EN

Azərbaycanşünaslığı türkşünaslığa qovuşduran fundamental əsər

Akademik Nizami Cəfərovun tarixi zamanın geniş arealında Azərbaycanda milli dövlətçilik təfəkkürünün, türk dünyasında isə türkçülük düşüncəsinin formalaşmasına, eyni zamanda, bu iki xəttin paralelləşərək – vəhdətlənməsinə dair irəli sürdüyü qənaətlər, gəldiyi nəticələr elmi-nəzəri ümumiləşdirmə tutarı ilə birgə, mühüm ideoloji-siyasi əhəmiyyət daşıyır . 

Görkəmli azərbaycanşünas türkoloq min səhifəlik “Azərbaycanşünaslıqdan türkşünaslığa” adlı son monumental kitabında “hər bir xalqın ən böyük əsəri onun müstəqil dövlətidir – bu və ya digər dərəcədə müstəqil dövləti (və milli dövlətçilik təfəkkürü!) olmayan xalq özünü – yaradıcılıq potensialını tam gücü ilə, bilavasitə ifadə etmək imkanlarından məhrumdur” – başlıca tezisi ilə Azərbaycanda etnokulturoloji özünüdərkdən milli-siyasi özünütəsdiqə – yəni dövlət yaratmağa doğru gedən tarixi prosesləri araşdırır. 

Azərbaycanın, eləcə də türk dünyasının sayılan bilgini Nizami Cəfərov yüksək səviyyəli elmi araşdırmalar aparılmasının bacarıqlı təşkilatçısı olmaqla yanaşı, humanitar elmlərin ortaq metodoloji kompleksini yarada bilən və daha çox bu müstəvidə tədqiqatlar aparan ensiklopedik qabiliyyətə malik bir alim kimi də həm Azərbaycan, həm Türkiyə, həm də digər türk respublikalarında nüfuza, mötəbər sayğıya malikdir. 

Azərbaycanşünaslıq çağdaş elmimizin ana xətti kimi, təbii ki, belə bir alicənab türkün geniş qəlbindən dərilə bilərdi – akademik Nizami Cəfərovun. “Azərbaycanşünaslıqdan türkşünaslığa” – alimin “epik” fəaliyyətinin ən fundamental bəhrəsi, onun çoxillik gərgin elmi yaradıcılıq axtarışlarının, mənim fikrimcə, birinci mərhələsinin yekun əsəridir. Azərbaycanşünaslıq – bu əsərlə dünya miqyasına tam rasional dəyərində, ölkəmizin simasını tanıdan, onun tarixini və perspektivlərini gerçək anladan ən etibarlı qaynaq statusundan çıxmaq imkanı qazanır.

Akademik azərbaycanşünaslığın konseptual ideyasını belə müəyyən edir: “Azərbaycanşünaslıq yalnız elmi-nəzəri, yaxud akademik bir sistem deyil, həm də get-gedə daha geniş yayılmaqda, Azərbaycan Respublikasının dövlət siyasətinə, dünyanın müxtəlif ölkələrində, təxminən, 500 min kv. km-lik ərazisi olan tarixi Azərbaycanda məskunlaşmış azərbaycanlıların dünyagörüşünə çevrilməkdə olan ideologiyanın elmi-metodoloji əsasıdır”. Nizami Cəfərovun azərbaycanşünaslığında Azərbaycan humanitariyasının fakt, nəticə və müddəaları təbii orqanikasında, bu elmin özünün fakt, nəticə və müddəalarının, onların ümumiləşdirilməsinin özülü şəklində meydana çıxır. 

Akademik Nizami Cəfərovun “Azərbaycanşünaslıqdan türkşünaslığa” adlı kitabı “Etnos”, “Dil”, “Epos”, “Din”, “Ədəbiyyat” kimi bir-birini tamamlayan və ümumtürk–Azərbaycan mədəniyyətinin, demək olar ki, bütün inkişaf tarixini onun ən aktual problemlərini qaldırmaqla təhlildən keçirən 5 böyük bölümdən ibarətdir: 

– Kitabda həm qədim, həm də müasir türklərin, eyni zamanda, Azərbaycan türklərinin etnogenezisindən onların yaratdığı mədəniyyətin tipologiyasına qədər zəngin fenomenal hadisələr və ona dürlü yanaşmalar elmi analizdən keçirilir, Azərbaycan ədəbiyyatı tarixinin, Azərbaycan mədəniyyətinin diferensiasiyası və inteqrasiya problemlərinə, milli-tarixi özünüdərketmənin məntiqinə yeni baxış təqdim edilir; 

– qədim dövrdən orta əsrlərədək olan bir dövrdə türk dünyasının diferensiasiyası, Azərbaycanın etnokulturoloji coğrafiyasının müəyyənləşməsi – Azərbaycanın türkləşməsi, Azərbaycan xalqının təşəkkülü, Azərbaycan türkcəsinin formalaşması, ümumtürk ədəbi dilinin təşəkkülü, təkamülü və tənəzzülü, qədim (ümumtürk) eposundan orta əsrlər türk-oğuz eposuna, Tanrıçılıqdan İslama keçid mərhələləri, Dədə Qorquddan Nizamiyə, Nizamidən Nəsimi və Füzuliyə doğru ədəbi-bədii, fəlsəfi-estetik düşüncənin gəlişməsi araşdırılır;

– orta əsrlərdən yeni dövrə qədərki çağda Azərbaycan intibahının meydana çıxması, bu prosesdə müştərək Azərbaycan superetnosunun təşəkkülü, türk-oğuz eposundan Azərbaycan eposuna keçidin tipologiyası, Azərbaycan türkcəsinin milliləşməsi, Azərbaycan ədəbi dilində funksional üslubların təşəkkülü sürəcləri tədqiq edilir; yeni dövrdən ən yeni dövrə qədərki bir mərhələdə milli mədəniyyətimizin müasirləşməsi, Azərbaycanda milli dövlətçilik təfəkkürünün formalaşması və onun ideoloji əsasları, çağdaş Azərbaycan mədəniyyətindəki tendensiyalar və onların perspektivləri, Quzey və Güney Azərbaycanda ədəbi, bədii dilin funksional mahiyyəti, milli düşüncə hərəkatı incələnir. 

Bütün tədqiqat boyu aparılan analitik araşdırmalar bütövlükdə tarixi varlığımızın, milli düşüncə və mədəniyyətimizin qanunauyğunluqlarını təsbit edib sistemləşdirən ümumiləşdirmələrlə yekunlaşır. Qədim türk kökündən müasir Azərbaycana gəlincə, Vətənimizi tarixi-kulturoloji tamlığında duymaq və dərk etmək, Vətənimizin tarixi həyatının inkişaf dialektikasını duymaq və dərk etmək mümkün olur. 

Türkologiyada, mədəniyyətşünaslıqda və digər müvafiq humanitar elmlərdə çoxlu dəyərli səylər olsa da, müəyyən elmi nəticələr əldə edilsə də, tam səmimiyyətlə demək olar ki, türk (Azərbaycan) tarixi-etnokulturoloji prosesləri indiyədək bu qədər mükəmməl elmi əsaslarda və təmiz türk qəlbi, türk zəkası ilə araşdırılmayıb, sistemləşdirilməyib, konseptual şəkildə nəticələndirilməyib.

Xüsusilə Azərbaycandakı etnogenetik və etnokulturoloji proseslərin, Azərbaycanın etnocoğrafiyasının genəlib daralmasının, tarixi Azərbaycanda dövlətlərin mənşəyinin şərh edilməsində iki zidd ifrat meyil bu kardinal problemlərin düzgün elmi əsaslarla öyrənilməsinə mane olub ki, həmin ifrat meyillərin tənqid edilməsi və problemin düzgün qoyuluşu Nizami Cəfərovun metodoloji konsepsiyasında mühüm yer tutur. 

Türk dünyasının humanist xarakterinin dünya üçün nə demək olduğunu tədqiqatında yeri gəldikcə qabardan Nizami Cəfərov ümumtürk tarixini, bu tarix içrə Azərbaycan tarixini ənənəvi olaraq müharibələr, dinastiyalar və onların “mexaniki” əvəzlənmələri tarixi kimi yox, mədəniyyət tarixi, canlı dilə söykənən mənəviyyat tarixi, düşüncə, yaşantı və ruhu ilə birlikdə soy tarixi kimi araşdırır. 

Türk ruhunun tükənməz potensiyasını çağ-çağ zühur etdirən söykək təməllərə – türk abidələrinə (zərif və möhtəşəm, döyüşkən və sülhsevər, müdrik və körpə kimi saf!) istinad edir. Azərbaycan və onun ətrafında gedən mürəkkəb tarixi prosesləri, mədəniyyət hərəkatlarını, ideologiya və dünyagörüşü dəyişmələrini – Azərbaycanın öz etnik-tarixi coğrafiyası konsepsiyasından çıxış edərək hərtərəfli araşdırmaya çəkir.

Ümumiyyətlə, akademikin çoxspektrli tədqiqat metodologiyasının əsas tədqiqat obyekti tarixi düşüncə və tarixi yaddaşın təməl daşı – dil və eposdur. Özü də alim həndəvəri ilə Azərbaycan tarixinin keçdiyi yolu həm tarixin öz məntiqi, həm də bu günün məntiqi ilə açıqlayır. Bu harmoniyadan da fakt çoxtərəfli sınanışlarında açılır. İdeolojiləşdirilmiş sovet tarixşünaslığında isə məhz bu çatmırdı. 

Nizami Cəfərov Azərbaycan kulturologiyasının mühüm bir problemi kimi – İntibah problemini yenidən qaldırır. Ancaq bu dəfə başqa cür. Azərbaycanşünas alim 70-ci illərin sonu, 80-ci illərin əvvəllərində bu problem üzrə aparılan tədqiqatlardakı bütün səmərəli nəticələri qiymətləndirsə də, İntibah üçün seçilən dövrün (XI-XII əsrlər) düzgün müəyyənləşdirilmədiyi qənaətindədir. Ona görə ki, “XI-XII əsrlər Azərbaycan mədəniyyəti tipoloji baxımdan ümumşərq mədəniyyətinin tərkib hissəsi idi”. Bu dövrün klassik ruhu ərəb, fars dilləri üzərində, ümumşərq estetikası özülündə köklənmişdi. İntibah isə – bütün tərəflərilə sırf milli mədəniyyət hadisəsi, onun ən yüksək səviyyəyə qalxması deməkdir. 

XXI əsrin əvvəllərindən türk dünyasının tarixi taleyində onu labüd birliyə doğru aparan çox əhəmiyyətli dəyişikliklər, gələcəyə perspektiv açan hadisələr baş verib: Türk Dövlətləri Parlament Assambleyası (2008), Türk Dövlətləri Təşkilatı (2009) yaranıb və bu illər boyunca türk birliyi mühüm təsisatlanma proseslərini keçərək, Avrasiyanın türk geopolitik tarixini başladan daha məsuliyyətli və konstruktiv bir mərhələyə qədəm qoyub. Akademik Nizami Cəfərovun elmi yaradıcılığının ən qabarıq cəhəti də bundan ibarətdir ki, ümumtürk siyasəti və mədəniyyətinin bütün bu inkişaf dinamikası həmin yaradıcılıqda özünün dərin elmi təhlillərini tapıb. 

Alimin son illər çap etdirdiyi kitab və məqalələrində Azərbaycan və türk dünyasının tarixi (və tarixşünaslığı), ədəbiyyatı (və ədəbiyyatşünaslığı), mədəniyyəti (və mədəniyyətşünaslığı) məhz türk dünyası birliyinin maraqları baxımından, həm də əsasən, “türkşünaslıq orbitində” – müasir humanitar elmlərin zəruri optik konsentrasiyası müstəvisində onların universal metodologiyası nöqteyi-nəzərindən öyrənilir və dəyərləndirilir. 

Bu gün öz milli mədəniyyət və dövlətçilik tarixinə dərindən bələd olmaq istəyən hər bir azərbaycanlı Nizami Cəfərovun möhtəşəm türk kökünün elmi-nəzəri, tarixi-kulturoloji epopeyasından yetərincə zəngin bilik əldə edə bilər! Vətənpərvər azərbaycanlı üçün, həqiqətən, bu tədqiqatların misli-bərabəri yoxdur. Bunlar onu qanadlandıracaq, tarixi biliyini möhkəmləndirib, yanıltmalardan təmizləyib, onu daha təməlli, daha güvəncli edəcək. Tərəddüdlərdən arınmış milli təfəkkürün tarixi realizmi məhz belə formalaşır.

Rahid ULUSEL, 
fəlsəfə elmləri doktoru, professor, Fəlsəfə Cəmiyyətləri Beynəlxalq Federasiyasının üzvü 

 

Chosen
15
xalqqazeti.az

1Sources