EN

Süni intellekt kommunikasiyaların inkişafında necə rol oynayır...


Son dövrlər süni intellekt haqqında çox eşidirik. Süni intellekt nədir bəs? Süni intellekt insan məntiqini maşınlarda tətbiq etmək məqsədi daşıyan riyazi elm və texnologiyadır.

Süni intellektin tarixinə gəlincə, verilən bilgilərə görə, müasir elmin inkişafı və ağıllı maşınların yaradılması texnologiyasına dair bir doktrina olaraq, insan təbiətinin erkən fəlsəfi tədqiqatlarında və dünyanı tanıma prosesində köklərə malikdir. O sonradan neyrofizioloqlar və psixoloqlar tərəfindən insan beyninin və düşüncə tərzinin işi ilə bağlı bir sıra nəzəriyyələr şəklində genişlənmişdir. Süni intellekt elminin inkişafındakı müasir mərhələ riyazi hesablama nəzəriyyəsinin əsasının – alqoritmlər nəzəriyyəsi və kompüterlərin yaradılmasıdır.

O da məlumdur ki, bir sıra mütəxəssislər süni intellekt ideyalarına əsaslanan yeni texnoloji inkişafın getdiyini deyirlər. Bildirilir ki, Azərbaycan süni intellekt ideyalarına əsaslanan yeni texnoloji inkişaf mərhələsindədir. Əsas məqsədlərdən biri də informasiya-kommunikasiya texnologiyalarından (İKT) istifadənin genişləndirilməsi və vətəndaşların bu sahədə məlumatlılıq səviyyəsinin yüksəldilməsidir.

Azərbaycanda yeni texnoloji reallıqlar...

Mütəxəssislərə görə, 1980-ci və 1990-cı illərdə qeyri-səlis məntiq nəzəriyyəsi, süni immun sistemləri, genetik alqoritmlər, xüsusən də süni neyron şəbəkələri istiqamətləri üzrə aparılan tədqiqatlar süni intellektin yenidən “çiçəklənməsinə” və sürətlə inkişaf etməsinə gətirib çıxarıb. Bu nailiyyətlər, eyni zamanda, kompüter texnologiyalarının inkişafı ilə bağlıdır. Kompüter elminin sürətlə inkişafı, superkompüter texnologiyalarının yaradılması artıq süni intellekt nəzəriyyəsinin tətbiq olunması üçün böyük imkanlar yaratdı. İnternet meydana çıxdıqdan sonra isə süni intellekt texnologiyaları geniş tətbiq olunmağa başlayıb. Ekspert Yeganə Hacıyeva çıxışlarından birində qeyd edib ki, inkişaf etmiş dövlətlərdə olduğu kimi, Azərbaycanda da yeni texnoloji reallıqlar yaranır, bu da respublikanın iqtisadi inkişafı ilə yanaşı, milli təhlükəsizliyin möhkəmləndirilməsinə yönəlib. Bu istiqamətdə aparılan araşdırmalar göstərir ki, artıq ölkəmizdə yüksək intellektual xüsusiyyətlərə və imkanlara malik, müxtəlif təyinatlı smart qurğular və sistemlər işlənir, həmçinin “ağıllı şəhər” və “ağıllı kənd” layihələri reallaşdırılır.

Ekspertə görə, son illər isə ölkəmizdə qabaqcıl texnologiyaların, xüsusilə də süni intellekt texnologiyalarının inkişafı dövlət tərəfindən mühüm vəzifə kimi qoyulub. Ənənəvi enerji mənbələrindən alternativ, yaşıl enerji daşıyıcılarına keçid, ölkəmizdə texnoloji infrastrukturun modernləşdirilməsi və intellektuallaşdırılması da dövlət siyasətinin mühüm prioritetləri sırasındadır.

Ekspert onu da deyib ki, artıq bu gün müstəqil respublika dünyanın inkişaf etmiş ölkələri, aparıcı transmilli şirkətlərlə iqtisadiyyatın bir sıra sahələrində sıx əməkdaşlıq edir. Rəqəmsal transformasiyalar kontekstində vətəndaşlara intellektual elektron xidmətlər göstərilir ki, bunun təsiri nəticəsində insanların da qabaqcıl texnologiyalara münasibəti dəyişir. “Müasir dövrdə onlar zəruri bilikləri əldə etmək, cəmiyyətin aparıcı və məhsuldar qüvvəsinə çevrilməklə, “elektron Azərbaycan”ın “elektron vətəndaş”ı olmağa çalışırlar.

Eyni zamanda, ölkəmizdə son illər “yaşıl təfəkkür”ün formalaşdırılması, ənənəvi enerji mənbələrindən alternativ, yaşıl enerji daşıyıcılarına keçid, texnoloji infrastrukturun modernləşdirilməsi və intellektuallaşdırılması dövlət siyasətinin prioritet saydığı mühüm sahələrdəndir”-deyə o bildirib.

Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin üzvü, professorTahirə Allahyarovanın məqalələrindən birində də bu məsələdən bəhs edilib. Məqalədə süni intellekt texnologiyalarının, onun ən son formalarından biri olan generativ süni intellektin və yeni nəsil çatbotların tətbiqinin sosial effektləri və nəticələrindən yazılır.

Müəllif süni intellekti 4-cü sənaye inqilabının, qlobal texnoloji inqilabın və bəşəriyyətə qarşı yeni çağırışın mühərriki kimi xarakterizə edir. Qeyd olunur ki, süni intellektin nəticələri qlobal əmək bölgüsünün, texnoloji zəncirlərin köklü şəkildə yenidən qurulmasına və nəticədə dünya iqtisadi və siyasi gücünün yenidən formalaşmasına təsir göstərəcək.

Dünyanın bütün regionlarında yeni nəsil İT texnologiyalarından və onların imkanlarından müxtəlif məqsədlər üçün istifadə edilməsi çox ciddi sosial nəticələrə, siyasi və beynəlxalq sabitliyin pozulmasına, yeni miqrasiya dalğalarının yaranmasına, ekstremist ideologiyaların yayılmasına, beynəlxalq terrorizmin və mütəşəkkil cinayətkarlığın artmasına səbəb ola bilər.

Məqalədə həmçinin süni intellektin sosial nəticələri ilə bağlı araşdırmalara nəzər salınır. Siyasi, iqtisadi, media və jurnalistika, təhsil, səhiyyə və sosial elmlərdə süni intellektdən istifadənin nəticələri təhlil edilir. O da vurğulanır ki, sosial şəbəkələr əvvəlcə demokratiyanı gücləndirən yenilik kimi təqdim edilsə də, sonradan dezinformasiya və xaos yarada bilən siyasi texnologiyalara çevrilib.

Müəllif yazır: “Yaratmaq, yazmaq tarix boyu insan ağlına xas olan keyfiyyət olub. Minillik tarix boyu insan təfəkkürü yazılı mətnlər, mədəniyyət, sənət, institutlar, sosial münasibətlər, cəmiyyətlər yaratmaq bacarığı ilə unikal varlıq kimi tək olub. 2022-ci ilin noyabr ayından artıq insanın - təbii intellektin rəqibi ortaya çıxıb. İnsan ağılı tarix boyu olduğu kimi, gündəlik fəaliyyətində müxtəlif işləri icra edərkən süni intellekt (Sİ) proqramları mediada xəbərlər, mətnlər yazır, sualları şərh edir, portretlər çəkir, elektron poçt yazışmalarına cavab verir, vergi bəyannamələrini hazırlayır, şeir və mahnılar yazır, bakalavr və magistr dərəcələrini alır, kodlaşdırma aparır, memarlıq planlarını çəkir, yüz cür layihələri cızır, sağlamlıqla bağlı məsləhətlər, dərman reseptləri verir, cərrahiyyə əməliyyatı aparır, dietik menyular hazırlayır və s. və i.a. Süni intellekt artıq həyatımıza daxil olub. Generativ adlanan yeni xassəli süni intellekt, yeni nəsil çatbotlar cəmiyyət həyatını köklü surətdə dəyişikliyə məruz qoyur”.

Alim hesab edir ki, süni intellekt4-cü sənaye inqilabının mühərriki, qlobal texnoloji çevriliş və insanlığa yeni çağırışın örnəyidir.

Alimlərin də tədqiqatlarından aydın görsənir ki, süni intellekt kommunikasiyaların, informnasiya texnologiyalarının inkişafına təkan verir, eyni zamanda onun özü ilə gətirdiyi “bəlalar” da var və bu baxımdan insanlar daha ayıq-sayıq olmalıdır.

İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.

Chosen
73
50
baki-xeber.com

10Sources