Rusiyanın imperiya ambisiyaları hər zaman geniş müzakirə mövzusu olub. Xüsusilə də keçmiş postsovet məkanında Ukrayna müharibəsi başlayandan bu təhdid həssaslıqla qarşılanır. Rusiya Prezidenti Vladimir Putinin son açıqlamalarının birində “Rus əsgərinin ayaq basdığı bütün ərazilər Rusiyanındır” bəyanatı məsələni yenidən aktuallaşdırıb. Kreml rəhbərinin məlum açıqlamasının arxasında hansı plan və ya məqamlar dayanır?
Siyasi icmalçı Azər Hüseynov bildirir ki, V.Putinin bu cür fikirlər səsləndirməsi, əslində, proseslərin nə qədər dərinləşdiyini və hansı təhlükəli istiqamətlərə yönəldiyini göstərir. Ukrayna hüquqi baxımdan suveren və beynəlxalq hüquqla tanınmış müstəqil bir dövlətdir. Onun fikirncə, Putinin “Ukrayna, əslində, bizim ərazimizdir” deməsi tarixi arqumentlərlə əsaslandırılsa da, bu yanaşma müasir beynəlxalq hüquq normalarına ziddir.
“Bəli, ukraynalılar və ruslar slavyan xalqlarıdır və onların tarixində müəyyən ortaq məqamlar – o cümlədən, bir zamanlar eyni dövlət çərçivəsində yaşamaları – mövcuddur. Bu fakt tarixi baxımdan bir dövlətin digərinə ərazi iddiası irəli sürməsi üçün əsas ola bilməz. Əgər bu yanaşma qəbul edilərsə, o zaman ispanların, ingilislərin, fransızların və portuqalların Amerikadan çəkilməsi lazım gələcək. Tarix heç bir halda müasir dövlətlərin sərhədlərinə və suverenliyinə kölgə sala bilməz.
Azərbaycana gəldikdə, ölkəmiz 1828-ci ildə Rusiya tərəfindən işğal edilmişdir. Bu tarixdən öncə Azərbaycanla Rusiya arasında siyasi bağlılıq mövcud olmayıb. Müstəqillik qazandıqdan sonra isə biz Rusiya ilə qarşılıqlı hörmət və rasional maraqlar əsasında münasibətlər qurmuşuq və bu əlaqələri inkişaf etdirməkdə maraqlıyıq.
Bu münasibətlər heç bir halda bizim suverenliyimiz və təhlükəsizliyimiz üçün təhdidə çevrilməməlidir. Azərbaycanın müstəqil dövlət kimi mövcudluğu və öz gələcəyini sərbəst şəkildə müəyyən etmək haqqı danılmaz və toxunulmazdır”.
A.Hüseynov belə bir geopolitik mənzərənin fonunda hesab edir ki, bütün keçmiş böyük imperiyalar öz ərazilərini yenidən keçmiş coğrafiyalar əsasında böyütməkdə maraqlıdır. Ona görə də Rusiya imperiya ambisiyalarından əl çəkmədikcə bu təhdid qalır.
“Bu, dəyişən qlobal və regional situasiyadan asılıdır. Ona görə öhdəmizə düşən hər iki amili daim diqqətdə saxlamaqdır. Rusiya ilə münasibətlərdə hüquqla yanaşı ehtiyat amilini daim göz önündə saxlamaqdır”.
Siyasi şərhçi Abutalıb Səmədov bildirir ki, Rusiya Prezidenti Vladimir Putinin bu bəyanatı gözlənilməz olmadı. Onun sözlərinə görə, Putin bundan əvvəl də, 2022-ci ilin iyununda daha aqressiv bəyanat vermişdi.
“Putin gənc sahibkarlarla görüşündə demişdi: “Pyotr hansısa ölkələrin ərazisini işğal etməyib. O, Rusiya torpaqlarını toparlayıb və möhkəmləndirib. İndi həmin missiya bizim üzərimizə düşüb”. Putin “Rusiya torpaqları” deyərkən belə izah edir ki, rus əsgərinin ayağının dəydiyi hər yer Rusiyanındır. Çox təəssüf ki, belə qonşumuz var və biz özümüzü ondan necə qorumağı düşünməliyik”, - A.Səmədov deyib.
Ekspert o cümlədən qeyd edir ki, Rusiyanın Ukrayna ilə müharibəsinin gedişi Putinin iştahını bir az da artırıb. Üç ildən artıq davam edən müharibədə Ukrayna ərazisinin 125 min kvadrat-kilometri Rusiya tərəfindən işğal olunub və dünya, ABŞ Prezidentinin dili ilə bəyan edir ki, Rusiya bu torpaqları qaytarmaya bilər. Bu torpaqlar Rusiyanın ərazisi kimi tanınmalıdır. Ukrayna tanımasa da, öz üzərinə öhdəlik götürməlidir ki, gələcəkdə zor tətbiq etməklə bu torpaqların azad olunması fikrinə düşməyəcək.
A.Səmədov Ukraynadan sonra növbədə Moldovanın ola biləcəyinə diqqət çəkib. Onun sözlərinə görə, ekspertlər Moldovanın hazırda çətin vəziyyətdə olduğunu deyirlər. Bu, hələ də Moldovada Rusiya hərbçilərinin qalması və bu ölkənin elə bir hərbi gücə sahib olmaması ilə əlaqələndirilir.
“Ukraynadan sonra Ermənistan da Rusiyanın hərblə daxil olacağı dövlətlərdən biridir. Gürcüstan isə siyasəti dəyişməyə cəhd etsə də, buna nə qədər nail olacağı bəlli deyil. Təbii ki, Azərbaycan üçün də təhlükə var. Ancaq bizi ümidləndirən odur ki, Azərbaycan 90-cı illərin ölkəsi deyil. Bizim güclü ordumuz, Türkiyə kimi müttəfiqimiz, bu müttəfiqliyi rəsmiləşdirən Şuşa bəyannaməsi, Türk Dövlətləri Təşkilatı var. Keçmiş ittifaq ərazisində olan dövlətlər birgə qorunmağın yollarını axtarmalıdır. Nəhayət, Azərbaycanın Çinlə əlaqələri inkişaf edir. Rusiyanın ən çox çəkindiyi dövlətlərin başında Çin dayanır. Bütün bunlar bizi arxayınlaşdırmamalıdır. Biz işğalçı dövlətlə qonşu olduğumuzu unutmamalıyıq və bunun olmasına imkan da vermirlər. Açıq şəkildə deyirlər ki, biz qonşu ölkənin torpaqlarını işğal etmək niyyətindəyik. Putinin Ukrayna barədə dedikləri isə başqa bir şeydir. O deyir ki, biz bir millətik ona görə də Ukrayna mənimdir. Əgər bir millətsinizsə, o zaman Ukrayna da deyə bilər ki, “Rusiya bizimdir”. Biz belə bir dövlətlə qonşu olduğumuzu unutmuruq və dövlətin təhlükəsizliyi naminə əlimizdən nə gəlirsə onu etməliyik”, - A.Səmədov deyir.
Politoloq Rəşad Bayramov bildirir ki, Rusiya Prezidentinin bu bəyanatı təkcə Ukraynaya yönəlik təhdid deyil. Bu həm də keçmiş sovet respublikaları ölkələrinə yönəlmiş təhdid kimi qiymətləndirilməlidir və bu hədəfdə Azərbaycan da var.
“Əslində, zaman-zaman SSRİ-nin dağılmasının səhv olmasına dair bəyanatlarla çıxış edən və yaxud SSRİ-nin dağılmasının qanunsuz olaraq həyata keçirildiyini deyən Rusiya rəsmiləri bu bəyanatları ilə faktiki olaraq özlərinin imperiya ambisiyalarını ortaya qoymuş olurlar. İndiki mərhələdə Rusiyanın bu imperiya ambisiyalarını reallaşdırmaq üçün imkanları yoxdur. Keçmiş sovet ölkələrindən Baltikyanı ölkələrin NATO üzvü olması, Moldova və Gürcüstanın Ukrayna kimi Avropa İttifaqına üzvlüyə namizəd olması, Azərbaycanın Türk Dövlətləri Təşkilatı üzvlüyü və dolayısı ilə NATO üzvü olan Türkiyə tərəfindən birmənalı olaraq dəstəkləndiyini nəzərə alsaq, deyə bilərik ki, Putinin ambisiyaları indiki halda xülyadır. Gələcəkdə nələrin ola biləcəyini proqnozlaşdırmaq çətindir. İndiki halda bu, Rusiya-Ukrayna müharibəsinin taleyindən, kollektiv Qərbin mövqeyindən, NATO-nun gələcəyinin necə olacağından asılı olacaq. İndiki məqamda isə bu məsələ ümumiyyətlə aktual deyil. Ortada hər şeyə qadir, hər kəsi ram edəcək Rusiya yoxdur. Digər tərəfdən, keçmiş imperiyanın tərkibində olan və artıq 33 ildir ki, müstəqil olan ölkələdən heç biri, Belarusu çıxmaq şərtilə öz gələcəyini bir dövlətdə görmək istəmir. Hər bir ölkə öz yolunu, yerini çoxdan cızıb, müasir dünyada öz yerini tutmaq üçün müvafiq addımlar atıblar. Bu baxımdan nəinki SSRİ, sonradan yaranan MDB özü belə formal bir quruma çevrilib. Bütün bunları nəzərə alanda ortaya bir reallıq çıxır: Rusiyanın imperiya ambisiyalarını reallaşdırmaq kimi gücü, imkanları yoxdur”, - politoloq deyir.