Azərbaycan çempionu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bu gün “Zirə”yə qarşı keçirdikləri yoxlama oyununu şərh edib.
Arena.az xəbər verir ki, Ağdam təmsilçisi “Azərsun Arena”dakı qarşılaşmada 4:0 hesablı qələbəyə sevinib.
Qurban Qurbanov matçdan sonra jurnalistlərə açıqlamasında bunları söyləyib:
“Maraqlı oyun alındı. Xüsusən də, birinci hissədə rəqib çox yaxşı təşkilatlanmış şəkildə görünürdü. İkinci hissə bir qədər fərqli oldu. Erkən qollar vurduq, oyun bizim üçün asanlaşdı. Bəzi səhvlərimiz oldu ki, bu da gözlənilən idi. Çünki futbolçuların hazırlıq durumu hələ qaydasında deyil. Belə məqamda onlardan yüksək dinamikali oyun tələb etmək də düzgün olmazdı. Komandanın fiziki durumu hələ tam istədiyimiz səviyyədə deyil. Qarşıdakı günlərdə daha çox diqqət ayıracağımız məqamlar oldu”.
Baş məşqçi transfer çalışmalarının davam etdiyini bildirib: “Həmişə olduğu kimi, transfer danışıqları gedir. Bu məsələnin üzərinə çox ciddi düşmüşük. Bu, elə prosesdir ki, dərhal həll olunmur”, deyə Qurban Qurbanov bildirib.
“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov isə komandasının məğlubiyyətinə belə şərh verib:
“Mövsümün başa çatmasından sonra ilk yoxlama görüşümüzü keçirdik. Bizə əsas lazımdır ki, daha çox yoxlama matçları keçirək və fiziki göstəricilərimizi artıraq. Qol buraxmaq yaxşı hal deyil. Lakin bu gün 4:0 hesabı ilə qalib gəlsəydik belə, nəticə mənim üçün önəmli deyil. Əsas odur ki, bu cür yoxlama görüşlərində öz səhvlərimizi görək və onların üzərində işləyək. Yoxlama oyunlarında zəif çıxış etmək problem deyil. Əsas odur ki, rəsmi qarşılaşmalarda bu cür səhvlər buraxmayasan”.
Rəşad Sadıqov qvineyalı hücumçuları Salifu Sumanın Avropa klublarından təklif aldığını təsdiqləyib:
“Futbolçuya ciddi təkliflər var. Hazırda danışıqlar davam edir. Həmin komandalar da avrokuboklara vəsiqə qazanıblar. Suma “Zirə”də qalacağı təqdirdə yalnız qrup mərhələsinin oyunlarında meydana çıxa bilər. Hər şeyi zaman göstərəcək”.
Rəşad Sadıqov düşərgədə yer almayan braziliyalı hücumçu Rafael Utziqi cərimələyəcəklərini söyləyib:
“Bildiyiniz kimi, futbolçunun bir illik müqaviləsi var. Buna baxmayaraq, o, düşərgədə yer almayıb. Utziq transferə çıxarılıb. Lakin o, yenidən heyətə qayıdacağı təqdirdə, cərimələnəcək. Bu barədə futbolçunun özünə məlumat verilib”.