EN

Rusiya azərbaycanlılara qarşı zorakılıq siyasətini dayandırmalıdır - RƏY

Mütəllim Rəhimli: “Günahkarlar cəzalandırılmalı, zərərçəkənlərə kompensasiya verilməlidir”

Rusiyanın Voronej vilayətində də azərbaycanlılara qarşı genişmiqyaslı reydlərə və həbslərə başlanılıb. Voronejdəki Alekseyevski bazarı ("Çernozemye" topdansatış bazarı) uzun müddətdir hüquq-mühafizə orqanlarının diqqət mərkəzindədir. İldə bir neçə dəfə burada miqrasiya sahəsində pozuntuların aşkarlanması üçün reydlər keçirilir. Yerli sakinlərin mütəmadi olaraq "gəlmələrin" davranışından və antisanitariyadan şikayət etdikləri iddia olunur. 

Rusiya teleqram kanalları və digər media qurumlarının yazdığına görə, bir qrup miqrant yük avtomobilinin rus sürücüsündən nəqliyyat vasitəsini ticarət məqsədilə bir neçə günlüyə saxlamağı tələb ediblər. Guya "bazar sahibləri" həmin şəxsi təhdid ediblər. Mənbə həmin şəxslərin miqrant və azərbaycanlı olduğu iddiasını irəli sürüb. Bildirilib ki, Rusiya Daxili İşlər Nazirliyinin Baş Miqrasiya Xidmətinin rəisi, polis general-polkovniki Andrey Kikot məsələni şəxsi nəzarətinə götürüb. İyunun 25-də Alekseyevski bazarında DİN və "Rosqvardiya" əməkdaşlarının iştirakı ilə "Qeyri-leqal-2025" əməliyyat-profilaktik tədbirləri çərçivəsində genişmiqyaslı reyd başlayıb. Rusiya DİN-in Baş Miqrasiya İdarəsinin mətbuat xidməti üç tədbirin keçirildiyini açıqlayıb. Reyd zamanı 450-dən çox şəxs yoxlanılıb. 42 əcnəbi miqrasiya qanunvericiliyini pozduğuna görə inzibati məsuliyyətə cəlb edilib, hərbi qeydiyyata alınma haqqında 17 çağırış vərəqəsi təqdim edilib. "Ticarət obyektinin ərazisində miqrasiya qanunvericiliyinin kobud pozuntularının dəfələrlə aşkar edilməsi səbəbindən, "Qeyri-leqal - 2025" əməliyyatının hazırkı mərhələsi dövründə sözügedən bazarda profilaktik tədbirlər qanunvericiliyin pozulmasına şərait yaradan səbəb və şərtlər tam aradan qaldırılanadək daimi əsasda həyata keçiriləcək", - Rusiya DİN-in Baş Miqrasiya İdarəsindən bildirilib. 

Xatırladaq ki, iyunun 27-də səhər saatlarında Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidməti azərbaycanlıların evinə basqın edib, Ziyəddin və Hüseyn Səfərov qardaşlarını döyərək öldürüb. Basqın zamanı bəzi soydaşlarımız ağır bədən xəsarətləri alıb, habelə 9 nəfər saxlanılıb.

Ədalət Partiyasının sədri Mütəllim Rəhimli "Sherg.az"a açıqlamasında deyib ki, Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı təhlükəsizlik qüvvələrinin vəhşicəsinə və heç bir qayda-qanuna sığmayan zorakı davranışları nəticəsində soydaşlarımızın qətlə yetirilməsi, həbs edilməsi ilə nəticələnən hərəkətləri bu ölkənin yenə də şovinist, diskriminasiya və islamofob siyasəti apardığını sübut edir. Partiya rəhbəri qeyd edib ki, işgəncə verməklə insanların qətlə yetirilməsi, reydlərin barbarcasına həyata keçirilməsi, onun əvvəlcədən dövlət qurumları tərəfindən sanksiyalaşdırıldığını və məqsədli şəkildə edildiyini göstərir: 

"Təəssüflə qeyd etmək lazımdır ki, dili, dini, kökləri eyni olan slavyan Ukrayna xalqına qarşı qəddar siyasət yürüdən Rusiya şəhər və kəndləri yer üzündən silir, soyqırımı həyata keçirir, yaşayış məntəqələrini ən son dağıdıcı silahlarla vurur. Belə olduğu halda Rusiyanın digər xalqlara qarşı daha qəddar və amansız davranışı təəccüb doğurmur və onun dövlət siyasətinin bir parçası olduğunu təsdiq edir. Azərbaycan vətəndaşları Rusiyanın 20 Yanvar faciəsi, Xocalı soyqırımının törədilməsində iştirakını, torpaqlarımızın işğalı və 30 ilə yaxın işğal altında saxlanmasının arxasında dayandığını unutmayıb. Hazırda torpaqlarımızın işğalına son qoyulmasını və Ermənistanla sülh müqaviləsinin imzalanmasını həzm edə bilməyən Rusiya Azərbaycana məxsus təyyarənin vurulmasını, azərbaycanlılara qarşı ayrıseçkilik siyasətini aparmaqla özünün bütün hiddətini və iç üzünü açıb göstərir". 

M.Rəhimli bəyan edib ki, Ukrayna cəbhəsində apardığı müharibədə kifayət qədər itkilərə məruz qalan Rusiyanın öz qonşuları, xüsusilə də, Azərbaycanla münasibətlərinin pozulmasına yönələn bu cür hərəkətləri ona fayda verə bilməz: 

"Rusiya, nəhayət anlamalıdır ki, müasir dünyada orta əsrlərə məxsus zorakılığa, quldurluğa söykənən davranış və münasibətlər sistemi ona yeni bədbəxtliklər gətirir. Buna görə də, soydaşlarımıza qarşı törətdiyi, sivil dövlət anlayışı ilə bir araya sığmayan hərəkətləri birdəfəlik dayandırmalı, günahkarları cəzalandırmalı və zərərçəkənlərə dəymiş bütün maddi və mənəvi zərərin qarşılanmasını təmin etməlidir".
Chosen
40
6
sherg.az

10Sources