilmiş "İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan davranış və cəza növlərinə qarşı konvensiya"nın 12-ci maddəsində deyilir:

"Hər bir iştirakçı dövlət yurisdiksiyasında olan hər hansı ərazidə işgəncə tətbiq olunmasını ehtimal etməyə kifayət qədər əsas olduqda, səlahiyyətli orqanlarının təcili və obyektiv təhqiqat aparması üçün şərait təmin edir."

Rusiya SSRİ-nin hüquqi varisi kimi bu konvensiyaya tərəf olan ölkələrdən biri kimi öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək və beynəlxalq normalara uyğun hərəkət etmək məcburiyyətindədir.

Chosen
11
50
aznews.az

10Sources