EN

64 məktəb bağlandı - əsl səbəb nədir?..


Kamran Əsədov: “Təhsil sadəcə bina deyil, gələcəyin təminatıdır, o bağlanarsa, sabah da zəifləyər”

Azərbaycanda məktəblərin sayı azalıb. Rəsmi statistikaya görə, 2023-2024-cü tədris ilinin əvvəlində ölkədə 4 388 məktəb fəaliyyət göstərirdisə, 2024-2025-ci ildə bu göstərici 4 324-ə bərabər olub. Bir il ərzində ölkədə olan məktəblərin sayı 64 ədəd azalıb.

Bəzi bölgələrdə məktəblərin fəaliyyətinin dayandırılması daha çox müşahidə olunub. Lerik rayonunda doqquz, Ağsu rayonunda səkkiz, Quba rayonunda yeddi məktəb bağlanıb. Füzuli, Qax, Yardımlı və Ağdaş rayonlarında dörd, Şamaxı, Şəmkir və Balakən rayonlarının hər birində üç məktəb fəaliyyətini dayandırıb. Məktəblərin bağlanmasının əksəriyyəti ibtidai təhsil pilləsində baş verib. Əgər 2023-2024-cü tədris ilində ölkə üzrə 292 ibtidai məktəb fəaliyyət göstərirdisə, bu il onların sayı 245-ə enib. Cəmi bir il ərzində 47 ibtidai məktəb fəaliyyətini dayandırıb.

Maraqlıdır, il ırzindı 64 məktəb niyə bağlanıb?

“Əhalisi azalan kəndlərdə yalnız yaşlı nəslin qalması, məktəb yaşlı uşaqların olmaması ümumtəhsil müəssisələrinin fəaliyyətini dayandırmasına səbəb olur”

Təhsil eksperti Kamran Əsədov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Azərbaycanda məktəblərin sayının azalması tendensiyası son illər daha qabarıq şəkildə müşahidə olunmaqdadır. 2023–2024-cü tədris ilində ölkədə fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin sayı 4 388 idisə, 2024–2025-ci tədris ilinin əvvəlinə bu rəqəm 4 324-ə düşüb. Bu isə cəmi bir il ərzində 64 məktəbin ya bağlanması, ya da digər məktəblərlə birləşdirilməsi deməkdir. Bu azalma təkcə statistik meyl deyil, eyni zamanda sosial və demoqrafik gerçəkliklərin təhsil sisteminə birbaşa təsirini əks etdirir: “Məsələ tək məktəblərin fiziki olaraq bağlanması ilə deyil, onun arxasında dayanan səbəblər və bu bağlanmaların gələcək nəsillərə təsiri ilə ölçülməlidir. Əsas səbəblərdən biri kənd və ucqar ərazilərdə şagird sayının kəskin azalmasıdır. Dövlət Statistika Komitəsinin məlumatlarına görə, 2010-cu ildən bu yana Azərbaycanın bir çox rayonlarında, xüsusilə dağlıq və sərhəd bölgələrində doğum göstəriciləri 15–20% azalmaqla bərabər, məktəb yaşlı uşaqların sayı da paralel şəkildə azalıb. Bu isə siniflərin komplektləşdirilməsini çətinləşdirir və nəticədə bəzi məktəblər təkcə 1–2 şagirdin olduğu siniflərlə fəaliyyət göstərmək məcburiyyətində qalır. Bu tip hallar dövlət üçün həm maddi, həm də pedaqoji baxımdan səmərəsiz sayıldığından bu məktəblər ya bağlanır, ya da daha iri təhsil mərkəzlərinə birləşdirilir. Digər mühüm faktor isə daxili və xarici miqrasiyadır. Kəndlərdən şəhərlərə, rayonlardan Bakıya və digər iri şəhərlərə köç tendensiyası məktəblərin sayına birbaşa təsir göstərir. Valideynlərin daha yaxşı iqtisadi və sosial şərait axtarışı ilə urbanizasiya sürətlənir, nəticədə kəndlərdə şagird sayı minimuma enir. Məsələn, Tovuz, Gədəbəy, Lerik və Yardımlı kimi bölgələrdə artıq məktəblərin bağlanması halları sistematik xarakter alıb. Əhalisi azalan kəndlərdə yalnız yaşlı nəslin qalması, məktəb yaşlı uşaqların olmaması ümumtəhsil müəssisələrinin fəaliyyətini dayandırmasına səbəb olur.

Digər bir amil isə Təhsil Nazirliyinin həyata keçirdiyi struktur islahatları çərçivəsində məktəblərin “resurs məktəbləri” adı altında birləşdirilməsi və optimallaşdırılması siyasətidir. Bu zaman eyni regionda yerləşən bir neçə azşagirdli məktəb ləğv olunur və şagirdlər daşımalı təhsil prinsipi ilə mərkəzləşdirilmiş məktəblərə yönləndirilir. Həmin məktəblər adətən maddi-texniki baxımdan daha yaxşı təchiz olunmuş, ixtisaslı müəllimlərlə təmin olunmuş olur. Bu proses təhsilin keyfiyyətinin artırılması məqsədi daşısa da, bəzi hallarda nəqliyyat, yol şəraiti, şagirdin gündəlik yol məsafəsi və psixoloji uyğunlaşma baxımından mənfi təsir göstərir. Bu vəziyyət xüsusilə azyaşlı şagirdlər üçün risqlidir.

Təhsil Haqqında Qanunun 7.1-ci maddəsinə əsasən, hər bir Azərbaycan vətəndaşı yaşadığı yerdən asılı olmayaraq ümumi təhsil almaq hüququna malikdir. Bu hüququn təmin olunması üçün dövlət müvafiq infrastruktur yaratmalı, xüsusilə ucqar kəndlərdə təhsilə çıxışı qoruyub saxlamalıdır. Lakin məktəblərin bağlanması ilə bu hüququn reallaşdırılması daha da çətinləşir. Qanunvericilik prinsip baxımından bu hüququ təmin etsə də, faktiki olaraq təhsil infrastrukturunun daralması bu hüququn reallaşmasına maneə yaradır. Məktəblərin bağlanması həm də müəllimlərin kütləvi şəkildə iş yeri itirməsi ilə müşayiət olunur. Əgər bir kənddə məktəb bağlanırsa, orada çalışan müəllimlərin işlə təminatı ya qeyri-müəyyən olur, ya da onlar uzaq məsafələrə ezam olunurlar. Bu isə pedaqoji heyətin motivasiyasını aşağı salır, bəzən peşədən uzaqlaşma ilə nəticələnir. Bu tendensiya davamlı hal alarsa, gələcəkdə kənd məktəblərində müəllim çatışmazlığı daha da dərinləşəcək.

Bütün bunlarla yanaşı, məktəb sayının azalmasının müsbət tərəfi də qeyd edilməlidir. Kiçik və infrastruktursuz məktəblərin daha yaxşı təmin olunmuş təhsil müəssisələrinə birləşdirilməsi ilə təhsilin keyfiyyətində yüksəliş müşahidə edilə bilər. Resurs məktəblərində daha ixtisaslı müəllimlərin cəlb olunması, fənn kabinələrinin mövcudluğu, laboratoriyaların istifadəsi və texnoloji baza imkan verir ki, şagird daha yüksək səviyyədə təhsil alsın. Lakin bu üstünlüklər yalnız nəqliyyat, təhlükəsizlik və sosial uyğunlaşma problemi olmadan tətbiq edildikdə faydalı olur”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, dünya təcrübəsində məktəb sayının azalması təkcə Azərbaycanla məhdudlaşmır: “Məsələn, Norveç, İsveç və Finlandiya kimi ölkələrdə kənd məktəblərinin bağlanması və mərkəzləşdirilmiş təhsil formaları geniş tətbiq edilir. Amma bu ölkələrdə bu proses mobil müəllim proqramları, distant təhsil texnologiyaları və dövlət nəqliyyatı ilə kompensasiya olunur. Azərbaycanda isə bu alternativlər ya yoxdur, ya da çox zəif inkişaf edib. Məsələn, distant təhsil imkanları kağız üzərində olsa da, praktikada bölgələrdə internetin sürəti, texniki təchizat və müəllim hazırlığı bu sistemin effektiv tətbiqinə imkan vermir. Məktəb bağlanmalarının qarşısını almaq və ya minimuma endirmək üçün dövlət yalnız struktur islahatı deyil, əhalinin bölgələr üzrə balanslı yerləşməsini təmin edən sosial-iqtisadi siyasət yürütməlidir. Gənc ailələrin kənddə yaşamasını stimullaşdırmaq, kənddə məşğulluğu artırmaq, müəllimlərə kənd məktəblərində işlədikləri üçün əlavə imtiyazlar (məsələn, mənzil, maaş əlavəsi, sosial paket) təqdim etmək lazımdır. Eyni zamanda, rəqəmsal infrastruktur genişləndirilməli, ucqar məktəblərə distant və hibrid tədris modelləri tətbiq edilməlidir.

Əgər bu tədbirlər həyata keçirilməzsə, növbəti illərdə məktəb sayı daha da azalacaq, bu isə təhsilin coğrafi qeyri-bərabərliyinə, sosial təbəqələşməyə və regionların intellektual potensialının zəifləməsinə səbəb olacaq. Təhsil sadəcə bina deyil, gələcəyin təminatıdır. O bağlanarsa, sabah da zəifləyər”.

Günel CƏLİLOVA

Chosen
57
50
baki-xeber.com

10Sources