EN

Ermənilərin Azərbaycanda özlərinə qarşı törətdikləri hərbi cinayətlərə Ermənistanda baxılırdı

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma kimi çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası iyunun 30-da davam etdirilib.

Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında əvvəlcə təqsirləndirilən şəxs Arayik Harutyunyana öz müdafiəçisi tərəfindən suallar ünvanlanıb. A.Harutyunyan suallara cavabında Azərbaycanın vaxtilə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilərində yaradılmış qondarma qurumun “müdafiə naziri”nə 2020-ci ildə general-leytenant rütbəsinin Ermənistan prezidenti tərəfindən verildiyini deyib. O, qondarma rejimin “ordusu”nda (Ermənistan Respublikası silahlı qüvvələrinin silahlı birləşməsi nəzərdə tutulur – red.) belə bir qərar vermək səlahiyyətinin olmadığını deyib.

Təqsirləndirilən şəxs hərbi cinayətlərə baxılması üçün qondarma qurumun “hərbi polisi”nin, “hərbi prokurorluğu”nun və “hərbi məhkəməsi”nin olmadığını da söyləyib. Müdafiə tərəfinin digər vəkili A.Harutyunyandan qondarma rejimin “rəhbəri” kimi onun tabeliyində hərbi bölmə, manqa və s. olub-olmadığını soruşub. Təqsirləndirilən şəxs isə onun tabeliyində yalnız “polis” və “milli təhlükəsizlik xidməti”nin olduğunu söyləyib. Vəkilin “İstənilən hərbi birləşmə Ermənistan ordusunun tərkib hissəsi idi?” sualına isə “Bəli” cavabını verib.

Daha sonra təqsirləndirilən şəxs Arkadi Qukasyan Baş Prokurorluğun dövlət ittihamçısı Fuad Musayevin suallarına cavabında qondarma rejimin “rəhbəri” olduğu dövrlərdə orada kənd təsərrüfatı və sənaye sahəsində xırda şirkətlərin mövcud olduğunu bildirib, həmçinin nəhəng “Base Metals” şirkətinin fəaliyyəti barədə danışıb. A.Qukasyan “Base Metals” şirkətinin həmin vaxt Ermənistanın işğalı altında olan Azərbaycanın suveren ərazilərində 2001-ci, yaxud 2002-ci ildən fəaliyyətə başladığını, 2012-ci ilədək Heyvalı yatağından mis çıxardığını söyləyib.  A.Qukasyan əldə olunan misin Ermənistana aparıldığını da qeyd edib. Təqsirləndirilən şəxs 2012-ci ildə Heyvalı yatağında misin bitdiyini, lakin şirkətin bu və digər istiqamətlərdə fəaliyyətini davam etdirdiyini deyib.

A.Qukasyan isveçrəəsilli erməni iş adamı Vartan Srmakeşin qondarma rejimin ərazisindəki fəaliyyəti barədə də danışıb. Təqsirləndirilən şəxs qondarma rejimin mobil operatoru - “Karabax Telekom”un fəaliyyətindən bəhs edərkən deyib ki, onun sahibi Livan ermənisi idi. O, 2020-ci ildə Bako Sahakyanla birlikdə Arayik Harutyunyanla bunkerdə görüşdüyünü də söyləyib:  “Arayik Harutyunyan dedi Ermənistanın rəhbərliyinə çatdırmalısınız və xahiş etməlisiniz ki, əlindən gələn hər şeyi etsin ki, bu müharibəni dayandırsın. Bu, təkcə Arayik Harutyunyanın xahişi deyildi, bir çox adamlar yaxınlaşıb bizdən xahiş edirdi”.

Təqsirləndirilən şəxs oktyabrın 18-20-də B.Sahakyanla birlikdə İrəvana gedərək baş nazir Nikol Paşinyanla görüşdüyünü, ona xahişi çatdırdıqlarını deyib: “Ondan xahiş etdik ki, əlindən gələni etsin ki, bu müharibəni dayandırsın”.

Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin suallarını cavablandıran A.Qukasyan qondarma rejimin “rəhbəri” qismində “Hayastan” ümumerməni fondunun (həmin fond 1992-ci ildə Ermənistan prezidenti Levon Ter-Petrosyanın fərmanı ilə yaradılıb – red.) Himayəçilər Şurasının üzvü olduğunu bildirib. O əlavə edib ki, fondun Himayəçilər Şurası arasında Ermənistan prezidenti, baş naziri, parlament sədri, maliyyə naziri, iki katolikos, tanınmış erməni diaspor təşkilatlarının rəhbərləri və s. şəxslər (ümumilikdə 30-40 nəfər) olub. O, fondun Azərbaycanın vaxtilə Ermənistanın işğalı altında olan ərazilərində gördüyü işlərdən də danışıb. Bu sıraya Ermənistanla qondarma rejimi birləşdirən yolun çəkilməsi, məktəblərin tikilməsi və s. daxildir. 

A.Qukasyanın Azərbaycan ərazilərində 2001-ci ildə məskunlaşma ilə bağlı onillik strateji planın qəbul edildiyini təsdiqləyib. Lakin iddia edib ki, bu qərar qondarma rejimin ərazisindən gedənlərin geri qaytarılması məqsədilə qəbul olunub. Bununla yanaşı, etiraf edib ki, qondarma rejimin ərazisinə Ermənistandan daimi yaşamaq üçün gələnlər olub. Onun mənzilinə baxış zamanı aşkarlanmış erməni dilində olan sənəd - Azərbaycanın vaxtilə Ermənistanın işğalı altında olan ərazilərində məskunlaşma ilə bağlı xəritə məhkəmədə tədqiq edilib. Burada müxtəlif ərazilər və ailələrin, sakinlərin sayları göstərilib.

A.Qukasyan prokurorun suallarını cavablandırarkən belə bir sənədi xatırlamadığını deyib və əlavə edib: “Bu, mənim dövrümə aid sənəd deyil. Ola bilsin 2015-2016-cı illərə aid olan sənəddir”.

Məhkəmə prosesi iyulun 3-də davam etdiriləcək.

XQ

 

Chosen
5
28
xalqqazeti.az

10Sources