Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Regional Sosial-İqtisadi İnkişaf üzrə Maarifləndirmə” İctimai Birliyi tərəfindən “Dəyişən sosial və iqtisadi mühitdə qadınların müdafiəsi” adlı layihə çərçivəsində Xaçmaz şəhərində maarifləndirici tədbir təşkil olunub.
Azadmedia.az QHT.az-a istinadla xəbər verir ki, bu barədə Regional Sosial-İqtisadi İnkişaf üzrə Maarifləndirmə İctimai Birliyinin sədri Elnarə Məhərrəmova məlumat verib. Onun sözlərinə görə, tədbirdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Xaçmaz şəhər üzrə nümayəndəsi Rahil Qurbanov, eləcə də rayon ərazisində məskunlaşmış qaçqın və məcburi köçkün qadınlar, şəhid ailələrinin üzvləri iştirak ediblər.
Tədbir şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Açılış nitqi ilə çıxış edən layihə rəhbəri, İctimai Birliyin sədri Elnarə Məhərrəmova layihənin məqsədi və əhəmiyyəti barədə geniş məlumat verib. Onun sözlərinə görə, layihə qadınların sosial və iqtisadi həyatda fəal iştirakına, ailə institutunun gücləndirilməsi, qadınların məşğulluq və sahibkarlıq imkanlarının artırılması, ailə gəlirlərinin şaxələndirilməsi və xüsusilə də məcburi köçkün qadınların cəmiyyətə inteqrasiyasına töhfə verməyi hədəfləyir.
Elnarə Məhərrəmova çıxışında qeyd edib ki, layihə çərçivəsində aparılan sorğular və təhlillər əsasında hazırlanacaq təkliflər aidiyyəti dövlət qurumlarına təqdim olunacaq.
Tədbirin eksperti Rəşad Həsənov sahibkarlıq mühitində qadınların roluna toxunaraq, onların iqtisadi fəaliyyətə cəlb olunmasının strateji əhəmiyyətini vurğulayıb. O, yerli istehsalın üstünlükləri, dövlətin dəstək mexanizmləri, güzəştli kreditlər və vergitutma sahəsində mövcud imkanlar barədə ətraflı məlumat verib.
Daha sonra çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndəsi Rahil Qurbanov Xaçmazda fəaliyyət göstərən sahibkarlara göstərilən dövlət dəstəyi, xüsusilə sənədləşmə problemlərinin aradan qaldırılması və güzəştli kredit mexanizmləri barədə danışıb. O qeyd edib ki, “Bildiriş mexanizmi” çərçivəsində Xaçmaz rayonu üzrə sahibkarlara artıq yarım milyon manatdan çox maliyyə dəstəyi göstərilib.
Tədbirdə KOBİA-nın nümayəndələri, yerli sahibkar qadınlar, qaçqın və məcburi köçkün icmalarının üzvləri, şəhid ailələrinin nümayəndələri iştirak ediblər.
Sonda layihə rəhbəri Elnarə Məhərrəmova layihənin donor təşkilatı olan Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, tədbirin təşkilinə dəstək göstərən Xaçmaz KOB evinin rəhbəri Azər Pənahova və bütün iştirakçılara təşəkkürünü bildirib.
Fotolar