EN

Deputat: Yekaterinburqda azərbaycanlılara qarşı törədilən şiddət və vəhşilik qəbuledilməzdir

Rusiyanın Yekaterinburq şəhərində iyunun 27-də hüquq-mühafizə orqanlarının azərbaycanlılara qarşı törətdiyi şiddət və vəhşilik qəbuledilməzdir.

Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Zaur Şükürov deyib.

Onun sözlərinə görə, son zamanlar Rusiyada baş verən hadisələr bu ölkədə şovinizmin, diskriminasiyanın və milli ayrı-seçkiliyin bariz nümunələridir:

"Ümumiyyətlə, Rusiya hüquq-mühafizə orqanlarının amansız davranışı proseslərin məqsədli şəkildə idarə olunduğunu bir daha sübut edir. Məlumatlara əsasən, hazırda Ukraynaya qarşı müharbədə iştirak etmək üçün Rusiyada miqrantların müxtəlif təzyiq, şantaj, məcburetmə yolları ilə münaqişə bölgəsinə aparılması tendensiyası açıq müşahidə olunmaqdadır. Belə ki, miqrantlar narkotik, törətmədikləri cinayətlər, ailə üzvləri və yaxınları ilə təhdid edilir və məcburiyyət qarşısında qalaraq, Rusiya hüquq-mühafizə orqanlarının tələbləri və şərtləri ilə razılaşmalı olurlar".

Deputat bildirib ki, hadisələr təkcə Yekaterinburqla məhdudlaşmır, Rusiyanın bütün regionlarını əhatə edir:

"Hətta bəzi məmurlar və media bu mövzuda daha da canfəşanlıq nümayiş etdirərək proseslərin zəruriliyini qabartmağa çalışır və bu kimi tədbirlərin ölkə əhəmiyyətli olduğu mifi yaratmağa cəhd edirlər. Bu yaxınlarda Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin miqrantların müharibəyə cəlb edilməsi ilə bağlı etirafları və səsləndirdiyi statistikanın əsasında da məhz bu həqiqətlər dayanır. Bir müddət öncə Rusiya səmasında AZAL-a məxsus mülki təyyarənin vurulmasını Azərbaycan dövləti və xalqı unutmayıb və Rusiya tərəfinin bu hadisə ilə bağlı hərəkətsizliyi, günahsız insanların həyatını itirməsinə səbəb olan bu əməli törətməkdə şübhəli bilinən şəxslərin hələ də cinayət məsuliyyətinə cəlb olunmaması və məqbul hesab edilə bilən üzrhaqlıq ifadə edilməməsi qəbuledilməzdir".

Z.Şükürov vurğulayıb ki, Azərbaycan bu cinayətin beynəlxalq hüquqi müstəvidə araşdırılması üçün müvafiq addımlar atacaq və məsələnin ədalətli həllinə, günahkarların cəzalandırılmasına, müvafiq kompensasiyaların ödənilməsinə nail olacaq:

"Bu ilin mayında Həştərxanda keçirilən tədbirə dəvət olunmuş Milli Məclisin üzvünün Rusiya ərazisinə buraxılmamışdı. Eyni zamanda bir müddət öncə Milli Məclisin Xarici müdaxilələr və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının təşkil etdiyi ictimai dinləmələr zamanı Azərbaycanın informasiya resurslarına qarşı Rusiya ərazisindən kiberhücum təşkil olunması barədə məlumatlar səsləndirilmişdi. Bütün bu faktlar, həmçinin Kremlə yaxın olan Solovyov kimi ünsürlərin açıq anti-Azərbaycan çıxışları proseslərin idarə olunduğunu aydın göstərir. Bütün bunlar onu deməyə əsas verir ki, Rusiya tərəfi Azərbaycanla münasibətlərin normal məcrada inkişaf etdirilməsində maraqlı görünmür və ikitərəfli münasibətlərdə müşahidə edilən gərginlik məhz Rusiyanın atdığı addımlardan qaynaqlanır".

Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Basqın zamanı 2 azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır.

Azərbaycan Xarici İşlər Nazirliyi də iyunun 28-də Yekaterinburq şəhərində Rusiyanın FTX-nin azərbaycanlılara hücumları ilə bağlı bəyanat yayıb.

Bundan başqa, Rusiyanın müvəqqəti işlər vəkili Yekaterinburqdakı hadisəyə görə Azərbaycan XİN-ə çağırılıb, kəskin etiraz bildirilib.

Chosen
7
report.az

1Sources