EN

Mirzoyan Lavrovu ölkənin daxili işlərinə qarışmamağa - Çağırdı

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan rusiyalı həmkarı Sergey Lavrovu Ermənistanın daxili işlərinə qarışmamağa çağırıb.

“Qafqazinfo” “News.am” istinadən xəbər verir ki, Mirzoyan bu barədə İrəvanda Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasla birgə mətbuat konfransında danışıb.

Lavrovun Ermənistandakı vəziyyətlə bağlı dediklərinə münasibət bildirən Mirzoyan söyləyib:

“Mətbuat konfransına qədər sevimli həmkarım Lavrovun açıqlaması ilə tanış oldum. Lavrovun verdiyi məlumat natamamdır və düzgün deyil. Səhv etmirəmsə, o, “hökumətin kilsəyə qarşı mübarizəsi” ifadəsini işlədib. Onun məlumatı həqiqətə uyğun deyil, Ermənistanda kilsəyə qarşı mübarizə aparılmır. Onun nəzərdə tutduğu bir neçə kilsə xadiminin siyasi fəaliyyətdə iştirakıdır. Bu, hüquqi proses və Ermənistanın daxili işidir. Lavrov Ermənistanın daxili məsələlərinə qarışmasa, yaxşı olardı”.

Onun fikrincə, Rusiya mediası və deputatlar da Ermənistanın suverenliyinə hörmətlə yanaşmalı və ölkənin daxili işlərinə qarışmamalıdırlar. 

Qeyd edək ki, S.Lavrov KTMT-nin xarici işlər nazirləri Şurasının Qırğızıstanda keçirilən iclasından sonra mətbuat konfransında danışarkən Ermənistandakı hadisələrə də toxunub. 

“Bu ölkədəki hadisələr onun daxili işidir, lakin kilsəyə hücumlar narahatlıq doğurur”, - deyə Lavrov vurğulayıb. 

Onu da xatırladaq ki, bir neçə gün əvvəl Ermənistanda müxalif “Müqəddəs mübarizə” hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan iki ay müddətə həbs edilib. Qalstanyan və onun tərəfdarları terror aktı törətmək və hakimiyyətin konstitusiyaya zidd yolla ələ keçirilməsinə cəhddə şübhəli bilinirlər.

Bunun ardınca, Ermənistan Baş Prokurorluğu Erməni Apostol Kiləsinin Şirak yeparxiyasının arxiyepiskopu Mikael Açapaxyan barəsində də cinayət işi başladıb və onun barəsində iki ay müddətə həbs qətimkan tədbiri seçilib. M. Açapaxyan hakimiyyətin ələ keçirilməsinə açıq çağırışlarda ittiham edilir.

Chosen
13
1
qafqazinfo.az

2Sources