EN

Ukraynada “batan” Rusiya - özündəki qeyri-millətlərə düşmən baxışın arxa səbəbləri var...


Faiq Balabəyli: “Azərbaycanlılara qarşı törədilən vəhşiliklər, diskriminasiya, ayrıseçkilik halları Azərbaycanofobiya və islamofobiyanın açıq təzahürləridir”

İyunun 27-də Rusiyanın Yekaterinburq şəhərində 50 azərbaycanlının təhlükəsizlik qüvvələri tərəfindən saxlanıldığı barədə yayılan məlumatın ardınca hadisə nəticəsində 5 azərbaycanlının OMON-çular tərəfindən amansızlıqla qətlə yetirildiyi məlum oldu.

Ziyəddin və Hüseyn Səfərov qardaşları, onların əmisi oğulları Kamal Qədiməli oğlu Səfərov, Ayaz Möhbalı oğlu Səfərov və onun qardaşı Məzahir Möhbalı oğlu Səfərov öldürülüb. Bu gün Rusiyada vəziyyət o həddə çatıb ki, burda başqa millətlərdən olan insanların yaşaması, fəaliyyəti, təhlükəsizliyi hər an təhdid olunur. Biz bunu günahsız azərbaycanlıların qətlə yetirilməsi və həbsə atılması fonunda aydın şəkildə görə bildik.

Təəssüflər olsun ki, Rusiyada təkcə antiqərb, antiukrayna mövqeyi güclənmir, eyni zamanda islamofobiya güclənir.

Ukraynada müharibə bataqlığına salınan Rusiya daxildə başqa xalqların timsalında yeni düşmən obrazı yaradır, bu yolla dünyanın Rusiyaya təzyiqlərinin qarşısını almağa çalışır. Təsəvvür edin, bu qərəz və düşmənçilik o həddə çatıb ki, Rusiyada 5 Azərbaycan vətəndaşı vəhşicəsinə öldürülür.

Bu gün Ukrayna cəbhəsində burnu ovulan Rusiya uğursuzluğunun heyfini azərbaycanlılardan, müsəlman-türk kəsimindən çıxır. Məlum, Rusiyada ənənəvi olaraq başqa xalqlara qarşı şovinist əhval-ruhiyyə həmişə olub, diskriminasiya bütün dövrlərdə özünü göstərib. Aydın görsənir ki, artlq müsəlman xalqlarına, bu ölkədə yaşayan və ya ora gedən müsəlmanlara qarşı da açıq təzyiqlərə başlanılıb. Bu, Rusiyada islamofobiyanın alovlandırılması və repressiya maşınının işə salınması anlamına gəlir.

“Rusiya Azərbaycana qarşı isə, demək olar ki, həmişə özünün məkrli və qərəzli siyasəti ilə tanınıb”

Müstəqil.az saytının baş redaktoru Faiq Balabəyli “Bakı-Xəbər”ə bildirdi ki, son dövrlər Rusiyada baş verən hadisələr bu ölkədə şovinizmin, diskriminasiyanın, milli ayrıseçkilliyin, islamofobiyanın açıq təzahürüdür: “Bu gün Rusiyada başqa xalqlara, xüsusən də azərbaycanlılara qarşı ayrıseçilik və qərəzli siyasət yürüdülür. Azərbaycanlılara qarşı törədilən vəhşiliklər, diskriminasiya, ayrıseçkilik halları Azərbaycanofobiya və islamofobiyanın açıq təzahürləridir”.

F.Balabəylinin sözlərinə görə, Rusiya bütün zamanlarda olduğu kimi yenə də özünün çirkli və qan dolu siyasətini davam etdirir: “Bu ölkə daima digər xalqlara qarşı özünun məkrli və işğalçı siyasətini sərgiləyib. Diqqət etsək görərik ki, digər xalqları əsarətində saxlamaqla əslində özünün sərhədlərini, ərazisini toxunulmaz saxlayır, kiminlə müharibə aparırsa, döyüşlər özünün ərazisində deyil, başqa əsir etdikləri torpaqlarda davam etdirilir. İslamofobiya bu ölkədə hər zaman yüksək səviyyədə olub. İndi daha geniş vüsət almaqdadır, xüsusilə də türkdilli xalqlara qarşı. Və bu xalqların da içərisində Azərbaycana və azərbaycanlılara qarşı daha vəhşi münasibət var. Siz təsəvvür edin, bu ölkə özünə dost yox, daima düşmən qazanmaq niyyətində olub sanki. Hansı dövlət bir qədər güclüdürsə, onlarla dostluq etmək istəyini bildirsə də daxilindəki düşmənçiliyi gizlətmir, “hər şey mənim olsun” iddiası səngimək bilmir. Türküstan adlanan Orta Asiyada, Qafqazlarda və digər bölgələrdə aparılan ikibaşlı siyasət, müharibələr buna sübutdur. Rusiya özünün ədəbiyyatı, kinosu ilə insanları aldadır. Oxuyursan, baxırsan, fikirləşirsən ki, bu ölkədən, bu xalqdan humanist, ədalətli ikincisi ola bilməz. Baxmayaraq ki, kinolarında da hansısa vəziyyətdə digər xalqları aşağılayır, amma filmdəki hansısa qəhrəmanı ilə guya bu haqsızlığı pisləyir. Əslində isə bununla da insanlarında şovinist ruhu təbliğ edir, onlara özünün çirkin siyasətini aşılayır”.

F.Balabəyli qeyd etdi ki, Rusiyaya dünyanın münasibəti zaman keçdikcə daha da pisləşir. Bu ölkə üçün fərqi yoxdur, kim olursansa ol, əgər niyyətində işğalçılıq varsa, bunu edəcək, döyüşə isə digər ruslaşdırılmış kiçik xalqları və başqa millətləri göndərəcək. “Rusiya Azərbaycana qarşı, demək olar ki, həmişə özünün məkrli və qərəzli siyasəti ilə tanınıb. Erməniyə dəstək vermək, içimizdəki qardaş millətləri bizə qarşı qaldırmaq cəhdi və sairə ilə biz onun əsl simasını görmüşük.

Bu gün Ukrayna ilə apardığı müharibədə bataqlığa sürüklənən Rusiya öz acısını başqa xalqlardan, o cümlədən də azərbaycanlılardan çıxmaq istəyir. Miqrantları zorla Ukrayna ilə müharibəyə göndərmək kimi yırtıcı siyasəti də göz önündədir”-deyə F.Balabəyli qeyd etdi.

İradə SARIYEVA

Chosen
29
50
baki-xeber.com

10Sources